SABİQ İCRA BAŞÇISI TƏRƏFİNDƏN HƏBS ETDİRİLƏN GORANBOY SAKİNİ RAYON RƏSMİLƏRİNDƏN ŞİKAYƏTÇİDİR – “Belə kadrlarla ədalətlilikdən, şəffaflıqdan danışmaq olarmı?!”

Baxış sayı:
1402

Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya yazılı və video-müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
"01.09.1985-ci ildə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olmuşam. İki ali təhsilim var. Şər-böhtanla, Goranboy rayonunun sabiq icra başçısı, hal-hazırda həbsdə olan Nizaməddin Quliyevin sifarişi əsasında məndən 2019-cu ilin mart ayında hüquq-mühafizə orqanlarına şikayət olundu, 2019-cu ilin aprel ayında həbs etdirildim.
10.06.2021-ci il tarixində azadlığa buraxılmışam. 29.06.2021-ci il və 13.07.2021-ci il tarixlərində rəsmi olaraq Goranboy Rayon İcra Hakimiyyətinin icra başçısı cənab Məhərrəm Quliyevə məni qəbul etməsini və müraciətimdə qeyd etdiyim məsələlərin nəzarəti ilə araşdırıb, bir tədbir görməsini xahiş etmişəm. Çox təəssüflər olsun ki, cənab başçı heç narahat deyil ki, vətəndaş qəbul istəyir. Həmçinin, cənab başçıya ünvanladığım ərizələrdə qeyd olunan məsələlərlə bağlı heç bir nə araşdırma aparmır, nə də tədbir görmür.
Goranboy RİH-də əyləşən bir qrup vəzifəli şəxs və bu rayonun idarə və müəssisələrində rəhbər vəzifədə əyləşən vəzifəli şəxslər sabiq, həbsdə olan icra başçı Nizaməddin Quliyevin yarıtmaz kadrlarıdır. Belə kadrlarla ədalətlilikdən, şəffaflıqdan danışmaq olarmı?”
Goranboy RİH-nin başçısı cənab Məhərrəm Quliyev nə səbəbə ​bu yarıtmaz kadrları hələ də vəzifələrində saxlayır?
Goranboy təhsili, səhiyyəsi "HƏRRACA" qoyulub. Burada dövlətimizin qanunları deyil, "bazar qanunları" hökm sürür, məmur özbaşnalığı, süründürməçilik, vətəndaşların hüquqlarını pozma halları baş alıb gedir.
Goranboy Rayon Mərkəzi Xəstəxanasının həkimləri, xüsusi ilə, nevropatoloq həkim Ayna həkim süründürməçilik edərək maddi imkanım olmadığı üçün məni müayinə, müalicə etmir, vətəndaş hüquqlarımı pozur.
Goranboy rayonu Qızılhacılı qəsəbə bələdiyyəsinin sabiq sədri Məzahir Allahverdiyev 2019-cu ildə məni aldadaraq həyətyani torpaq sahəsi, məhlə ilə təmin etmədi. Bu bələdiyyə sədrinin dövrü yoxlanılmalıdır. Bütün torpaqları qanunsuz olaraq zəbt edib, satıb. Elə bələdiyyə üzvləri var ki, deyirlər ki, biz bələdiyyə üzvü olmağımıza baxmayaraq bələdiyyə sədrinin oyunlarından xəbərimiz olmur, heç bir yerdə imzalarımız yoxdur. Bələdiyyə üzvlərinin imzaları ekspertizaya göndərilərsə saxta imzaların olduğu ortaya çıxar. Bu qəsəbənin yeni bələdiyyə sədri də mənə məhlə yeri vermir, süründürməçilik edir.
Hər iki bələdiyyə sədrlərinin iş fəaliyyətlərinin araşdırılmasını, bələdiyyə üzvlərinin imzalarının araşdırılmasını aidiyyatı qurumlardan xahiş edirəm.
Goranboy rayon təhsil şöbəsinin müdürü vəzifəsini müvəqqəti əvəz edən Maksim Bayramov məni həbsdən gəldiyim üçün qəbul etmir. Araşdırılma aparılsa Maksim Bayramovun özü həbsdə olub. Nə səbəbə həbsdə olub, araşdırılma aparılsa ŞOK olar ki, belə bir kadr millətin gələcəyi olan təhsili idarə edir.
Cənab Prezident dəfələrlə dövlət məmurlarına tapşırıqlar verir ki, vətəndaşları incitməyin, vətəndaşlara qarşı səmimi olun, süründürməçilik etməyin, şəffavlığı təmin edin, ədalətli olun, vətəndaşların hüquqlarını pozmayın, problemləri ilə məşğul olun, məmur özbaşnalığı etməyin. Çox təəssüflər olsun ki, Goranboy rayonunda Goranboy Rayon Polis Şöbəsinin, Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin vəzifəli şəxsləri istisna olmaqla, digər dövlət məmurları özbaşnalıq etməklə, vətəndaşların hüquqlarını pozmaqla, süründürməçilik etməklə məşğuldur. Rayonun icra başçısı vətəndaş olaraq məni qəbul etmir, heç bu günə kimi də narahat deyil. Müavinlərindən, digər kadrlardan, vəzifəli şəxslərdən mən nə diqqət, qayğı gözləyə bilərəm.
Möhtərəm Prezident!

22 iyul 2021-ci il tarixində rayonumuzda səfərdəydiniz. Qəsəbəmizdə fəaliyyət göstərən marketləri, aptekləri, obyektləri bağladılar, vətəbdaşları küçəyə çıxmağa imkan vermədilər. Şəxsən mənim mərkəzə çıxmağıma qadağa qoydular.
Siz bütün rayonlara səfərlər edirsiniz, vətəndaşlarla görüşürsünüz, problemləri ilə maraqlanırsınız. Bizim rayonda vətəndaşları Sizdən gizlətmək nə dərəcədə doğru idi?
Çox hörmətli Birinci vitse-prezident!
Sizdən xahiş edirəm, H.Əliyev Fondundan Goranboy RİH-nin hesabına, Goranboy Rayon Mərkəzi Xəstəxanasının hesabına, Goranboy rayon Təhsil Şöbəsinin hesabına maddi vəsait köçürülməsinə tapşırıq verəsiniz ki, bəlkə, onda RİH-nin başçısı məni qəbul edər ( yəqin ki, bu rayonda qəbul ödənişlidir, rüsum ödəmək lazımdır), Xəstəxananın həkimləri məni müayinə, müalicə edər, təhsil şöbəsi məni işə qəbul edər.
Mənə deyirlərki, qanun-qayda istəyirsənsə get Gürcüstan vətəndaşlığını qəbul elə. Nə səbəbə mən Gürcüstan vətəbdaşlığını qəbul etməliyəm. Mən Azərbaycan Respublikasının vətəndaşı olmağımla FƏXR edirəm. Mən Qalib bir dövlətin vətəndaşıyam, qürur hissi duyuram.
Goranboy rayon Dövlət Sosial Müdafiə fondu cəzaçəkmə müəssisəsindən azad olunmağımla əlaqədar mənə sosial müavinət vermir, süründürməçilik edir.
Cənab Prezident!
Sizdən xahiş edirəm ki, mənə köməklik göstərəsiniz. Mən iki ali təhsilim ola-ola öz ölkəmdə iş tapıb işləyə bilmirəm. İşsiz qalmışam. Hər iki valideynim xəstədir və heç bir yerdə işləmirlər".

Muxalifet.az
Redaksiydan: Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.