Rusiyanın sərhədə yenidən qoşun cəmləşdirməsi nə məqsəd güdür? - SAAKAŞVİLİ BAŞ VERƏNLƏRİN 2008-Cİ İLİN AVQUSTUNU XATIRLATDIĞINI DEYİR...

Baxış sayı:
355

Xəbər verildiyi kimi, Rusiya yenidən Ukrayna sərhədlərinə, bu dəfə Krım istiqamətindən qoşun cəmləşdirməyə başlayıb. Ukrayna rəsmilərinin bildirdiyinə görə, yarımadaya oradakı qüvvələrdən əlavə 21 minlik qruplaşma yeridilib və bura müxtəlif zirehli texnika, radioelektron mübarizə vasitələri və hava hücumundan müdafiə sistemləri, o cümlədən xüsusi təyinatlı qüvvələr daxildir.

Gürcüstanın eks-prezidenti və Ukraynanın islahatlar üzrə Milli şurasının icraiyyə komitəsinin rəhbəri Mixail Saakaşvili bu baş verənləri şərh edərkən bildirib ki, Rusiya Ukraynaya iki hücum ssenarisini nəzərdən keçirə bilər. Onun fikrincə, Rusiya hərbçiləri ya ölkənin cənubuna hücum edəcək, ya da Qara dənizdəki Zmeynıy adasına desant çıxararaq orada raketlər yerləşdirəcək.

Belə ki, Saakaşviliyə görə Rusiya hazırda Ukrayna xüsusi təyinatlılarının mövqe tutduğu Zmeynıy adasına desant çıxararaq oradan Odessa, “Yujnıy” və Qara dəniz limanlarını blokadaya alacaq. İkinci ssenariyə görə isə, Rusiya qoşunları NATO-nun Ukraynadakı təlimlərinin başa çatmasının ardınca Mariupol-Zaporojye-Xerson-Nikolayev xətti üzrə hücum edəcək, oradan isə Ukraynanın dərinliklərinə doğru irəliləyəcək.

“Ukrayna ətrafında indi baş verənlər mənə 2008-ci ildə Gürcüstan ətrafında baş verənləri çox xatırladır”,-Saakaşvilini bildirib.

Siyasətçi qeyd edib ki, Rusiyanın cənubuna desant bölmələrinin “atılması” sadəcə olaraq manevr ola bilməz, onun fikrincə, Rusiya baş verənlərə Qərbin reaksiyasını yoxlamaq istəyir. “Moskvanın başlıca məqsədi təkcə Donbass üzərində deyil, Kiyev üzərində də nəzarəti ələ almaqdır”,-Saakaşvilini deyib.

Gürcüstanın keçmiş prezidenti hesab edir ki, ABŞ Rusiyanın Ukraynaya açıq hərbi müdaxiləsinə cavab verə bilmək üçün hazırlıqlar görür və NATO-Ukrayna təlimlərində bu ssenari məşq edilir./Virtualaz.org