“SƏRHƏDLƏR RUSİYA İLƏ BİRLİKDƏ MÜƏYYƏN EDİLƏCƏK...” - Paşinyan Zəngəzurda çıxış edib

Baxış sayı:
830

Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün Sünik vilayətində (Zəngəzur) özünün seçki kampaniyasına başlayıb. Bu bölgə Paşinyan üçün ona görə kritikdir ki, müharibədən sonra Azərbaycanın öz dövlət sərhədlərini bərpa etməsi və Zəngəzur dəhlizi kimi tanınan kommunikasiyaların açılmasına dair danışıqlar Ermənistan baş nazirinə seçki ərəfəsində ciddi təzyiqlər yaradıb. Müxalifət onu “Azərbaycan ordusunun Ermənistan ərazilərinin içərilərinə doğru irəliləməsinə” yumşaq reaksiya göstərməkdə ittiham edir, üstəlik Sünik sakinlərinin də Paşinyandan məmnun olduğunu demək olmaz.

Lakin xəbərlərə görə, Paşinyan inzibati resurslardan istifadə edərək özünün seçki mitinqlərinə adamları toplayır, habelə bölgəyə böyük sayda polis qüvvələri yeridib. Görünür Paşinyan Sünikə bundan əvvəlki səfərində başına gələnlərin təkrar olunmasını istəmir. Ötən dəfə Sünikə gələndə sakinlər onu söymüşdü və avtomobilinin qarşısını kəsərək daşa basmışdı.

Paşinyanın bölgəyə səfəri Sisyan şəhərindən başlayıb. Bu şəhərdə keçirilən seçki mitinqində Paşinyan bildirib ki, Azərbaycanla sərhəddə yaranmış situasiya Rusiya ilə birlikdə həllini tapmalıdır.

“Bizim təsəvvürümüz belədir: sərhəd nöqtələri boyu Rusiya sərhəd qoşunlarının nümayəndələri yerləşdirilir, onlar beynəlxalq müşahidəçilərin nəzarəti altında Sotk qəsəbəsi ilə Xoznavar kəndi arasından keçən sərhəd xəttini dəqiqləşdirirlər. Buna qədər isə Azərbaycan və Ermənistan qoşunları güzgü prinsipi ilə öz daimi dislokasiya yerlərinə qayıtmalıdır”,-Paşinyan bildirib.