“Sizə yalvarıram, 5 azyaşlı uşağımı aclıqdan məhv olmağa qoymayın” – ACLIQ VƏ SƏFALƏT İÇİNDƏ YAŞAYAN AİLƏYƏ SOSİAL YARDIM VERİLMƏKDƏN İMTİNA OLUNUB / Prezidentə müraciət

Baxış sayı:
12508

Göyçay rayonu, Müskürlü kənd sakini Qəhrəmanova Arzu Əlisəfa qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Himayəmdə olan 5 azyaşlı uşaqla aclıq, yoxsulluq içində yaşamağa məhkum olmuşuq. Böyüyüynün 12, kiçiyinin isə 3 yaşı olmaqla, himayəmizdə 5 uşaq var. Özüm də 6 aylıq hamiləyəm.
Həyat yoldaşım işsizdir, heç bir yerdən gəlirimiz yoxdur. Günlərlə quru çörəyi belə tapmırıq. Bu səbəbdən azyaşlı uşaqlarım xəstəlik tapıblar. Ünvanlı sosial yardım təyinatı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinin müdirinin qəbulunda olduq. Bizə bildirdi ki, həyat yoldaşın Qəhrəmanov Cümşüd Yunis oğlunun adına torpaq sahəsi var, buna görə sizə sosial yardım düşmür. Mən onlara başa saldım ki, həmin torpaq əkinə yararlı deyil, şorandır, həmçinin su probleminə görə torpağı əkib, gəlir götürmək mümkün deyil. Buna baxmayaraq DSMF-nin Göyçay rayon şöbəsi 5 azyaşlı uşağın aclıqdan ölməsini nəzərə almadı.
Həyat yoldaşım hazırda həyət süpürgəsi yığıb, bağlayıb yolun kənarında satmaqla məşğuldur ki, buna görə gün ərzində 2 və ya 3 manat pul qazanır. Bu isə quru çörəyimizə güclə çatır. Bu məşğuliyyət isə cəmi 15 günlükdür.
Dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qəbulunda olub, həyat yoldaşımın və mənim işlə təmin olunmağımıza köməklik göstərməsini xahiş etsək də, əhəmiyyət verməyib. Çünki o, indiyə qədər heç bir Göyçay rayon sakininə kömək etməyib.
Bəlkə də Azərbaycanda bizim kimi aclıq, səfalət, yoxsulluq içində yaşayan ikinci bir ailə yoxdur. Evimiz çiy kərpicdən inşa edilib, köhnə və yaşamağa yararsızdır. İmkansızlıqdan bu il uşaqlarımız məktəbə oxumağa getməyəcəklər. Çünki onların paltar və ayaqqabıları yoxdur. Qohum-qonşuların verdiyi quru çörəklə nə vaxta kimi zülm çəkəcəyik?! Artıq intihar etmək həddindəyəm.
Ancaq yenə də ümüdimi üzməmişəm ki, Azərbaycan Respublikasının İlham Əliyev kimi ədalətli Prezidenti və Mehriban Əliyeva kimi mərhəmətli Birinci vitse-prezidenti var.
Hörmətli Prezident, hörmətli Mehriban xanım! Sizə yalvarıram, 5 azyaşlı uşağımı aclıqdan məhv olmağa qoymayın, bizim ailəyə ünvanlı sosial yardım təyin olunmasına köməklik göstərin”.

Muxalifet.az
 
Redaksiyadan. Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin məövqeyini də dərc etməyə hazırıq.