“Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır” - DUMADAN ZATULİNİN "DESANT ƏMƏLİYYATI" AVANTÜRASINA CAVAB

Baxış sayı:
2235

“Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır, belə bir mövqe Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırılıb. Münaqişənin həllində müsbət nəticə əldə etmək üçün hazırda görülən tədbirlər kifayətdir”.

“RİA Novosti”nin məlumatına görə, bunları Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Andrey Krasov deyib.

Krasov həmçinin xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bu münaqişənin həlli, hərbi əməliyyatların dayandırılması və vəziyyətin dinc danışıqlar prosesinə köçürülməsi üçün bütün lazımi tədbirləri görürlər.

“Bütün bu tədbirlər müsbət nəticə əldə etmək üçün kifayətdir”, - parlamentari bildirib.

Andrey Krasov qeyd edib ki, buna görə də, “deputat Konstantin Zatulinin Rusiyanın Dağlıq Qarabağdakı vəziyyətə desant əməliyyatı şəklində mümkün reaksiya variantları barədə şərhi real vəziyyətə uyğun gəlmir”.

A.Krasov onu da vurğulayıb ki, "Konstantin Zatulinin bu şərhi vermək səlahiyyəti olmayıb. Onun bu şərhinin Dövlət Dumasının və Dumanın müdafiə komitəsinin rəsmi mövqeyinə heç bir dəxli yoxdur”.

Xatırladaq ki, bir müddət əvvəl Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitəsinin sədri Konstantin Zatulin Rusiyanın Ermənistan xalqını qorumaq üçün desant əməliyyat apara biləcəyini istisna etməmişdi./Virtualaz.org