“Rusiya sülhün, əmin-amanlığın bərqərar olunması yolunda ən böyük maneədir” - MAHİR DƏRZİYEV

Baxış sayı:
1784

"Mən bu razılaşmanı mövcud şərtlər daxilində Azərbaycanın nail ola biləcəyi ən uğurlu nəticə kimi qiymətləndirirəm".
Muxalifet.az
xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev Publika.az-a müsahibəsində deyib. Həmin müsahibəni olduğu kimi dərc edirik:
 
- Mahir müəllim, Azərbaycan Rusiya, Ermənistan arasındakı üçtərəfli razılaşmanı necə dəyərləndirirsiniz?
 
- Azərbaycan bu müharibədə tarixi ədaləti bərpa etdi, özünün əzəli və əbədi torpaqlarını geri qaytardı. Bu, Azərbaycanın tarixi, qeyd-şərtsiz qələbəsidir və bunu bütün dünya bu şəkildə qəbul edib. Amma bu müharibə Ermənistanın məğlubiyyətini təsbit etdi. Bundan əvvəl Ermənistan əgər özü üçün qat-qat üstün şərtlərlə razılaşmırdısa, bu şərtləri yerinə yetirməkdən müxtəlif vasitələrlə yayınırdısa, bu gün ondan çox özü üçün ağır olan şərtləri qəbul etməyə məcbur oldu. Yəni birmənalı olaraq Azərbaycan qalib, Ermənistan tərəfi məğlub olmuş tərəfdir. Ermənistanın bu məğlubiyyəti də yenə işğalçılıq siyasətinin məntiqi nəticəsi idi. Mən mövcud şərtlər daxilində bu razılaşmanı Azərbaycanın nail ola biləcəyi ən yaxşı, ən uğurlu nəticə kimi qiymətləndirirəm. Bu gün Azərbaycan Prezidentinin müdrik siyasəti, onun xalqı və əsgəri şanlı tarix yazdı, işğal olunmuş torpaqlarının işğaldan azad olunmasına nail oldular. Qənaətimcə, bu, ən böyük nəticədir.
 
Türkiyənin adını çəkmədiniz, bütün dünya bu sazişdə Türkiyənin də yer aldığını yaxşı bilir. Münaqişənin ilk günlərindən Azərbaycanın yanında olduğunu bəyan edən və həmişə də onun yanında olan Türkiyə artıq Cənubi Qafqaza daxil olub, buradadır. Bu da çox məqamlardan xəbər verir. Ümid etmək istəyərdim ki, məhz Türkiyə amili gələcəkdə Rusiyanın Azərbaycan torpaqlarında olmasından doğa biləcək fəsadların qarşısını almağa imkan verəcək.
 
- Bu razılaşmadan sonra Kəlbəcər rayonundan köç edən ermənilərin evləri, meşələri yandırması ilə bağlı nə düşünürsünüz, bunu niyə edirlər?

 
- Bu gün işğaldan azad olunmuş rayonların mənzərəsini artıq bütün dünya izləyə bilir. Bildiyim qədər xarici jurnalistlər də ora səfər ediblər. Yəni ermənilər bizim Azərbaycan torpaqlarında daşı daş üstə qoymayıblar. Bütün infrastrukturlar, yaşayış məskənləri dağıdılıb, yerlə-yeksan edilib və əksinə ermənilərin özlərinin yaşayış məskənlərində hər cürə şərait yaratdıqlarını da görürük. Bu, onu gösərir ki, uzun illər danışıqlar prosesi ermənilər üçün öz əməllərini, özlərinin işğalçılıq, ilhaqçılıq siyasətini pərdələmək üçün bir vasitə olub. Yəni onlar danışıqlar yolu ilə bu torpaqların bir qarışını belə güzəştə gedəsi deyildilər. Fikrimcə, bu mənzərə ondan xəbər verir. Və bu gün də Kəlbəcərdən dünyanın aparıcı xəbər agentlikləri reportajlar hazırlayırlar, ermənilər gedərkən hər şeyi məhv edirlər, evləri yandırırlar, mal-qara məhv edilir, ağacları kəsirlər, hətta ölülərini də qəbirdən çıxarıb, aparırlar. Elə bu məqamın özü də çox şeydən xəbər verir. Burada heç dərin bir sirr də yoxdur. Bu o xalqın xislətindən xəbər verən bir hərəkətdir. Digər tərəfdən artıq bunlar bir də bu torpaqlara qayıtmayacaqlarını, ayaq basa bilməyəcəklrini gözəl dərk edirlər.
 
Mən bir qısa haşiyə çıxmaq istəyirəm, Böyük vətən müharibəsindən əvvəl Sovet-Fin müharibəsi olub. Sovet ittifaqı üçün o qədər də uğurlu olmayıb. Ona görə tarix dərsliklərində də o qədər yer almayıb. Orada finlər nəhəng Sovet İttifaqına qarşı böyük dirəniş göstəriblər. Amma müharibə qurtarandan sonra sülh müqviləsinin şərtlərinə uyğun olraq Finlandiya SSRİ-yə bəzi torpaqları verməyə məcbur olub. Həmin vaxt bir yaşlı ər-arvad evlərini qoyub gedirlər. Bu zaman qadın ərinə deyir ki, 1 dəqiqə gözlə və həyətdəki güllərdən bir dəstə bağlayaraq onu içəridəki gülqabına qoyub, bayıra çıxır. Əri soruşanda ki, sən bunu nəyə görə edirsən? Deyir, ona görə etdim ki, ruslar bura gələndə görsünlər ki, burada insan yaşayıb. Mən nifaq salmaqdan çox uzağam, amma çox təəssüflər ki, ermənilərin bu hərəkətlərinə baxanda hər bir normal insanın ağlına bunu əksi olan fikirlər gəlir.
 
- Ermənistanla müharibədə qalib tərəf kimi regionun inkişafında Azərbaycanın rolunu bundan sonra necə görürsünüz?
 
- Mən Azərbaycanın hüdudlarından kənarda yaşayan milyonlarla azərbyacanlıdan biriyəm. Təbii biz azərbaycanlılar həmişə öz mədəniyyətimizlə, şanlı tariximizlə fəxr etmişik. Amma bu gün bizim ən böyük qurur və iftixar mənbəyimiz bizim milli dövlətimizdir. Milyonlarla azərbaycanlı kimi, bu qurur, iftixarı, sevinci bizə bəxş etdiyi üçün mən ilk növbədə, Azərbaycanın Prezidentinə, Ali Baş Komandanına və Azərbaycan əsgərinə öz minnətdarlığımı bildirmək istəyirəm. Kənardan baxanda çox aydın görünür ki, bu gün Azərbaycan son bir neçə əsrlik tarixində ən güclü bir dövlətdir. Son bir neçə əsr ərzində Azərbaycan bunun qədər güclü olmayıb. Bu gün Azərbaycanı hökuməti, müxalifəti də, xalqı, ordusu da bir yumruq kimi birləşib. Təbii Azərbaycan həm özünün iqtisadi potensialına, həm də insan resurslarına görə regionda həmişə lider olub. Amma bu gün Azərbaycan artıq regional güc olduğunu möhürlədi. Həm torpaqlarını işağaldan azad etməsinə, həm iqtisadi potensialına, həm də insan resurlarına görə bu gün Azərbaycan dünya çapında regional güc kimi tanınır. Və bunlar qədər də önəmli olan bir məqam var, o da Azərbaycan dövlətinin yeritdiyi siyasətdir. Azərbaycan bu gün çox uğurlu bir siyasət aparır və bunun da məntiqi nəticəsi olaraq dediyim kimi, Azərbaycan torpaqları işğaldan azad olunub.
 
Təbii analitiklər də, dünya dövlətləri də yaxın gələcəkdə Azərbaycanın daha da güclənəcəyini qəbul edirlər. Azərbaycanın bütün istiqamətlərdə daha da güclənməsi reallıqdır.
 
Gürcüstanda mənim tez-tez eşitdiyim belə bir deyim var. Deyirlər ki, “Gürcüstan təbii sərvətlərlə o qədər də zəngin deyil və bizim ixrac olunası çox az sərvətlərimiz var, amma biz cəsarətlə bütün dünyaya Azərbaycanla olan dostluğumuzu ixrac edə bilərik, bir nümunə, örnək olaraq göstərə bilərik”. Bu, doğurdan da elədir. Elə Gürcüstan misalında Azərbaycanın region üçün necə önəmli bir rol oynadığın da görmək olar. Mən Gürcüstanın millət vəkili olaraq həmişə dərin məmuniyyət hissi ilə demişəm ki, Azərbaycan-Gürcüstan əlaqələri bu gün bütün sahələrdə yüksələn xətlə inkişaf edib və həyata keçirilən nəhəng layihələr göz qabağındadır. Təbii Azərbaycanın rolu bu gün Gürcüstan ərazisindən keçir, amma onun ragiondakı o möhtəşəm rolu, regional əməkdaşlığı Avropanın eneji təhlükəsizliyi üçün çox önəmlidir. Bu, göz qabağındadır. Bildiyiniz kimi, yeni qaz kəməri ilə artıq Avropaya qaz verilməsinə başlanılıb. Artıq Azərbaycan regional nəhəng bir nəqliyyat habına çevilib, dünyanın Şərq-Qərb, yəni Çindən başlayıb Avropaya gedən nəqliyyat dəhlizində çox önəmli rol oynayır. Bu siyahını çox genişləndirmək olar. Elə adicə Azərbaycanın Gürcüstanla əməkdaşlığı ilə onun bütövlükdə Cənub Qafqazdakı rolunu səciyyələndirmək üçün yetərlidir.
 
- Mahr müəllim, bu razılaşma region üçün nə vəd edir? Yəni bundan sonra Cənubi Qafqazda sülh, sabitlik olacaq, yoxsa..?
 
- Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olması çox təəssüflər olsun ki, uzun bir müddət tələb edəcək. Yəni yaxın müddətə burada yaşayan xalqlar arasında normal münasibətlərin, əməkdaşlığın, regional əməkdaşlıq üçün mövcud olan şərtlərin tamamilə həyata keçirilməsi mümkün olmayacaq. Çünki Ermənistandan revanşist addımlar gözləniləndir. Elə indiki hakimiyyətin də, digər müxalifətdə olan siyasi qüvvələrin də bəyanatları bunu aşkar göstərir. Yəni Ermənistanda bədnam daşnak ideologiyası tərəfindən yönləndirilən ictimai rəy bu məğlubiyyətlə hələ xeyli müddət barışmaq istəməyəcək. Ona görə də Azərbaycan hazır olmalıdır. Yəni bundan sonra hadisələrin inkişafı üçün ən müxtəlif ssenarilər mövcuddur. Amma mən yenə deyirəm ki, həm bu gün Azərbaycan hökumətinin yürütdüyü balanslaşdırılmış, çoxqütblü siyasət, həm Azərbaycan Ordusunun qüdrəti, həm də orada xalqla hakimiyyətin birliyi bizim mili dövlətimzin düşmənlərinin bu ssenarilərinin qarşısını almağa imkan verəcək. Bilirsiniz ki, Gürcüstanda həll olunmamış münaqişələr mövcuddur. Gürcüstanın Abxaziya və Osetiya bölgləri Rusiya tərəfindən işğal olunub və burada da yaxın dövr üçün bu münaqişələrin həll olunması perspektivi görünmür. Azərbaycan öz ərazisində münaqişənin hərbi yolla həll presedentini yaratdı. Amma Gürcüstan üçün bu, o qədər də real görünmür. Yəni burada ayrı bir reallıq mövcuddur və təəssüf ki, bu yara hələ Gürcüstanda uzun müddət qövr edəcək. Amma bizim hamımızın arzumuzdur ki, Cənubi Qafqada sülh, əmin-amanlıq bərqərar olunsun. Bu münaqişələr aradan qaldırılsa, erməni tərəfi də bu işğalçılıq siyasətindən əl çəksə, Cənubi Qafqaz regionu dünyanın ən unitar bölgələrindən biri olar. Yəni buradakı mövcud imkanlarla dünya üçün örnək bir regiona çevrilə bilər. Yəqin ki, yaxın dövrdə erməni xalqı da bir çox məqamları özü üçün dərk edər və bu imkanlar yaranar. Ancaq qənatimcə, bu gün Cənubi Qafqazda Rusiya amili, onun imperiya ambisiyaları, bu yöndəki siyasəti sülhün, əmin-amanlığın bərqərar olunması yolunda ən böyük maneədir. Bunun üçün regionda Türkiyənin nüfuzunun artması, daha qəti addmlarla regiona daxil olması çox önəmlidir. Türkiyə bu regionda öz layiqli yerini tutmalıdır. Dediyim kimi, artıq Türkiyə regional gücdür. Son dövrdəki hadisələr də göstərdi ki, Amerika Birləşmiş Ştatları bir növ Cənubi Qafqazdan uzaqlaşıb. Bildiyiniz kimi, bu günlərdə Amerikanın dövlət katibi Pompeo Gürcüstana səfər etmişdi. Belə görünür ki, həm Gürcüstanda, həm də Amerikada bir narahatlıq var. Çünki Gürcütanda Rusiyanın bu son addımlarını narahatlıqla izləyirlər və Amerika bu regionda daha da güclənməyə çalışır. Yəqin ki, bütün bunlar Rusiyanın gələcəkdə hər hansı qeyri-adekvat addımlarının qarşısını almağa imkan verər.
 
Şamo Emin