Qazilərə qarşı dələduzluq edən şəxsi polis ölkədən qaçırıb - ŞOK

Baxış sayı:
2270

Piket keçirmək dələduzluqdan ağır cinayət sayılır
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev -116 saylı binanın qarşısında “Əlillər ticarət cərgəsi”ndəki köşkdə  xırda sahibkarlıqla məşğul olan Qarabağ qazilərinin Ərəstun adlı şəxs tərəfindən aldadılmasına 5 ildir hüquq qiyməti verilməsindən imtina edilir. Nizami RPİ-nin 24-cü polis bölməsi (PB) etibardan sui-istifadə etməklə  qazilərin köşklərini ələ keçirib başqasına icarəyə verən dələduzun əməlinin mülki xarakterli olduğunu bildirib və toplam 3 min manatlıq ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməyi şifahi şəkildə məsləhət görüb.
Qarabağ qazilərinin ali dövlət hakimiyyəti orqanlarına, baş prokurora,  daxili işlər nazirinə çoxsaylı şikayətlərindən sonra Nizami RPİ-dən 24-cü polis bölməsinə şikayətin operativ və obyektiv araşdırılması tapşırılıb. 24-cü PB-nin rəhbərliyi də öz növbəsində sahə müvəkkili Elçin İslamova qazilərə dəyən ziyanın ödənilməsini təmin etməyi tapşırıb. Zərərçəkənlərin işin istintaq-təhqiqat şöbəsində araşdırılmasını diləmələri sonuc verməyib və sahə müvəkkilinin qəbulunda olanda izahatlarının belə alınmaması müvəkkilin Ərəstunla dost olması və ziyanın ödəniləcəyi ilə izah edilib. Qazilərin yanında Ərəstun ilə telefonla danışan polis sahə müvəkkili bir neçə günə pulu qaytaracağına söz verib. Bir neçə gün bir neçə ilə dönüb və Nizami RPİ-nin rəis müavini Qarabağ qazilərinə Ərəstunun ölkədən qaçdığını və İnterpolun axtarışına verildiyini bir neçə il  bildirərək, ölkəyə ayaq basan kimi həbs ediləcəyi haqqında yalan məlumat verib. Məlumatın yalan olduğunu İnterpolun axtarışına verilmə barədə məhkəmə qərarının olmaması sübut edir. Heç demə, dələduzu ölkədən elə polisin özü qaçırıb! (?) 5 ildir Ombudsmana, ali dövlət hakimiyyəti orqanlarına, hüquq mühafizə orqanlarının başçılarına edilən şikayətlər , barəsində şikayət edilən 24 PB-yə göndərilir və heç bir tədbir görülmür . 3 il qabaq sahə müvəkkili Elçin İslamov Ombudsmana kommersiya sirri təşkil edən məlumatlarla əməlin mülki xarakterli olduğunu bildirib . Bəs İnterpolun axtarışı və s. barədə çoxillik nağıllar harda qaldı? Nizami polisi bu yalanın ifşa olunduğunu görüb, başqa yalana əl atıb. Guya 24-cü PB-nin naməlum təhqiqatçısı cinayət işinin başlanmasından imtina barədə qərar qəbul edib. Heç bir izahat alınmadan, dələduzun “İnterpolun axtarışında olduğu” zaman təhqiqatçı necə qərar qəbul edə bilər və edibsə , niyə vermir? Nizami prokurorluğu bəs nəyə nəzarət edir, ibtidai araşdırmaya prosessual rəhbərliyi necə həyata keçir(m)ir? Təbii ki, suallara cavab tapmaq mümkün olmayıb. Əvəzində sahə müvəkkili mülki qaydada məhkəməyə müraciət etməyi məsləhət görüb və təhqiqatçının qərarını özünün təqdim edəcəyini (?-M.B.) deyib. Sahə müvəkkilinin təhqiqatın OLMAYAN qərarını bir ildən sonra təqdim edəcəyinin Cinayət Prosessual Məcəlləyə zidd olduğunu vurğulayanda isə məhkəməyə müraciət etmək hüququ izah edilib. Qarabağ qaziləri belə də edərək sahə müvəkkilinə qarşı xüsusi ittiham qaydasında Nizami rayon məhkəməsinə müraciət ediblər. 2 ildir bu şikayətə də baxılmır. Maraqlıdır ki, hakim Nəriman Mehdiyev köhnə tarixə saxta qərarla xüsusi ittiham qaydasında şikayətə xitam verib , amma heç tərəflərin adlarını belə düzgün qeyd etmədiyi bu qərarını ilyarımdan sonra “tapa bilib”. Bakı Apellyasiya Məhkəməsi də hələ də şikayətə baxmayıb. Belə məhkəmə hüquq sistemi ilə Qarabağ qazilərinin hüquqları təmin olunar? Onu da vurğulayaq ki, qazilərin haqqını dələduzluqla yeyən Ərəstunun hazırda ölkədə olduğunu görənlər var. Yəqin elə polisin himayəsində gəzir. .QARABAĞ QAZİLƏRİNƏ 3 MİN MANAT ZİYAN VURULMASI DƏLƏDUZLUQ SAYILMIR! (?)
Polisin , prokurorluğun dələduzluq hallarını mülki xarakterli əməl sayıb, hərəkətsizlik etməsi, hətta hüquq,  qanun pozucularını müdafiə etməsi, konkret halda hətta ölkədən qaçırması ciddi rahatsızlıq doğurur və polisə,  hüquqa,  qanuna inamı puça çıxarır. Bəyəm polis,  prokurorluq bilmir ki,  əmlakı yalan vəd  , icarə haqqı verməklə ələ keçirib sərəncam hüququna yiyələnib başqasına icarəyə vermək dələduzluq cinayətidir? Bilmirlərsə, necə hüquq qoruya  edə bilərlər? Elə belə savadsızlıq, biliksizlik ölkədə dələduzluğun tüğyan etməsinə gətirib. İş o yerə çatıb ki, dələduzluqdan şikayət edənlər çaşıb qalmaqdadırlar  : dələduzlar- hüquq mühafizə orqanlarıdır, yoxsa hüquq mühafizə orqanları dələduzlardır ? Elə bu günlərdə Naxçıvanda baş verən dələduzluq faktına hüquqi qiymət verməkdən  polisin “mülki xarakterli” adı ilə imtina etməsi , prokurorluğun nəzarətsizliyi, məhkəmənin hakimiyyətsizliyi – gücsüzlüyü əhalinin hansı hüquqsuz durumda olduğunu ortaya qoyur. Dələduzluğa “mülki xarakterli” ad qoyub ,  razılaşdırılmış – razılaşdırılmamış piketlərdə, yürüşlərdə, mitinqlərdə yaraqlı-yasaqlı polislərin insanlara zor tətbiq etməsinə nə ad vermək olar? Evdən çölə çıxmaq dələduzluqdan daha ağır (mülki xarakterli ) cinayətdir?
Məğrur BƏDƏLSOY