"Rusiya separatçı rejimi diriltmək istəyir" - QABİL HÜSEYNLİ

Baxış sayı:
1176

Qarabağ separatçılarının qondarma “lideri”, terrorçu Araik Arutyunyan Rusiyaya məxfi səfər edib. Yada salaq ki, o, Ermənistan baş naziri Nikol Paşinyanın ən yaxın adamıdır. Ötən həftə də İrəvanda onunla görüşəndən sonra qəfil Moskvaya getməsi suallar doğurub.

Ermənistan mətbuatında iddia olunur ki, onu Samvel Babayanla əvəz etmək istəyirlər. Başqa bir iddia da isə deyilir ki, Araik Paşinyanın hansısa gizli mesajını Moskvaya aparıb. Onun qalması və ya dəyişməsi nəyə təsir edəcək? Məğlubiyyətdən sonra Moskvada kim(lər) onunla görüşə bilər və anlamı nə ola bilər?

Politoloq Qabil Hüseynli bildirdi ki, Araik Arutyunayn cinayətkardır və Baş Prokurorluq onun barəsində cinayət işi açıb, beynəlxalq axtarışa verib. Belə bir cinayətkarın Moskvaya səfər etməsinə Rusiya hakimiyyəti imkan yaratmamalıdır. Hətta kimlərinsə dəstəyi ilə Araik Moskvaya gedibsə, Rusiya hüquq-mühafizə orqanlarının beynəlxalq hüquqa əsasən, borcudur ki, onu saxlasınlar və Azərbaycana təslim etsinlər: “Amma təəssüf ki, bunu görmürük. Əksinə, Rusiyada müəyyən dairələr cidd-cəhdlə qondarma separatçı rejimi diriltmək istəyir. Araik Arutyunyanın Moskvaya səfəri bununla bağlıdır. Dağlıq Qarabağ adlı qurum artıq mövcud deyil və onun lideri də ola bilməz. Vladimir Putin də artıq neçənci dəfədir deyib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir.

Araik isə özünü hələ də Azərbaycanın tərkib hissəsi olan bir ərazinin ”lideri" elan edir və Moskvaya bu sifətlə gedir. Bu məsələyə Kreml yəqin ki, bir aydınlıq verməli və münaqişəni alovlandıra biləcək addımların qarşısı alınmalıdır. Araikin Paşinyanın təlimatları ilə hərəkət etdiyinə və Moskvaya da onun məsləhəti ilə getdiyinə şübhə yoxdur.

Onun yerinə Samvel Babayanın gətiriləcəyi barədə Ermənistan mediasının yazdıqlarına gəlincə, Araikin yeri var ki, kimisə də onun yerinə gətirsinlər? Erməni mediası, sadəcə, “odu söndürüb külü ilə oynamaqla” məşğuldur. Birdəfəlik bilmək lazımdır ki, Dağlıq Qarabağ adlı struktur, qurum və onun başçısı mövcud deyil, onların üstündən xətt çəkilib".

Politoloq Əhəd Məmmədli də musavat.com-a bildirib ki, artıq nə qondarma ”DQR",  nə də onun  “prezidentliyi” var: "Əgər Rusiyada hansısa dairələr erməni ekstremistləri, separatçıları ilə bu cür oyunları oynamağa davam etsə, təcili surətdə Azərbaycan xəbərdarlığını edib ordusunun Xankəndinə yeridib birdəfəlik bu ilan yuvasını darmadağın etməlidir. Araikin səfərindən çıxan nəticələrin biri odur ki, Moskvada müəyyən dairələr Qarabağda erməni ekstremist-terrorçu rejimini qoruyub saxlamaq istəyir. Buna qəti şəkildə imkan vermək olmaz. Bu oyuna son qoymaq lazımdır. Bakı bu prosesi diqqətli izləyib mane olmalıdır".