Qondarma Milli Məclis, saxta hökumət, qəlp deputatlar - MƏĞRUR BƏDƏLSOY YAZIR

Baxış sayı:
8896

Qarabağ qazilərinə qarşı dövlətin qərəzli ayrı-seçkiliyi

Son çağların başlıca qonusunun “5-ci kolon” və saxta əlillərlə bağlı olduğunu vurğulamaqla “Amerika kəşf etmiş”  olmarıq , yəqin. Milli Məclis səviyyəsində sözügedən “kolon”un və saxtalığın ifşasına başlanılıb. Belədə deyiblər, öz gözündə tiri görmür, özgə gözündə tük axtarır. Kəsinliklə ayrı-ayrı şəxsləri sətiraltı hədəfə almağımı düşünənlər yanılırlar. Nədən Milli Məclisin tam tərkibdə “5-ci kolon” rolunu oynaması elə Qarabağ qazilərinə ilişgidə, qəbul etdiyi qanunlarda tam üzə çıxır.
Milli Elçibəy hakimiyyəti dönəmində əlillərin statusu “Əlillərin sosial müdafiəsi haqqında” 25.08.1992-ci il tarixli qanunla bəlirlənmişdi və bu qanun onlara geniş hüquqlar və imtiyazlar verirdi. Getdikcə, qanunun adı kimi hüquqların təminatı da çətinləşdi və faktiki olaraq icra olunmadı. Öncə ƏƏSMN-in Əlillərin sosial müdafiəsi fonduna təşkilati-hüquq formasından asılı olmayaraq bütün qurumların dövriyyəsinin bir faizi həcmində daxil olan vəsait hesabına əlillərin sosial müdafiəsi tədbirləri  (pis-yaxşı ) həyata keçirilirdi. İri dövlət şirkətləri - SOCAR, AZAL və digərləri “ərköyünlüklə” fonda borclarını ödəmədilər və hətta fondun tamam ləğv edilməsinə nail olaraq, fondu baş idarəyə çevirtdilər, sonda əlilləri tamamilə sosial müdafiədən məhrum etdilər. İndi əlillərin real müdafiəsi ilə bağlı adi bir şöbə belə yoxdur! Hətta 31.05.2018-ci ildə 26 il qüvvədə olan “Əlillərin sosial müdafiəsi haqqında” qanunun özü də ləğv olunaraq deklarativ xarakter daşıyan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun qəbul olundu və bu qanun məmurlara əlillərin heç bir hüquqlarının olmadığını iddia etməyə əsas verdi. Təhsil, maliyyə, hüquq qurumlarını bir qırağa qoyaq, əlillərin sosial müdafiəsinə cavabdeh olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özü əlillərin pensiyasını mənimsəyir, onları intihara sürükləyir. Təsəvvür edin, Prezidentin normativ hüquqi aktları ilə Qarabağ qazilərinə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin əvəzinə cüzi 26 manatlıq , müalicə məqsədi ilə və sosial müdafiə üçün ayrılan vəsaiti ƏƏSMN yetkililəri yeyir! Yeri gəlmişkən, indi məmur yeyintisinin “saxta əlillik növü” ortaya atılıb. Milli Məclisdə əlilliyin müəyyən edilməsi meyarlarının dəyişdirilməsi elə şou yaradıb ki,  toy şouları yalan, saxta olub!  Bir deyən də yoxdur ki, əlilin pensiyasını kəsəndə niyə belə canfəşanlıq edilmirdi? Baxın, “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi 29.12.2020-ci il tarixli qanunla ləğv edilib və. .. heç bir deputat gözdən əlillərin , Qarabağ qazilərinin pensiyalarına əlavələrin kəsilməsinə etiraz etməyib! Heç hökumətin qeyri-hökumət təşkilatlarının da səsi çıxmayıb! “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə “ 29.12.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununun 2.2 maddəsində yazılıb ki, 19.1.1 (Milli Qəhrəmanların və şəhid ailələrinin üzvlərinə ödənilən müvafiq olaraq  110 və 93,5 manat),  19.1.3 ( əlil və hərbçi uşaqlarına 5,5 manat) , 19.1.5 (sonradan bəraət almış siyasi repressiya qurbanlarına 11 manat)  və 19.1.8 ( Böyük Vətən Müharibəsi əlilləri və iştirakçılarına 154, 121 və 99 manat)  maddələrinə bu Qanun qüvvəyə minənədək hesablanmış əlavələrin ödənilməsi  davam etdirilir. Bəs 19.1.2 maddəsi və 19.1.7 maddəsinə əsasən gözdən əlillərə və Qarabağ əlillərinə ödənilən 110, 77 və 55 manatlıq əlavənin ödənilməsinin davam etdirilməsi niyə yaddan çıxıb? 125 çıx 5 deputatın birinin yadına düşməyib ki, Qarabağ qaziləri də Qarabağ -ANA VƏTƏN MÜHARİBƏSİNİN iştirakçılarıdır? ! Qarabağ qazilərinə qarşı qərəzli ayrı-seçkilik nədən qaynaqlanır? 
İndi özünüz deyin, “5-ci kolon” kimdir? Kimdir saxta: Qarabağ qazisi, əlili, veteranı, yoxsa onlara cüzi pensiyanı da çox görən hökumət nümayəndələri, deputatlar ?
Məğrur BƏDƏLSOY
P. S. 19.1.7 maddəsi qüvvədə olduğu 15 ildə də Qarabağ qazilərinə tətbiq edilməyib! “Milli” “5-ci kolon” (hökuməti) mütəşəkkil dəstə kimi qazi haqqını yeyib!