RESEPT- Aygün Muradxanlı yazır

Baxış sayı:
2119

Ötən gün mühacirətdə olan Qurban Məmmədov, Tural Sadıqlı, Orduxan Bəbirov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev barəsində beynəlxalq axtarış elan edilib, qərarın icrası Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, "İnterpol"un Milli Mərkəzinə tapşırılıb. Bu haqda rəsmi xəbərdə bildirilir ki, intensiv istintaq tədbirləri gedir, adı çəkilən şəxslərin saxlanaraq Azərbaycana gətirilməsi və mühakimə edilmələri üçün bütün tədbirlər görüləcək. Anlaşılan, hökumət ölkədən kənardakı “söyüş kampaniyası”na ciddi savaş açıb.
Kimlərsə məsələni söz azadlığına basqı kimi dəyərləndirməyə çalışırlar. Burda bir STOP! Bu sətirləri yaza-yaza Tural Sadıqlının FB profilindən idarə etdiyi “Azad Söz” internet telekanalının Bakı müxbirinin Tofiq Yaqublunun müdafiə piketinin dağıdılması kadrlarına baxıram. Sual yaranır? Azərbaycanda rənglər bu qədər tünddürsə, niyə Tural Sadıqlının, eləcə də özəyi xaricdə olan media resurslarının müxbirləri burda azad işləyə bilir, niyə o gəncləri özlərinin dili ilə desək, "rejimin" tapdağına verirlər?
Bu məsələnin bir tərəfidir. İkinci bir tərəf... O qədər də uzaq olmayan tarixlərdə mühacirətə getmiş, özü hansısa dövlətin 600-700 avro müavinətilə mühacir evlərində yaşamalı olan insanlar hansı resurslarla Azərbaycanda bu qədər müxbir saxlayırlar? Axı, sığındıqları ölkələr onların yalnız minimum ehtiyaclarını ödəyir. Bu qədər işçi, mükəmməl texniki imkanlar hansı dənizin suyudur?
Xaricə sığınıb Azərbaycana neqativ yollayanların Qərbdən maliyyələşməsi haqqında nağıllara çoxdan heç kim inanmır.
Hakimiyyətdaxili gərginliklər, məmurların yalnız dar bir çərçivəyə bəlli biznesləri, əmlakları haqqında bilgiləri də onlara "mister Devid" ötürür?
Söyüşü normaya çevirən, efir mədəniyyətindən kənar və Azərbaycanda dialoq mühitinin yaranması üçün dəridən-qabıqdan çıxanların bütün əziyyətlərini yerə vuran bu insanların bütün dəstəyi Azərbaycandandır. Yüzdə yüz. Özlərini orda, qol-budaqlarını burda himayə edənlərin kökünü qazsaq iqtidar sahiblərinə "var gücümüzlə söyüş kampaniyasına qarşı mübarizə aparırıq" deyənlərə gedib çıxarıq. Məni əksinə heç kim inandıra bilməz.
Onları heç cür "oturduqları budağı kəsənlər" adlandıra bilmərik. Çünki onların budağı elə bu cür qara əməllərdən, Azərbaycana, bir vaxtlar mənsub olduqları hakimiyyətə xəyanətdən qidalanır. Burda zəiflətmək istədikləri qüvvələri, şəxsləri söyüş müxalifətinin dilinə salanlar tanınmamaq, bilinməmək üçün min hoqqadan çıxsalar da, daha xeyri yoxdur. Hər şey gün kimi aydındır.
Azərbaycan siyasi mübarizənin sivil müstəvidən söyüş müstəvisinə keçməsinin ziyanını çox çəkəcək... Cəmiyyətdə qarşılıqlı etimad sıfır həddindədir. Normal müzakirə müstəvisi yaratmaq üçün addımlar atan qüvvələr ortaya çıxanda kimi bu söyüş qatarı "düüüüd" eləyib yola çıxır, söyüş, gözdənsalma, qaralama kampaniyasına başlayır. Görəvi budur.
Himayələri elə güclüdür ki, Azərbaycanda onların üçün bağlı qapı yoxdur. Tovuz döyüşlərində orda, aksiyadır orda, dəfndir orda, bayramdır orda. Bu adamlara PRESS jiletini kim verir? Lütfən izah etsinlər, ölkə daxilində fəaliyyət üçün XİN-də rəsmi qeydiyyatdan keçən BBC-nin, “Reuters”-in, Azərbaycanda qeydiyyatı olmasa da fəaliyyət göstərən “Azadlıq” Radiosu, “Anadolu” Agentliyi kimi dünya medialarının təmsilçiləri ilə yanaşı xaricdə oturub Azərbaycan iqtidarını söyənlərin, cəmiyyəti radikallığa kökləyənlərin, inqilab çağırışları edənlərin "media"larının təmsilçilərinə PRESS jiletlərini kim verir?

Azərbaycan ölkədə xaos və qarışıqlıq yaratmaq istəyən xarici güclərin hədəfinə gəlmək baxımından 1993-cü ili sanki təkrar yaşayır. Rusiya Ermənistanı silahlandırır, Ermənistan silahları nə sərhəddə, nə Qarabağda susur, İran ölkənin içərisində dayaqlarını möhkəmləndirib, indi bir sağlam qapımız olan Borçalını qara yara kimi sarıb, müxtəlif təriqətlərə mənsub, böyük bir hissəsi radikallığa meylli və radikal dini qruplaşmaların təşkilatlanması dövət qurumlarından, ucqar kəndlərə qədər davam edir. Belə bir durumda daxili gərginliyin artırılmasına yönəlik hər addım məsuliyyətsizliklə yanaşı millətə, dövlətə xəyanətdən başqa bir şey deyil.
Prosesi sivil müstəviyə keçirməyin tək yolu - söz və fikir azadlığını qorumaq, siyasi partiyaların və vətəndaş cəmiyyətinin sürətlə fəallaşdırılmasındadır. Sivil, sağlam dialoq mühiti, Azərbaycanı beynəlxalq güclərin hədəfinə çevirən, daxili gərginliyin azalmasına imkan verməyən siyasi məhbus probleminin birdəfəlik çözülməsi, məsələlərin açıq müstəvidə müzakirəsi, tənqidçilərin iqnor edilməməsi, yaltaqlığın və cəmiyyəti uçuruma aparan boş təriflərin birmənalı qadağan edilməsi, vətəndaşların sədaqətinə görə yox, bilik və bacarıqlarına görə irəli çəkilməsi, vəzifə məsuliyyətini anlamayan, rüşvətdən, korrupsiyadan əl çəkməyən məmurların sərt şəkildə cəzalandırılması, vətəndaşlara öz ölkələrini qurmaq imkanı verilməsi - reseptimiz budur. Bunlar olsa, kimdir xaricdəki "TV"lərə zaman ayıran?
Hər dəfə deyirəm, yazıram, "təkrar biliyin anasıdır" deyi bir də yazım... Azərbaycanı "ağ günə" çıxaracaq insanlar Azərbaycandadırlar, xaricə sığınıb vətəndaşları radikallaşdırmağa çalışanların xarici düşməndən fərqi yoxdur. Ey gənclik, xaricdə "yel əsib qoz tökülməyib". Burda 3 dəfə kamera tutub, 2 polis dəyənəyi yemisənsə, Avropa səni başının üstünə qaldırmayacaq. Alət olma... Bilmədən xidmət etdiklərin aradan çıxıb xəyallarının məmləkəti Avropalara sığınanda, radikallıq yaydığın üçün türmə qapılarında qalan sənin anan olacaq. Etmə....
Aygün MURADXANLI