Putin SSRİ-ni bərpa etmək üçün hərəkətə keçdi… - “İTTİFAQ DÖVLƏTİ”NİN YARADILMASI HAQDA ANLAŞMANIN ŞOK DETALLARI…

Baxış sayı:
1587

Dünən - 4 noyabr tarixində Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko İttifaq Dövlətinin inteqrasiyası haqda dekret imzaladılar. Yəni de-fakto İttifaq Dövlətinin de-yure ittifaq halına gətirilməsini hüquqi olaraq təsdiqlədilər.

Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, dekret sentyabrda təsdiq edilmiş 28 ittifaq proqramını, həmçinin 2021-2023-cü illər üçün İttifaq Dövlətinin yaradılması haqqında Müqavilənin müddəalarının həyata keçirilməsinin əsas istiqamətlərini təsdiq edir.

Görünür, 2023-cü illə bağlı hədəf yalnız Türkiyə üçün mövcud deyil. Rusiya da tələm-tələsik post-sovet ölkələrini SSRİ çətiri altına qaytarmaq üçün qollarını çirmələdi. Amma kimin xeyir-duası ilə - Vaşinqtonun. Vaşinqton Moskvanın Çini savaşa çəkməsi üçün bonus olaraq Rusiyanı gücləndirməlidir. Üzdə sıravi insanlara özlərini fərqli donda göstərən, əslində isə "danışılmışı oyun" oynayan bu iki dövlətin pərdə arxasında sövdələşdiyi aşkardır. Əlbəttə, bu sövdələşmə həm də Türkiyəyə qarşı Balkanlarda cəbhə açılmasını nəzərdə tutur. Hazırda 1992-95-ci illərdə qığılcımları öləzimiş Bosniya-Serbiya müharibəsinin yenidən alovalandırılmasında da eynilə Rusiya-Türkiyə qarşıdurmasının yeni cinahının yaradılması gündəmdədir. Balkanlarda bu müharibənin qığılcımlarının yenidən közərdilməsində Türkiyəyə qarşı açılması planlanan savaşa başqa yazımızda toxunacağıq.

İlk öncə onu deyək ki, prezident Putin “Xalq birliyi” günü münasibətilə Sevastopola gələrək Rusiyada vətəndaş müharibəsinə həsr olunan abidənin önünə əklil qoymaqla, indi çox dəbdə olan simvolik mesajlarla öz ismaricını çatdırdı. Xatırladaq ki, SSRİ zamanında "sovet xalqı" və "sovet vətəndaşı" deyilən termin var idi. Vətəndaş müharibəsinin bitməsinə həsr olunmuş abidənin ziyarəti ilə Putin post-sovet məkanında da dövlətlərin bir-biri ilə qarşıdurmasının başa çatacağı mesajını vermis ola bilər. 4 noyabrda qeyd olunan “Xalq birliyi” gününün kökü 1612-ci ilə dayanır və məğzi "rus torpaqları"ndan xarici qüvvələrin qovulması, Rusiyanın müstəqil dövlət kimi dirçəlməsinindən ibarətdir.

Bu ziyarətin ardınca prezident Aleksandr Lukaşenko İttifaq Dövlətinin qurulmasının müzakirələri zamanı rusiyalı həmkarının onu Krıma aparacağını söz verdiyini, amma cümə axşamı günü Sevastopola gedərkən onu da götürmədiyi üçün şikayətləndi. Lukaşenko 2019-cu ilin sentyabrında Krım məsələsinin bağlandığını və Ukraynaya qayıtmayacağını bildirdi. 2020-ci ilin avqustunda Ukraynanı "2014-cü ildə Krım uğrunda müqavimət" göstərməməkdə suçladı. İttifaq Dövlətinə inteqrasiyanı imzasıyla təsdiqləməklə isə, elə Krımın da Rusiyanın tərkib hissəsini olmasını təsdiqləmiş oldu.

Son günlərdə Ukrayna ilə sərhəddə rus qoşunlarının toplanmasının müharibənin, daha doğrusu Rusiyanın Ukraynaya böyük miqyasda hərbi əməliyyata başlayacağının “ayaq səsləri” olduğu söylənilir. Nədənsə Putin-Lukaşenko birləşməsi ilə Ukrayna Ali Radasının erməni əsilli deputatının - Rusiyanın adamı olan Ukraynanın keçmiş DİN rəhbəri Avakovun qulbeçəsi Qeo Lerosun prezident Zelenskiyə qeyri-etik barmaq hərəkətini də "həqiqəti deməkdən qorxmamaq" kimi təqdim etməsi üst-üstə düşdü.

Yeri gəlmişkən, burada xatırladaq ki, Mixail Saakaşvili ilə Avakovun arasında kadrlara yansıyan intriqa mövcud idi. Ukraynanın rusyönümlü oliqarxlarının ciddi-cəhdlə "rus-gürcü arzusu"nun əlində girov saxlanılmaqda olan Saakaşvilinin gedişindən sonra Rusiyadan qidalanan erməni əsilli Ali Rada üzvləri prezident Zelenskini gözdən salmaqdadır. Maraqlıdır, görəsən Avakovun qulbeçəsi prezident Zelenskiyə "xain" damğası yapışdırmaq cəhdi ilə nəyin nəzərdə tutur? Ölkəni Rusiya orbitinə salmağa müqavilmət göstərməyi Ukraynanın maraqlarına xainlik hesab edir?

Aydın görünür ki, Gürcüstandakı seçkiləri saxtalaşdırmaqla yanaşı, Saakaşvilinin getməsi ilə də Ukraynada rusyönümlü xətti vurğulamağa çalışan Kreml rahat durmayacaq. Bəs, Rusiyanın Ukraynaya hikkə qarışıq ehtirası nədən qaynaqlanır?

Bəllidir ki, X əsrin sonunda - XI əsrin əvvəlində Kiyev Rus dövləti beynəlxalq arenaya Şərqi Avropanın ən güclü dövlətlərindən biri kimi çıxdı. Vladimir (978-1015) və onun oğlu Yaroslav Müdrik (1019-1054) dövründə o, ən yüksək zirvəyə çatdı və Kiyev - "Rus şəhərlərinin anası" - əsas ticarət, mədəniyyət, sənətkarlıq mərkəzinə çevrildi. Hazırkı Rusiyanın sonradan mənimsədiyi pravoslavlığın mərkəzi də "Kiyev Rus"undan gəlmədir, çünki rus tarixində də Kiyev - "Rus şəhərlərinin anası" hesab olunur. Yəni indiki Rusiya məkanının slavyanlıqla, rusluqla əlaqəsi yoxdur, çünki ora türk torpağıdır. Kiyevdə Ukrayna və sonradan Rusiya pravoslavlığının təşəkkül tapmasında simvol rolunu oynayan Müqəddəs Sofiya kilsəsi-məbədi mövcuddur. Neçə əsr idi ki, Kiyev Sofiya Kilsəsinin İstanbuldakı Ayasofiyaya bənzərliyi ilə bağlı müzakirələr gedirdi. Hətta Kiyev tarixçisi Zakrevski də "bütün mübahisələrə baxmayaraq Kiyev Sofiya məbədi bizim ən qiymətli sərvətimizdir, onun bizim olmasını unutmamalıyıq. Bu tikili əcdadlarımızın iman və vətənpərvərliyindən bizə qalmış mirasdır", - deyirdi. Sofiya kilsəsinin açılışı 1037-ci il 4 noyabrda əslən yunan-rum olan Kiyev mitropoliti Feopemtp tərəfindən edilib. 1051-ci ildə isə burada ilk rus mitropoliti İlarionun təqdisi baş tutub. Yəni idarəçilik o zamankı ruslara verilib. Beləlliklə, Putinin Ukraynanı ələ keçirməyə niyə bu qədər dəlicəsinə can atdığı məlum olur. Rusiya dünya xristianlığının bir qolu olan pravoslavlığın mərkəzi olmağa çalışır.

Bu yaxınlarda Konstantinopol patriarxı Varfolomeyin ABŞ səfəri də Rusiyaya bu yöndə "meydan oxumaq" cəhdi idi. Keçmiş sovet respublikalarının bir qismini MDB və KTMT kimi təşkilatlarda bir araya gətirən Kremlin növbəti açıq hədəfi Kiyevə yönəlib, Gürcüstanda isə seçkilərlə məsələni həll etmiş sayıla bilər. Bəs keçmiş SSRİ-ni "xortlatmaq" arzusunu ürəyində yaşadan Kremlin digər növbəti hədəfləri hansı ölkələr ola bilər? Bizim bu ittifaqa münasibətimiz necə olmalıdır?

300 ilə yaxın sürən rus işğalı Böyük Azərbaycanın çilik-çilik bölünməsinə gətirdi. İndi də "ağ, yumşaq tüklü mələk", ya da “Sibir ayısı” donuna girəb, xarabalıqlarından dirildilməyə çalışılan İttifaq Dövlətində bizim yerimiz yoxdur. Bizim üçün hədəf Zəfər Marşına dönmüş Xudayar segahında tərənnüm olunan Vətənin parçalarının Bütöv Azərbaycanda toplanmasıdır. Heç vaxt, heç bir şərtlə, heç bir şəraitdə bu ittfaq dövlətinə nəinki qoşulmağı, onun həndəvərinə yaxınlaşmağı da ağlımızdan keçirə bilmərik. Bizim öz projemiz, öz ideologiyamız, öz yolumuz var. Keçmiş SSRİ-nin xarabalıqları üzərində xortladılamğa çalışılan İttifaq Dövləti bizim üçün nə xilas, nə çıxış yolu ola bilməz. Hədəfimiz öncə Bütöv Azərbaycana addım-addım irəliləmək, Böyük Türk məkanına inteqrasiya olmalıdır. Rusiya adı altındakı türk torpaqlarına isə o vaxt inteqrasiya edə bilərik ki, orada Turan ruhu bərqərar olsun.

Qafqaz.media