Saakaşvili hakimiyyətə gələcəyi halda Rusiya ilə qarşıdurmaya girməyəcək - ÖZÜ AÇIQLADI

Baxış sayı:
421

Mixeil Saakaşvili hakimiyyətə gələcəyi halda Rusiya ilə qarşıdurmaya girməyəcəyini deyib.
 
APA-nın xəbərinə görə, Gürcüstanın sabiq prezidenti Saakaşvili bu barədə “Formula” telekanalının efirində bildirib:
“İndiki halda ölkəni bataqlıqdan çıxarmaq və heç kəslə qarşıdurmaya girməmək vacibdir. Bizim vəzifəmiz Rusiya ilə qarşıdurmaya girmək deyil, daxili problemləri doğru şəkildə həll etməkdir”.
Qeyd edək ki, Mixeil Saakaşvili bir müddət əvvəl Gürcüstana qayıdacağını bildirib. Prezidentliyi dövründə bir çox səhvin edildiyini etiraf edən keçmiş dövlət başçısı indi lazımi səviyyədə ölkəsinə xidmət üçün kifayət qədər təcrübə qazandığını vurğulayıb.
Gürcüstan hökumətinin bəzi nümayəndələri Saakaşvilinin açıqlamasını “yalan” adlandırıblar. Ölkənin Ədliyyə naziri Teya Tsulukiani bəyan edib ki, Saakaşvili ölkəyə gələcəyi halda dərhal sərhəd keçid məntəqəsində saxlanacaq.
Xatırladaq ki, Gürcüstanın müxalif “Güc birlikdədir” bloku sabiq prezident Mixeil Saakaşvilinin Baş nazir vəzifəsinə namizədliyini irəli sürüb. Mixeil Saakaşvili blokun qərarını məmnuniyyətlə qarşılayıb və bu vəzifəni tutmağa hazır olduğunu bildirib. Lakin o deyib ki, ən çox iki il müddətinə bu postda qalacaq. Onun sözlərinə görə, bu müddət “Gürcüstanı bataqlıqdan çıxarmaq” üçün kifayət edəcək.