QAİR-dən uğura döğru daha bir addım- müxtəlif ölkələrdə təmsilçilikləri açılır

Baxış sayı:
1852

 Qərbi Azərbaycan İrəvan Respubliası Məşvərət Məclisinin müxtəlif ölkələrdə  təmsilçilikləri olacaq. 
11 iyul 2020-ci il tarixində Qərbi Azərbaycan İrəvan Respubliası Millət Şurasının sədri Qafar Çaxmaqlının sədrliyi ilə  Sədarətin növbəti videokonfransı keçirilmişdir.  Qərbi Azərbaycan İrəvan Respubliası Mİllət Şurası Katibliyinin formalaşdırılması üçün departament rəhbərlərinin  fikir və təklifləri dinlənilmişdir. Katibliyə daha çox bu işdə səriştəsi və təcrübəsi olan şəxslərin  daxil edilməsi təkilifi irəli sürülmüş, yeni heyətin siyahısı təqdim edilmişdir. Katibliyi işlək bir mexanizmə çevirmək üçün qurumlararası koordinasyanın həyata keçirilməsi də xüsusi vurğulanmışdır. Beynəlxalq əlaqələr və xarici siyasət departamentinin direktoru  Qələndər Muxtarlının eyni zamanda Katibliyə rəhbərlik etməsi təklif olunmuş və qərarlaşdırılmışdır. Katibliyin yeni tərkibi ilə bağlı  fikir mübadiləsi aparlmış, namizədlər irəli sürülmüşdür. Qərara alınmışdır ki, Katibliyin əsasnaməsinə yenidən baxılsın, burada  strukturlaşma, bölgülər  aparılsın və yeni əsasnamə ilə birlikdə təsdiq edilməsi  üçün Millət Şurasına təqdim edilsin.
 Konfransda  dövlət atributlarının yaradılması işi ilə bağlı durum da dəyərləndirilmişdir. Respublikanın və İrəvan şəhərinin   gerb variantlarının müzakirə üçün  növbəti konfransa çıxarılması qərara alınmışdır. Dövlət himni ilə bağlı müsabiqə elan olunması və xüsusi komissiyanın yaradılması təklifi də iştirakçılar tərəfindən   müsbət qarşılanmışdır.
 Qərbi Azərbaycan mahalları və bu mahallara aid olan  yaşayış məskənlərini qeydiyyatı, əhalinin siyahıya alınması, pasportlaşdırılması  ilə bağlı aparılan çalışmalar təqdir edilmişdir.  Əli Vəliyevin rəhbərlik etdiyi bu fəaliyyətin bundan sonra  Millət Şurası nəzdində  yeni bir quruma çevrilməsi  qərarı verilmişdir. Millət Şurası tərkibində fəaliyyətdə olan Məşvərət Məclisinin növbəti  onlayn konfransının bir həftə sonra keçirilməsi qərar alınmışdır. Məşvərət Məclisinin genişlənməsi ilə əlaqədar müxtəlif ölkələrdə təmsilçiliklərin açılması qərarı verilmişdir.  Mustafa Mustafayev- Moskva ( Rusiya) və Vahid İmanov – Barselona (İspaniya ) təmsilçisi kimi təsdiq edilmişlər. Belçika, Niderland, Qazaxıstan, İngiltərə, Almaniya, Ukrayna və başqa ölkələrdə də Məşvərət Məclisinin təmsilçiliklərinin açılması fikri təqdirlə qarşılanmışdır.  
Millət Şurasının atacağı gələcək  addımlarla bağlı geniş müzakirələr olmuşdur.   
 
Qərbi Azərbaycan İrəvan Respublikası Mətbuat xidməti