“Rusiya müharibəyə qatılarsa, Türkiyə dərhal Ermənistana girəcək”

Baxış sayı:
1762

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribat, Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan atəşə tutması, bundan sonra ordumuzun əks-hücum əməliyyatı həyata keçirməsi, ölkədə fəaliyyət göstərən 50 siyasi partiyanın milli həmrəylik bəyanatı imzalaması, eyni zamanda digər önəmli məsələlərlə bağlı söhbətləşdik.

“Tovuz döyüşləri göstərdi ki, münaqişənin arxasında duran niyyət, yalnız Ermənistan torpaqlarını Azərbaycan hesabına genişləndirmək deyil, burada məqsəd həm də ölkəmizin geostrateji bölgə olma gücünü, potensialını sıfırlamaqdır”

– Sərdar bəy, bildiyiniz kimi, Ermənistan tərəfinin törətdiyi təxribat nəticəsində qoşunların təmas xətti boyu aktiv hərbi əməliyyatlara start verilib. Sizin fikrinizcə, proseslər nədən bu formada cərəyan etdi? Ermənistanı kim və ya hansı səbəblər belə bir addıma həvəsləndirdi?

– Əslinə baxsaq, son baş verənlər, proseslərin Dağlıq Qarabağın Azərbaycandan qoparılması səviyyəsinə gəlib çatmasıyla bağlıdır. Belə ki, artıq Ermənistanda Dağlıq Qarabağın tanınması ilə bağlı fikirlər səslənirdi. Ermənistanın baş naziri Nikol Paşinyan çox alçaldıcı 7 şərt irəli sürmüşdü. Bütün bunlar onu göstərir ki, Ermənistan Dağlıq Qarabağı Azərbaycandan qoparmaq niyyətindən əl çəkməyib, o cümlədən heç bir danışığa getmək, beynəlxalq hüquqa uyğun addımlar atmaq fikrində deyil. Hətta, nəinki Dağlıq Qarabağ, əlavə bir neçə rayonumuzu da işğal edib Azərbaycanı daha ağır şərtlər daxilində Dağlıq Qarabağı Ermənistana verməyə vadar etməyə çalışıb. Məsələnin ikinci tərəfinə gəlincə, Tovuz döyüşləri göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinin arxasında duran niyyət, yalnız Ermənistan torpaqlarını Azərbaycan hesabına genişləndirmək deyil. Belə ki, burada məqsəd həm də Azərbaycanın geostrateji bölgə olma gücünü, potensialını sıfırlamaqdır. Bildiyiniz kimi, Azərbaycanın əsas geopolitik əhəmiyyəti bu bölgədən keçən transnasional layihələrlə bağlıdır. Buna görə də ermənilərin məqsədi həmin ərazini tutmaqla Azərbaycanın geopolitik, stratejik bölgə olma ehtimalını sıfra endirmək olub. Bu da Qərbin, Avropanın Azərbaycana əhəmiyyət verməsini heçə endirirdi. Digər səbəb isə Türkiyə ilə bağlıdır. Məlumdur ki, qardaş ölkə böyük hədəf götürüb, bölgəsəl gücdən super gücə çevrilməyi planlaşdırır. Eyni zamanda, Türk dünyasını birləşdirmə, Türk dövlətləri birliyinin yaradılması kimi önəmli məsələni öz üzərinə götürüb. Burda isə ən böyük əngəl Türkiyə ilə Orta Asiya arasında olan bölgədə münaqişənin olmasıdır. Çünki bu münaqişə heç vaxt Türk dövlətləri birliyinin stabil fəaliyyətinə imkan verməz. Sonuncu və çox ciddi səbəb isə qlobal siyasətdə gedən proseslərdir. Yəni koronavirusdan sonra məlum oldu ki, artıq dünyanın iqtisadi güc mərkəzi ABŞ və Avropadan Asiyaya doğru meyillənir. Belə ki, dünənə qədər dünya iqtisadiyyatının 70 faizinə ABŞ nəzarət edirdisə, ən böyük iqtisadi güclər arasında Avropa ölkələri üstünlük təşkil edirdisə, koronavirusdan sonra Asiya, xüsusən də Çin, Hindistan və digər ölkələr birincilik əldə etmək üçün qabağa çıxdılar. Odur ki, dünyaya iqtisadi diqtə artıq Asiyadan olacaq. Bu da öz növbəsində, Asiya ilə əlverişli kommunikasiyaların, müəyyən geopolitik əlaqələrin olmasını vacib edir. Xəritəyə nəzər saldıqda, aydın şəkildə görünür ki, bunun üçün yeganə əlverişli yol Azərbaycandır. Çünki Asiyaya gedən digər yollar dağlardan keçir, yalnız Tacikistandan Əfqanıstana hərbi yol var ki, o da çox təhlükəlidir. İlin bir-iki ayı işləyir. Yəni sovet hökumətinin vaxtında da qərblə şərq, şimalla cənub arasında yeganə əlverişli dəmir yolu Azərbaycandan keçirdi. Bütün bunlar onu göstərir ki, Rusiyanın Ermənistanın arxasında durub bu geopolitik mərkəzi öz təsir dairəsinə salmaq cəhdi yalnız Azərbaycan və Türkiyəyə qarşı deyil, həm də ABŞ və Avropanın strateji, uzağa gedən maraqlarına çox ciddi zərbədir. Ona görə də ABŞ Ermənistanı işğalçı dövlət kimi tanıdı. Bu da Azərbaycana işğal haqqında ümumi qətnamədən istifadə etmək hüququ verdi. Məhz həmin qətnaməyə əsasən Azərbaycan öz ərazilərini müharibə yolu ilə işğaldan azad edə bilər. Odur ki, dünya dövlətləri bu məsələdə Azərbaycanın yanında olmalıdır. Yəni ABŞ-ın həmin qərarı Azərbaycana öz ərazilərini işğaldan azad etmək istiqamətində yaşıl işıq yandırdı. Təbii ki, bizim yanımızda Türkiyə və Pakistan kimi güclü qardaşlarımız var.

“Artıq torpaqlarımızı işğaldan azad etmək üçün qarşımızda demək olar ki, elə də ciddi əngəl qalmır”

– Necə düşünürsünüz, Türkiyə və Pakistanın hərbi gücü, siyasi potensialı Rusiyanın hərbi gücünü neytrallaşdırmağa yetərmi?

– Sözsüz ki, yetər. Bundan başqa, mövcud ağır sosial-iqtisadi vəziyyətdə Rusiyanın Türkiyə və Pakistanla açıq müharibəyə girmək imkanı yoxdur. Eyni zamanda, Rusiyanın yeganə iqtisadi boğazı Türkiyənin əlindədir. Söhbət “Türk axını” layihəsindən gedir. İstənilən vaxt Türkiyə həmin axını bağlayar və bu da Rusiyanın ciddi iqtisadi problemlərlə üz-üzə qalmasına səbəb ola bilər. Bu baxımdan, bütün şərtlər o qədər əlverişli şəkildə Azərbaycanın xeyrinədir ki, artıq torpaqlarımızı işğaldan azad etmək üçün qarşımızda demək olar ki, elə də ciddi əngəl qalmır. Artıq xalqın da bu məsələdə iqtidara dəstəyi göz önündədir. Odur ki, ermənilərin son təxribatları bizə hərbi yolla torpaqlarımızı azad etməyə imkan verdi.

– Xalqın dəstəyindən söz düşmüşkən, siyasi partiyalar da bununla bağlı bəyanat veriblər…

– Bəli, Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yaymışıq. Həmin bəyanatda ölkə başçısı İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiyimizi, onun yanında olduğumuzu bildirmişik. Həmçinin, bütün vətəndaşları və dünya azərbaycanlılarını bir daha milli birliyə və vəhdətə səsləmiş, hər kəsi Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılmasına töhfə verməyə çağırmışıq. Bundan başqa, biz hökumətlə bu döyüşün məsuliyyətini bölüşürük. Bütün Azərbaycan xalqını Ali Baş Komandanın ətrafında birləşməyə səsləmişik. Çünki bu, bir xalq, Vətən müharibəsidir. Bu, yalnız hakimiyyətdə olan qüvvələrin müharibəsi deyil. Yəni faktiki olaraq, artıq Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etməyə başlayıb. Hətta bu müharibə dayansa belə, əldə etdiyimiz son nailiyyətlər kifayət qədər ciddirdir. Çünki bu gün artıq Dağlıq Qarabağa hərbi strateji nəzarət Azərbaycanın əlindədir. Yəni birinci mərhələni başa vurmaq üzrəyik. İndi təmizləmə qalır.

– Bəs, bu proses necə həyata keçirilə bilər?

– Bu təmizləmə iki cür ola bilər. Birincisi, ermənilər özləri xoşluqla çıxıb gedə bilər. Əks halda, biz onları lazım olan şəkildə çıxarda bilərik. Lakin ermənilər indiki strateji üstünlüyümüzü nəzərə alıb orda qalmayacaqlar. Çünki Ermənistandan Qarabağa gedən bütün yollar nəzarət altındadır. Belə bir vəziyyətdə, yəni daimi Azərbaycan ordusunun təzyiqi altında ermənilərin həmin ərazilərdə qalmaq ehtimalı yoxdur. Artıq görürük ki, ermənilər kütləvi şəkildə Ağdərəni tərk edib qaçırlar.

“Bu gün genişmiqyaslı hərbi toqquşmaların bərpasından ciddi narahatlığını ifadə edən ölkələr nədən indiyədək işğaldan narahatlıqlarını ifadə etməyiblər?”

– Rusiya və İranın bu məsələ ilə bağlı mövqeyi, sərgilədiyi münasibət sizi qane edirmi?

– İlk öncə onu qeyd edim ki, Ermənistanın törətdiyi təxribatlar nəticəsində başlayan müharibənin dayandırılmasını təklif edən və tərəfləri danışıqlara çağıran ölkələrin, təşkilatların mövqeyi beynəlxalq hüquqa ziddir. Burda yalnız Ermənistana çağırış olmalıdır ki, işğal edilmiş əraziləri tərk et! Amma biz görürük ki, yenə də Azərbaycanla Ermənistanı eyni tərəziyə qoyurlar, işğalçı ilə işğala məruz qalan dövləti eyni cür qınaq obyektinə çevirirlər. Axı, biz nəyi danışmalıyıq?! Ermənilər bir dəfə deyib ki, Qarabağ bizimdir. Bəyan ediblər ki, Qarabağı qaytarmayacağıq, əgər istəyirsinizsə, müharibə ilə qaytarın. Biz də işğal altındakı torpaqlarımızı müharibə ilə qaytarırıq. Bu halda İran, Rusiya və ya digərləri nədən narahatdırlar? İran Qarabağdan da kiçik bir torpağın üstündə İraqla müharibə edib və 1 milyon adam ölüb. İndi sənin torpağın torpaqdır, bizim torpağımız yox?! İran 1 milyon müsəlmanı qıra bilir, bizsə kafiri qırıb torpağımızı azad edə bilmərik?! Bu nə yanaşmadır. Axı, İrana nə dəxli var. Bu gün genişmiqyaslı hərbi toqquşmaların bərpasından ciddi narahatlığını ifadə edən ölkələr nədən indiyədək işğaldan narahatlıqlarını ifadə etməyiblər? Ermənistan üstünlük əldə edən müharibə apardıqda, dünya susur, lakin Azərbaycan üstünlük əldə edən kimi başlayırlar mənasız fikirlər səsləndirməyə. Bütün bunlar belə deməyə əsas verir ki, Ermənistana açıq və ya pərdə arxasından dəstək verən ölkələr Azərbaycan ordusunun əldə etdiyi uğurlardan narahat olublar. Bu tip müraciətlərin hamısı boş şeylər, ermənipərəst dairələrin təsiri ilə meydana çıxan bəyanatlardır. Beynəlxalq ictimaiyyət təktərəfli şəkildə Ermənistana müraciət edə bilər ki, Azərbaycan torpaqlarından çıx! Onların Azərbaycana müraciət etməsi, hansısa bir danışıqlara çağırması beynəlxalq hüquqa, işğal haqqında ümumi qətnaməyə ziddir. Bu səbəbdən də Azərbaycan hökuməti istər İran, istər Rusiya, istərsə də ABŞ-ın narahatlığına bir cavab verməlidir: Siz, Ermənistan rəhbərliyinə müraciət edin ki, Azərbaycan torpaqlarından çıxsınlar! Bunun başqa analoqu yoxdur. Eyni zamanda, münaqişəni daha 5-10 il uzatmağın da mənası yoxdur. Çünki getdikcə münaqişənin xarakteri dəyişir. Belə ki, bu münaqişə başlayarkən, yalnız Azərbaycana qarşı yönəlmişdisə, artıq dünya təhlükəsizliyini təhdid edir. Yəni artıq Dağlıq Qarabağ münaqişəsi dünya müharibəsinin səbəblərindən birinə çevrilib. Çünki Türkiyə, Pakistan, Ukrayna bizim tərəfimizdə, Rusiya, İran və Yunanıstan Ermənistanın tərəfindədir. Bununla da artıq dünya müharibəsi istiqamətində qütbləşmə gedir. Artıq hər kəs anlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsi dünyanın təhlükəsizliyini təhdid edir. Bu səbəbdən də münaqişə birdəfəlik həll olmalıdır.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müharibəyə qoşularsa, o zaman bu, dünya müharibəsinə gətirib çıxaraq”

– Sərdar bəy, sizcə dar ayaqda qalan Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb edə, təşkilatdan yardım ala bilər?

– Bu, mümkün deyil. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə görə, üzv ölkələrin sərhədinə təcavüz olarsa, digər ölkələr ona dəstək verməlidir. İndiki halda Ermənistana hücum edən yoxdur. Biz işğal altında olan ərazilərimizi azad etməklə məşğuluq. Bunun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına heç bir aidiyyatı yoxdur. Odur ki, KTMT-nin müharibəyə qoşulmağa hüququ çatmır. Yox, əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müharibəyə qoşularsa, o zaman bu, dünya müharibəsinə gətirib çıxaraq. İki dövlət arasında müharibədə 3 və daha artıq dövlətin iştirakı artıq dünya müharibəsi deməkdir.

– Müharibə uzanarsa, Rusiyanın Ermənistana dolayısıyla yox, birbaşa dəstəyini gözləmək olarmı?

– Ermənistana nə dəstək verirsə versin, Rusiya heç vaxt bizim ərazimizdə müharibəyə girməyəcək. Bundan artıq daha nə dəstək verəcək?! Verdiyini verib və hələ də verməkdədir. Rusiya bizim ərazimizdə müharibəyə qatılarsa, onda Türkiyə dərhal qərb sərhədlərindən Ermənistana girəcək. Hamı bilməlidir ki, Rusiya bizim ərazimizə bir addım atan kimi, Türkiyə İrəvandadır!

– Bəs, Naxçıvan istiqamətindən hər hansı təxribat gözlənilirmi?

– Əksinə, Ermənistan qüvvələrinin böyük əksəriyyətini Naxçıvanla sərhədi yığıb. Onlar Naxçıvandan it kimi qorxurlar ki, birdən bu istiqamətdən hücum ola bilər. Naxçıvanın indiki hərbi, strateji əhəmiyyəti Ermənistan qüvvələrini bölməkdən ibarətdir. Belə ki, Ermənistan Naxçıvana görə, özünün bütün qüvvələrini Dağlıq Qarabağa gətirə bilmir. Yəni gücünün bir hissəsini Naxçıvanla sərhəddə saxlayıb ki, hücum ola bilər. Doğrudan da əgər Dağlıq Qarabağ istiqamətində vəziyyət Azərbaycanın əleyhinə dönərsə, onda Naxçıvandan Ermənistana mütləq hücum olacaq.

– Bugünlərdə Nikol Paşinyan parlament qarşısında çıxışı zamanı Qarabağda yaranmış vəziyyətdən qaçmağın yeganə yolunu göstərib. O qeyd edib ki, bu vəziyyətin yaranmaması Dağlıq Qarabağın Azərbaycanın tərkibində yüksək muxtariyyət statusuna razılaşmaq lazım idi. Deputatlar isə buna etiraz ediblər…

– Heç bir statusdan söhbət gedə bilməz. Beynəlxalq hüquqa görə, işğalçı tərəf işğalın nəticələri ilə hər hansı bir şəkildə bəhrələnə bilməz. Paşinyan dünənə qədər Azərbaycana 7 şərt irəli sürürdü. İndi isə tülkü kimi çıxış yolu axtarmaqdadır. Azərbaycan onsuz da hələ sovet hökumətinin vaxtında Dağlıq Qarabağa ən yüksək status vermişdi. Bəs, onda nə olmuşdu? Paşinyan da digər ermənilər kimi tülküdür. Onların məqsədi bu cür yollarla müharibəni dayandırmaqdır. İstəyirlər ki, əlavə güc toplasınlar. Qətiyyən, buna getməz olmaz. Azərbaycanın tərkibində Dağlıq Qarabağa heç bir status vermək olmaz. Birincisi, konstitusiya buna imkan vermir, Azərbaycan unitar dövlətdir. Bu zaman çox vaxt Naxçıvan məsələsini deyirlər. Bunu da qanmadıqlarından deyirlər. Naxçıvan Araz-Türk Respublikasının varisidir. İki il müstəqil dövlət kimi mövcud olub, sonradan isə müstəqil respublika kimi SSRİ-nin tərkibinə daxil olub. Daha sonra Naxçıvan müstəqilliyindən Azərbaycanın nəfinə imtina edib və Azərbaycana birləşib. Dağlıq Qarabağ isə heç vaxt müstəqil dövlət olmayıb. O, Azərbaycanın bir ərazisi olub, sonradan muxtariyyət verilib. Bu baxımdan, Dağlıq Qarabağa hər hansı bir statusun verilməsi konstitusiyamıza ziddir. O cümlədən, qeyd etdiyim kimi, beynəlxalq hüquqa görə, işğalçı tərəf işğalın nəticələri ilə hər hansı bir şəkildə faydalana bilməz.

“Qeyd etdiyim ərazilər də azad edilməlidir ki, Naxçıvan artıq Azərbaycanın bir rayonuna çevrilsin!”

– Neçə ildir ki, Mehrini, yəni Naxçıvanı Bakıdan ayıran dəhlizi erməni işğalçılarından təmizləmək təklif olunur. Bildirilir ki, bu, Ermənistan rəhbərliyini sülhə məcbur etməyin ən optimal yollarından biridir. Siz bu barədə nə düşünürsünüz?

– Qeyd edim ki, Zəngəzurun Ermənistana verilməsiylə bağlı müqaviləyə görə, Zərgəzur bir şərtlə ermənilərə güzəştə gedilib ki, onlar bir daha Azərbaycana qarşı torpaq iddiasında olmasınlar. Amma bu gün ermənilər Azərbaycana qarşı yenidən torpaq iddiasındadır. Bu isə o deməkdir ki, artıq Zəngəzurla bağlı bağlanmış müqavilə öz əhəmiyyətini itirib. Bu səbəbdən də Azərbaycan Zəngəzuru da azad etməlidir! Çünki işğal olunmuş ərazi dedikdə, biz həm də Zəngəzuru, Göyçənin ətrafını və İrəvanı nəzərdə tuturuq. Bildiyiniz kimi, İrəvanın status məsələsi 100 illik təxirə salınıb, artıq bu müddət də başa çatıb. Məhz bu baxımdan, əgər Azərbaycan öz ərazilərini tamamilə işğaldan azad etmək istəyirsə, onda mütləq Zəngəzuru, Göyçənin ətrafını və İrəvanı qaytarmalıdır. Çünki Zəngəzurun işğalı ilə Naxçıvan anklava düşüb, Türkiyənin türk dünyası ilə birbaşa quru əlaqəsi kəsilib, ermənilərin əlində Naxçıvanı da işğal etmək kimi arzuları yaranıb. Bu səbəbdən də qeyd etdiyim ərazilər də azad edilməlidir ki, Naxçıvan artıq Azərbaycanın bir rayonuna çevrilsin!

Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.org