“Rusiya çalışır ki, Turan ideyasının reallaşmasına əngəl olsun” - SƏRDAR CƏLALOĞLU

Baxış sayı:
932

“Zəngəzur dəhlizinin açılması və Turanın yaranması Rusiyanın strateji maraqlarına ziddir”

“Türkiyə Dağlıq Qarabağdan erməni ordusunun çıxarılmasını və sülhməramlıların ərazilərimizi tərk etməsini gündəmə gətirməlidir”
 
Ermənistanda siyasi gərginlik qalmaqdadır. İstər hakimiyyətin sərhədlərin müəyyənləşdirilməsinə göstərdiyi qeyri-adekvat, təxribatçı münasibət, istərsə də müxalifətin revanşist çağırışları göstərir ki, seçkidən sonra da bölgədə vəziyyətin birmənalı olaraq tam stabilləşəcəyi ehtimalı o qədər də yüksək deyil.
Muxalifet.az Ermənistanda baş verənlər və bunun regiondakı vəziyyətə təsiri mövzusunda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğunun Azpolitika.info saytına müsahibəsini oxucularına təqdim edir:

 
- Sərdar bəy, son zamanlar rəsmi İrəvanın 10 noyabrda müharibəyə son qoyan üçtərəfli razılaşmaya, eləcə də 11 yanvarda Moskvada imzalanan üçtərəfli bəyanata əks addımları artıq adi hal alıb. Bu mənada hazırda Azərbaycan və Ermənistan arasında yaranmış durumu necə qiymətləndirirsiniz?
 
- Rusiya Ermənistan və Azərbaycan arasında münasibətlərin yoluna qoyulmasında maraqlı deyil. Rusiya çalışır ki, Turan ideyasının reallaşmasına əngəl olsun, bölgədə Türkiyənin təsiri sıfıra ensin. Bütün bunların hamısı Rusiyanın Cənubi Qafqaz siyasətinin tərkib elementləridir. Bu proseslərin erməniyə nə aidiyyəti var? Bütün bunların sifarişi Moskvadan gəlir. Ermənistan kimdir ki, müstəqil siyasət aparsın? Ümumiyyətlə, Ermənistan adında dövlət varmı ki, müstəqil siyasət də aparsın? Məncə, biz bəzən özümüzü aldadırıq. Əslində isə Rusiya çox maraqlı oyun qurub. Burada siyasəti aparan Rusiyadır, hədəfə gələn isə Ermənistandır. Ona görə bizim Ermənistanla bağlı siyasətimiz uğursuz olur. Çünki burada ermənilərlik heç nə yoxdur.
Bir daha qeyd edirəm ki, son proseslər ermənilərdən qaynaqlanmır, onlar vasitədir. Məqsəd Aərbaycan və Ermənistan arasında sülhə imkan verməmək, Türkiyənin Qafqaza və Orta Asiyaya təsirinin yayılmasının qarşısını almaq, Azərbaycanı öz təsir dairəsində saxlamaqdır. Bunlar da Rusiyanın maraqlarına uyğundur.

- Məgər, Siz dediklərinizi Azərbaycan hakimiyyəti bilmir?...

- Qeyd edim ki, Azərbaycan dövlətinin strateji siyasətini müəyyən edən yoxdur. Əvvəlki strategiyanı Ramiz Mehdiyev müəyyən etmişdi. İndi o yoxdur. Bu strategiyanın mahiyyətinə Avropadan uzaqlaşmaq, Türkiyədən kənarda dayanmaq, Rusiyanın qoltuğuna girmək, mümkün qədər müstəqillik və suverenliyi məhdudlaşdırmaq, milləti və dövləti inkişafdan saxlamaq, buna qarşı olanları ölkədən çıxarmaq, demokratik qüvvələri cəmiyyətin və dövlətin həyatından kənarda saxlamaq daxil idi. Bunların hamısı o vaxtkı siyasətin tərkib elementləri idi. Məncə, indi geopolitik dəyişikliklər baş verdiyi üçün Azərbaycan dövlətinin strategiyası da müasir tələblərə uyğun hazırlanmalıdır. Amma biz bunu hələlik görmürük. Bu mənada yeni strategiya olmalıdır. Onun da mahiyyətində Azərbaycan-Türkiyə konfederasiyasının, Turan birliyinin yaradılması, Rusiyanın təsirindən xilas olmağımız dayanmalıdır. Hələlik bu istiqamətdə boşluq var.
 
- Ermənistan hökuməti bəyan edir ki, Zəngəzir dəhlizini açmır, üçtərəfli komissiyanın fəaliyyətində iştirak etmir, bütün minalanmış ərazilərin xəritəsini vermir və s. Belə olan təqdirdə Azərbaycan Rusiya qarşısında tələblər irəli sürməli və bu faktlarla bağlı konkret mövqe ortaya qoyulmasını tələb etməlidirmi?
 
- Rusiyanın nə qədər güclü və böyük olmasından asılı olmayarar, biz öz haqqımızı kiməsə yedirtməməliyik. Bəzi şəxslər elə düşünür ki, Rusiya böyük və güclü olduğu üçün biz onun qarşısında susmalıyıq. Məncə, bu, kökündən yanlış mövqedir. Rusiya nə qədər güclü olursa-olsun, heç vaxt haqlı deyil. Kim haqlıdırsa, güclü də odur. Biz beynəlxalq hüquqa əsasən öz suveren hüquqlarımızı qorumalıyıq.
 
- Yəni İrəvanın davranışları ilə bağlı Rusiya qarşısında tələb qoymalıyıq...
 
- Mən hesab edirəm ki, hətta üçtərəfli bəyanatdan çıxmacağımızı deməliyik. Fakt odur ki, üçtərəfli bəyanat hazırda iki tərəfin iştirakı ilə kobud şəkildə pozulur. Rusiya və Ermənistan birlikdə bu razılaşmanı pozurlar. Azərbaycanın birtərəfli qaydada bu razılaşmanı icra etməsinin nə sülhə, nə də bölgədəki proseslərə xeyri var.
 
- Siz nə təklif edirsiniz?
 
- Dediyim kimi, üçtərəfli bəyanatdan çıxmalıyıq! Azərbaycan Türkiyə ilə münasibətləri daha ciddi şəkildə inkişaf etdirməlidir. Türkiyə və Azərbaycanın konfederativ ittifaqı yaradılmalıdır.
 
Bu addımı atacağımız halda heç bir təklənməkdən söhbət gedə bilməz. Türkiyə ilə ciddi əlaqələr qurmalıyıq.
 
- Siz demək istəyirsiniz ki, indiki şəkildə davam etməklə biz münaqişəni sonlandıra bilməyəcəyik?

 
- Qətiyyən. Əksinə, yeni problemlər ortaya çıxa bilər.
 
- Nə kimi problemlər?
 
- Bu saat Ermənistan müharibədə uduzduğuna baxmayaraq, Rusiyanın təhriki ilə Azərbaycana qarşı meydan sulayır, təxribatlar edir və s. Bu tendensiya, inkişaf edəcəyi təqdirdə, yeni işğal hərəkətlərinə gətirib çıxara bilər.
 
- Yeni müharibəni nəzərdə tutursunuz?
 

- Müharibə ehtimalı yoxdur. Onsuz da indi bizə qarşı Rusiya və Ermənistan hibrid müharibəsi aparır. Biz hələlik buna qarşı iş aparmırıq. Bu isə bizə baha başa gələ bilər.
 
- Deyirsiniz ki, Azərbaycan lazım gəlsə üçtərəfli razılaşmadan çıxmalı, Türkiyə ilə daha yaxın münasibətlər qurmalıdır. Sizcə, indiki mərhələdə Türkiyə Rusiya ilə qarşı-qarşıya gəlməyə hazırdırmı?
 
- Söhbət qarşıdurmadan getmir. Bəzən siz lazım olan gücü əldə edəndə, bəzi problemlər avtomatik həll olunur. Biz bu gücü toplasaq, ruslar belə bir konfederasiya ilə dil tapmağa çalışacaq, maksimum öz siyasətinə yenidən baxmaq haqqında düşünəcək və s.
 
- Vladimir Putin iki dəfə elan edib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Üstəlik, 10 noyabr razılaşmasından sonra bildirdi ki, Ermənistanın revanş cəhdi fəlakətə səbəb olardı. Sizcə, bütün bunlar Rusiyanın pozitiv mövqeyini əks etdirmir?
 
- Bir var bəyanat verirsən, bir də var konkret iş görürsən. Rusiyanın gördüyü işə baxın. Məsələn, ötən gün Rusiya Xarici İşlər naziri Sergey Lavrov bəyanat verərək bildirib ki, Dağlıq Qarabağın statusu məsələsi Minsk Qrupu çərçivəsində gələcəkdə müzakirə edilməlidir. Halbuki, status məsələsi dövlətlərin suveren hüquqlarından biridir və hər bir dövlətin daxili işidir. İndiki halda Lavrovun bu bəyanatı Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir. Bir dövlət nə zaman başqa bir dövlətin daxili işlərinə qarışa bilər? O zaman ki, həmin dövlətə düşmən olsun. Bu baxımdan düşünürəm ki, Rusiyanın dedikləri ilə etdikləri bir-birinə uyğun gəlmir.
 
- Rusiyanın Minsk Qrupuyla bağlı mövqeyini necə dəyərləndirirsiniz?
 
- Minsk Qrupu Ermənistanın Azərbaycana qarşı işğalı səbəbindən yaranmışdı, məqsəd münaqişənin dinc yollarla həllinə nail olmaq idi. Artıq ortalıqda beynəlxalq konflikt yoxdur. Odur ki, Minsk Qrupu buraxılmalı, Dağlıq Qarabağ adlı region varsa, oradakı problemlər də Azərbaycanın daxili işi sayılmalıdır. Heç kəs Azərbaycanı məcbur edə bilməz ki, daxilindəki hansısa topluma status versin.
 
- Belədə Xankəndi və işğaldakı digər ərazilər problemini necə həll edə bilərik?
 
- Burada ayrıca bir Xankəndi məsələsi yoxdur. Bölgədə Rusiya və Türkiyə maraqlarının müəyyənləşməsi məsələsi var. Bu necə müəyyənləşəcəksə, Xankəndinin taleyi də ondan asılı olacaq.
 
Türkiyə açıq şəkildə Dağlıq Qarabağdakı erməni ordusunun çıxarılmasını və sülhməramlıların Azərbaycanın ərazisini tərk etməsini gündəmə gətirməlidir. Mümkün qədər də bu məsələdə Azərbaycanın yanında olmalıdır. Azərbaycan da öz mövqeyini möhkəmləndirmək üçün Türkiyə və Pakistanla əlaqələrini yeni səviyyəyə qaldırmalıdır.
 
- Sərdar bəy, Ermənistanın məlum ərazilərimizi yenidən işğal etməsi mümkünsüzdür. Buna baxmayaraq, İrəvanın minalanmış ərazilərin xəritəsini Bakıya verməməkdə əsas məqsədi nədir?

 
- Mən ehtimal edirəm ki, Rusiya erməniləri bu xəritələri bizə verməyə qoymur. Çünki minalanmış ərazilərin təmizlənməsi azərbaycanlıların daha sürətlə Qarabağda məskunlaşmasına səbəb olacaq. Lavrovun da bəyanatından belə anlaşılır ki, onlar yalnız ermənilərin məskunlaşması ilə məşğuldurlar. Azərbaycanlıların dədə-baba torpaqlarına qaytarılmasında maraqlı deyillər. Bir sözlə, ruslar çalışır ki, bölgədə daim müharibə atmosferi olsun, Türkiyə burada fəal olmasın, mümkün qədər Azərbaycan və Ermənistan Rusiyanın siyasətinə tabe olsun.
 
- Sizcə, Zəngəzur dəhlizinin açılmasına maneə yaradan kimdir: Moskva, yoxsa İrəvan?
 
- İqtisadi cəhətdən kommunikasiyaların açılması Rusiyanın maraqlarına cavab verir. Ancaq Zəngəzur dəhlizinin açılması və Turanın yaranması Rusiyanın strateji maraqlarına ziddir. Ona görə də iqtisadi maraqlarını arxa plana qoyur. Çalışır starteji maraqlarına uyğun addım atsın.
 
- Sizin fikirlərinizdən belə çıxmırmı ki, üçtərəfli sazişin icrası sual altına düşəcək?
 
- Bu saziş ruslara formal olaraq lazımdır. Ruslar bizdən fərqli olaraq, bölgədəki niyyətlərini sürətlə həyata keçirirlər.
 
- Bəs, hazırda Türkiyənin Cənubi Qafqaza təsiri və regiondakı mövqelərini necə qiymətləndirmək olar?

 
- Türkiyənin həddindən artıq böyük təsir imkanları var. Amma bu imkanlardan istifadə etmək lazımdır. Nəzərə alın ki, Türkiyə gəlib bizim əvəzimizə zorla hansısa problemin həllində iştirak edəsi deyil. Biz faktiki olaraq, Türkiyəni üçtərəfli sazişdən kənarda saxladıq. Bu gün də Türkiyə ilə bağlı yanlış siyasət aparılır. Strategiya olmadığından taktiki səhvlər mütəmadi olaraq, baş verəcək.
 
- Tez-tez Turan birliyi haqda danışırsınız. Eyni zamanda, Azərbaycandakı “beşinci kolon”la bağlı ciddi ittihamlarınız olub. Necə düşünürsünüz, Orta Asiya ölkələri Turan birliyində maraqlıdırlarmı? Sizə elə gəmirmi ki, həmin ölkələrdə “beşinci kolon” daha güclüdür və buna əsla imkan verməz?

 
- Sözsüz ki, bu məsələ vaxt tələb edir. Rusiya çalışır ki, bu birliyi pozsun və o, ilk olaraq həmin birliyə daxil olacaq dövlətlərə qarşı təzyiqlər edəcək. Həmçinin, bunun qarşısını ala bilməsə, özü bu birliyə daxil olub, aranı qarışdırmaq xətti tutacaq. Rusiya bu istiqamətdə aktiv işləyir.
 
Rasim Əliyev