"Ramiz Mehdiyevin yaramaz hərəkətləri çox olub..."

Baxış sayı:
2329

AMEA Prezidenti Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toy məclisindən sonra yaranan gərginlik davam edir. Bir çoxları R.Mehdiyevin karantin rejimi dövründə toy məclisi qurmasını qanunlara və cəmiyyətə qarşı hörmətsizlik, onun ittihamlara cavab reaksiyasını isə dövləti təhdid etmək kimi qiymətləndirirlər.

Azpolitika.info bu mövzuyla bağlı YAP-ın qurucularından və ilk üzvlərindən biri olan, hələ gənclik illərində Ramiz Mehdiyevlə birlikdə komsomolda çalışmış sabiq deputat Maksim Musayevlə söhbətləşib.

- Maksim müəllim, Ramiz Mehdiyevin keçirdiyi məlum toy məclisi ətrafında müzakirələr səngimir. Mehdiyev onu tənqid edənlərə iki dəfə cavab verib və cavabında sizin də adınızı çəkib. Bütün bunlara münasibətiniz necədir?

- Hələ toy olmamışdan bir ay əvvəl müsahibə verib onun barəsində həqiqətləri açıqlamışam. Bir daha deyirəm ki, bütün bunların təqsirkarı onun özüdür. Sən rəhbərlik etdiyin aparatda elə işlər tutmusan ki, indi bumeranq kimi özünə qayıdır. Ağsaqqal adamdır, yazır ki, 1938-ci ildə doğulub. Sizə deyirəm ki, gedib onun kəndçilərindən soruşsanız, neçənçi ildə doğulduğunu dəqiq öyrənə bilərsiniz. Bu adam yaşına, akademik tituluna uyğun hərəkət etməyə çalışsa da, alınmır.

Mən bir ay əvvəl ona müraciət edərək dedim ki, əzizim Ramiz, sus, dinmə! Çünki o qədər işlər törətmisən ki... Ay bədbəxt, sən anlamırsan ki, karantin rejimi mövcuddur? Bu adam elə bilir ki, respublikada toxunulmaz şəxsiyyətdir. Dərk etmir ki, Prezident görüşlərə gedəndə mütləq qoruyucu maskada olur. Bu adam isə mart ayından bu yana bir dəfə də olsun maska ilə görünməyib. Özünə elə gəlir ki, toxunulmazdır. Əslində isə bədbəxt insandır. Elə bilir ki, vəzifə və pul imkanları hesabına hər şey etmək olar. Amma belə deyil. Sən indi tutduğun vəzifəyə hörmət eləməlisən, xalqına, millətinə və dövlətinə ehtiramla yanaşmalısan. Əgər səndə bir qram vətənpərvərlik varsa.

Mən inanmazdım ki, Mehdiyev bu dərəcədə səhv buraxar, düşünülməmiş addım atar. Bədbəxt, sən iki gəncin həyatını da təhlükə altında qoyursan. Vəzifədən çıxmısan, nə vacibdir ki, ona-buna zəng etdirib camaatı toplayırsan başına. Nəhayətdə toyda Mehdyevlər ailəsi qız adamı hesab olunur. Ənənələrimizə görə, qız adamı toyda özünü ciddi aparır, toya getmir, oynamır və s. Ənənədən gələn şeydir. Amma Ramiz özü gedib məclisin başında əyləşib. Hərçənd sən yaşına və vəzifənə görə nümunə olmalısan. Bir sözlə, günahların hamısı özündədir. Kim idi ona sataşan, söz deyən? İndi dincələn, nəvə, nəticə oynadan vaxtıdır. Amma təəssüflər olsun ki, biz onun timsalında başqa nümunələr görürük.

- Akademik Abel Məhərrəmovun həmin toydakı siyasi çıxışını necə qiymətləndirmək olar?

- Mən deməzdim ki, bu, akademik çıxışıdır. Mən SSRİ zamanı kolxoz-sovxoz iclaslarında iştirak etmişəm. Əgər kolxoz briqadiri belə çıxış etsəydi, səhəri günü onu partiyadan qovardım ki, belə məddahlıq, yaltaqlıq olmaz. Sən, bəyi və gəlini təbrik etmək əvəzinə Ramiz Mehdiyevə bəy tərifi deyirsən. Vallah biabırçılıqdır. Arzu etməzdim ki, akademik adı alan şəxslər belə hərəkətlər etsinlər. Axı bu, həm də AMEA-ya ləkədir.

- Belə iddialar da var ki, toy bəhanə olub, onları bir araya toplamaqda hansısa siyasi mesajlar vermək niyyəti olub...

- Mən düşünmürəm ki, başqa məqsədlə toplaşıblar. Ramiz Mehdiyevi mənim qədər tanıyan olmaz. O, qorxaq və cəsarətsizdir, həm də savadı o qədər də yüksək deyil. Baxın, birinci bəyanatında yazıb ki, məni Prezidentimiz məsləhət bilib akademiyaya prezident təyin etdi. Mən də buna görə Ramizə savadsız deyirəm. Əlimdə əsas olmasa, heç vaxt akademikə belə söz demərəm. Bu, dərk etmir ki, Prezidentin AMEA-ya rəhbər təyin etmək səlahiyyəti yoxdur. AMEA prezidenti vəzifəsi seçkili vəzifədir.

- Siz, Mehdiyevə sonuncu bəyanatından sonra 3 gün vaxt verdiyinizi elan etmişdiniz. Artıq 3 gün tamam olub...

- Bəli, 3 gün vaxt vermişəm ki, məni məhkəməyə versin. Onsuz da Ramiz Mehdiyevin sayəsində məhkəmələr də pis günə qoyulub. Hələ mənim bu mövzuda söhbətlərim sonra olacaq.

Sizə bir fakt deyim. Bələdiyyə haqqında qanunun demək olar ki, 90 faizini rəhmətlik Zahid Qaralovla mən birlikdə hazırlamışıq. Təxminən 20-yə yaxın ölkədə olub, onların qanunvericiliyi ilə tanış olmuşduq. Amma bu qanunu pis vəziyyətə qoyan, anti-demokratik vəziyyətə salan Ramizdir. O vaxt Fəzail Ağamalı da bizim komissiyanın üzvü idi. Mehdiyev bir dəfə də olsun gəlib iclaslarda iştirak etmədi. Mehdiyev bütün bunların əleyhinə getdi. Adam demokratiyanın düşməni, əleyhdarıdır. Hələ onun “Demokratiyanın Azərbaycan modeli” adlı əsəri də var. Demokratiyanın modeli olurmu? Belə bədbəxt adamdır.

Mən konkret faktlarla danışıram. Mehdiyev adını Mərkəzi Komitə, Prezident Administrasiyası və ya Prezident Aparatı qoymağımızdan asılı olmayaraq, 40 ilə yaxındır orada oturub. Amma Azərbaycanın elə rayonu var ki, Mehdiyev orada ümumiyyətlə olmayıb, heç elə rayonlar var ki, onları xəritədə göstərə bilməz. Bunu mən rəsmi olaraq deyirəm, bilirəm kim haqqında danışıram. Onun rayonlara getməyə üzü yoxdur, əvvəla insanlarla fərqli ünsiyyət qura bilmir, sonra da qabiliyyəti yoxdur. Bu adamın hələ SSRİ zamanı zavod və fabriklərdə bir dəfə də olsun görüşü olmayıb. Onun haqqında daha bir faktı açıqlaya bilərəm. Mehdiyev işlədiyi dövrdə daim əl altında işləyib. Səhv etmirəmsə, Mehdiyev 6-8 ay müddətinə Bakının “26-lar rayonu”nun birinci katibi oldu. Həmin vaxt 3 dəfə Heydər Əliyevin adına ərizə yazaraq bildirib ki, müstəqil işdə çalışa bilmədiyindən işini dəyişsinlər. Bunun ərizəsi var. Açıq yazır ki, müstəqil şəkildə işləyə bilmirəm. Bu, reallıqdır.

- Ramiz Mehdiyevin Rusiyaya bağlı olmasına dair iddialar səsləndirilir. Onu yaxından tanıyan biri kimi bu barədə nə deyə bilərsiniz?

- Bu, bir qədər mürəkkəb məsələdir. Məsələn, Mehdiyev haqqında “ermənilərin adamıdır” deyə bilərəm, amma “Rusiya ilə bağlıdır” deməyim üçün əlimdə faktlar olmalıdır. Onu demək olar ki, sinəsindəki orden haranındır, onu kim verib və niyə verib? Nə üçün başqasına vermirlər? Bu suallar açıqdır.

Mənim ona konkret suallarım var. Ramiz Mehdiyev bu qədər böyük vəzifədə işləyib, cəmiyyətə açıqlasın, görək, Dağlıq Qarabağ üçün nə iş görüb? Açıqla, görək, hansı müharibə zonasına səfər etmisən? Hansı qaçqın və məcburi köçkünlərlə görüşüb fikirlərini eşitmisən? Hansı qaçqın rayonunun işğalı günü ortaya çıxıb bir fikir söyləmisən? Bunlar olmayıb, sən bunları etməmisən.

- Sizcə, niyə etməyib ki?

- Bunun üçün gərək ürək yansın. Ürəyi yanmayan adamın gözündən yaş çıxarmı?

- Bəzi siyasilər deyirlər ki, Mehdiyev dövlətə güc göstərir. Siz də deyirsiniz ki, bu şəxs təbiət etibarilə qorxaq və xaraktersiz adamdır. Bu fikirlərin hansı düzdür?

- Çox qorxaq adamdır. Onun addımları heç bir halda təhdid ola bilməz. Ermənilərin “Qorxaq Nəzər” adlı nağılı var. Ramiz o tipli adamdır. Qısa nağıldır. Nəzər qorxağın biri imiş, deyirlər kəndə şir gəlir. Hamı qaçır doluşur evinə, Nəzər isə çıxır ağacın başına. Şir ağacın altından keçəndə Nəzər qorxusundan titrəyib düşür şirin üzərinə. Şir də kənddən qaçıb gedir. Camaat görür ki, Nəzər şiri qovaladı. Deyirlər bu, qorxaq Nəzər deyil, qoçaq Nəzərdir. Ramiz Mehdiyevin məsələsinin qısa mahiyyəti budur. İstəyir özünü qoçaq kimi göstərsin, amma səhv edir. Gərək üzr istəyib, camaata deyə ki, nöqsanları olub. Amma sözündən elə çıxır ki, bunun bircə nöqsanı belə yoxdur.

İndi də Ramiz özünə qarşı böyük ordu yaradıb. Siyahı tərtib edərək, onları hədələyir ki, sizi məhkəməyə verərəm. Hələ utanmadan mənim də adımı çəkib. Yəqin unudub ki, mən 20 ildir işləmirəm, təqaüd alıb, kitab yazıram. Mənə nə deyə, hansı əsasla məhkəməyə verə bilər? Məsələ ondadır ki, 2000-ci ildən sonra rəsmi vəzifə tutmamışam. Özü də şəxsən Ramiz Mehdiyevə görə. Mənə iki-üç dəfə iş təklifi ediblər, lakin imtina etmişəm. Bilmişəm ki, mənimlə konflikt yaradacaq.

- Sizcə, bundan sonra Ramiz Mehdiyev hansı addımlar ata bilər?

- Qabiliyyətsiz, bacarıqsız adamdır, heç bir addım ata bilməz. Bəyanat verməkdən savayı heç bir iş görə bilməz. Onsuz da nüfuzu yox idi, indi də özünü bataqlığa salıb. Bataqlıqda isə insan çabaladıqca daha da batır. Onun ətrafında adam yoxdur. Bəli, vaxtilə komandası olub. Amma indi onun yanına kim gəlsə, onu müdafiə etmək istəsə, bütün cəhdləri uğursuz olacaq. Çünki müdafiə ediləsi adam deyil. Yaramaz işləri, hərəkətləri çox olub. Onun gördüyü işlərin də 90 faizi uğursuz olub. Sadəcə, işlədiyi dövrdə komandası olub, özü bu komandadan istifadə edərək, əl altından işlər görüb, elə komanda üzvləri də bundan istifadə edib zənginləşiblər. Bunlar aydın məsələlərdir.

Hesab edirəm ki, Ramiz Mehdiyev AMEA-ya prezident seçilməməli idi. Əlbəttə, özü vəzifəpərəst və kreslopərəst biridir. Bu yaşda gedib AMEA-da oturmaq nəyinə lazımdır axı? Axı onun yaradıcılıq qabiliyyəti də yoxdur. Onun namizədlik dissertasiyasının rəhbəri erməni olub. Bunu da yoxlamaq lazımdır. Hər halda mən belə eşitmişəm. 

Rasim Əliyev