RAYONLARA GEDİŞ QADAĞASI - Avqustun ortalarında hansı qərarlar verilə bilər?

Baxış sayı:
533

“Rayonlara gediş-gəlişə icazə verilməli idi. Onsuz da rayonlara gedib, gəlirlər. Kifayət qədər gedib-gələn var. Hərə bir bəhanə ilə gedir. Karantin təkcə kasıb-kusuba aid deyil. İmkan verilməlidir ki, insanlar rayonlara getsinlər. Ancaq karantin davranış qaydaları hazırlanmalıdır ki, may ayındakı hallar təkrar olmasın”.

Bunu azadliq.org-a açıqlamasında tibb sahəsi üzrə professor Adil Qeybulla deyib. "SMS icazənin ləğvi müsbət addımdır, amma rayonlara gediş-gəlişin açılmasına ehtiyatla yanaşblar" - mütəxəssis vurğulayıb.

A.Qeybulla hesab edir ki, çimərliklərin açılması da müsbətdir, immun sisteminin güclənməsi üçün vacibdir: “Amma burada da düşündrücü məqamlar var. Həftə sonu ictimai nəqliyyatın hərəkətinə qadağa qoyulur. Əhali çimərliyə necə gedəcək, qaranlıq qalır. Bir də təlimatlar olmaldıır ki, karantin davranışları pozulmasın”.

Azərbaycanin baş infeksionisti Cəlal İsayev isə mövzu ilə bağlı “Turan” agentliyinə deyib ki, pandemiya ilə mübarizədə müsbət dinamika var. O, qeyd edib ki, yoluxmalar 200-ə qədər enib, sağalmalar yoluxmaları üstələyir: “Amma yoluxmanın 200-ə qədər enməsi, hələ rayonlara gediş-gəliş baxımından məqsəduyğun deyil. Bu yoluxmanın yenidən artmasına rəvac verə bilər. Belə şərait avqustun ortalarında yarana bilər. Əgər yoluxmalar iki rəqəmli həddə enərsə, bu sahədə dinamika birmənalı müsbət olarsa, o vaxt yeni qərarlar vermək olar”.

Deputat Sabir Rüstəmxanlı isə hesab edir ki, rayonlara gediş-gəliş açılmalı idi. Onun fikrincə, insanların hərəkətinə, sıxıntıdan çıxmasına imkan verilməli idi: “Bu xəstəliyin ciddiliyini artıq hər kəs başa düşür. Ona görə də insanların rayonlara gediş-gəlişinə mane olmaq lazım deyil. Belə halda yolların bağlanması düzgün deyil".

Deputatin dediyinə görə, istəyənlərin çoxu da rayonlara gedir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonların giriş-çıxışında polis postları əvvəlki qaydada fəaliyyət göstərəcək: “Yalnız dövlət qurumlarının və ya özəl müəssisələrin rəhbərliyi tərəfindən verilmiş ezamiyyə vərəqələri əsasında vətəndaşlar rayonlara buraxılacaqlar. Həmin ezamiyyə vərəqələri də ciddi şəkildə araşdırılacaq və kimlərsə bundan sui-istifadə hallarına yol verərlərsə həmin şəxslərin barəsində tədbir görüləcək”.

E.Zahidov həmçinin əlavə edib ki, bütün bu tədbirlər vətəndaşların sağlamlığı üçün həyata keçirilir.

Qeyd edək ki, Operativ Qərargahdan verilən açıqlamaya görə, sərtləşdirilmiş karantin rejimi olan rayon və şəhərlərdən digər yerlərə gediş-gəlişin bərpa olunması müzakirə olunur.