Tağı Əhmədovun milyonlarını Eldar Mahmudovun ardınca mərmər tacirləri "yedi" SƏLƏMƏ PUL VERDİYİ XƏLİLOVU YAP-IN QƏRARGAHINDA DÖYÜB

Baxış sayı:
521

“Bakı Metropoliteni” QSC-nin keçmiş sədri, ötən həftə YAP-ın Yasamal təşkilatının sədri vəzifəsindən uzaqlaşdırılan, ləğv edilmiş MTN-nin rəhbəri olarkən Eldar Mahmudova 3 milyon dollar verib ondan canını qurtara bilmiş  Tağı Əhmədovun adı bu dəfə dələduzluq işində çəkilir. Xeyr, Tağı Əhmədov özü birbaşa dələduzluq əməli ilə məşğul olmayıb, indiki halda o, “qurbandır” və sələmə verdiyi milyonlarla manatı geri ala bilməyib. Ondan sələmə pul götürüb qaytarmamaqda ittiham olunanlar isə məhkəmə qarşısına çıxarılıb.

Bu cinayət işi üzrə təqsirləndirilən şəxslər ötən həftə, sentyabrın 10-da məhkəmədə də danışıblar. “Azadlıq” radiosu bildirir ki, iş üzrə  üç nəfər təqsirləndirilən şəxs var: Qulu Muxtarov, Sahil Abuşov və Səadət Xəlilov. Onlar CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham edilirlər.

Adları çəkilənlərdən yalnız Xəlilov həbsdədir, digər iki nəfər barəsində istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Bir nəfər – Soltan Əliyev isə zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, təqsirləndirilənlər Əliyevin etibarından sui-istifadə edib, onun külli miqdarda pulunu alıb qaytarmayıblar. Soltan Əliyev Tağı Əhmədovun yaxın dostu, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professordur.

Sentyabrın 10-da məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər bildiriblər ki, onlar pulu sələmlə götürüblər, buna görə aylıq faiz ödənilib. Sələmlə alınmış pullar isə Soltan Əliyevin yox, Tağı Əhmədovun olub.

"Üç dəfə ondan pul götürdük..."

Təqsirləndirilən Abuşov deyir ki, mərmər biznesilə məşğul olublar. Mərməri Qazaxıstandan, İrandan gətiriblər. Elə hallar olub ki, malın gətirilməsində və s. problem yaranıb: “Mərmər işi üçün bizə verilən pulları Soltan müəllim Tağı müəllimdən götürürdü. Aylıq 1.5-2 faizlə. Üç dəfə ondan pul götürdük. Adətən Yasamalda, YAP-ın binasının yanında götürürdük. Faizləri ödəyirdik…”

O, sələmlə 200 min, 950 min manat pul götürdüklərini yada salıb. Dediyinə görə, bəzən biznesdə yaranmış problemlər üzündən aylıq faizi ödəməkdə çətinlik çəkiblər. Ona görə digər təqsirləndirilən Qulu Muxtarov qiymətli daşı (mərməri) girov qoyub ki, əlavə pul götürsünlər. Təqsirləndirilən Muxtarov deyir ki, qiymətli daş Əli adlı dostuna məxsus olub. Həmin dostunun da müalicəsinə görə böyük məbləğdə pula ehtiyacı olub, bu üzdən həmin daşı satmaq istəyib:

“Səadət müəllimi Keşlədə zavodda işləyəndən tanıyıram, dostluq edirdik, arada bulvarda gəzişirdik. Bilirdim ki, xaricdən mərmər gətirir. O, mənə demişdi ki, Soltan adlı tanışı var, Tağı Əhmədovun dostudur, bizə pul verəcək, böyük işlər görəcəyik. Əli daşı satmaq istəyəndə onları əlaqələndirdim. Daşı Səadət müəllimə verdim ki, onu satsınlar”,-təqsirləndirilən Abuşov məhkəmədə deyib.

"Daş bir milyona satılmalıydı"

Təqsirləndirilən şəxsin sözlərinə görə, daşın 1 milyon qiyməti vardı. Səadət Xəlilov və ortağına daşı girov qoyub, pul götürüblər, daşın sahibinə ilkin olaraq, 350 min manat pul verilib, 650 min borclu qalıblar: “Girov qoyub pul götürürdülər, sonra onu satacaqdılar. Daş 1 milyona satılmalıydı. Amma daşın sonrakı aqibətindən mənim xəbərim olmadı. Mən arada ofisdə Səadət müəllim və Soltanın söhbətlərini eşidirdim, ondan bilirdim ki, Tağı Əhmədovun faizlərini gecikdirirlər deyəsən. Amma mənim bu məsələlərə aidiyyətim olmayıb”.

İş üzrə fiqurantlardan Qulu  Muxtarov vaxtilə Bakı şəhər Baş Polis İdarəsində işləyib, bir müddət öncə təqaüdə çıxıb. O, bildirib ki, Səadət və Soltan Tağı Əhmədova verilməli olan faizləri gecikdirirdi, buna görə də aralarında problemlər yaranmışdı: “Onların Tağı Əhmədovdan 3 dəfə pul götürdüklərini bilirəm, 200 min manat bir, 850 min manat bir, 750 min manat da bir. Bir dəfə faizi ödəməyə gedəndə mən də onlarla getdim. Tağı müəllim hər adamı qəbul eləməzdi, amma mən vaxtilə Beynəlxalq Bankın rəhbəri olmuş Cahangir Hacıyevin mühafizəçisi olmuşdum. Tağı Əhmədovun onunla arası yaxşı olduğu üçün məni içəri buraxdı. Bir müddət sonra Səadətin işlərində problemlər yarandı və Tağı müəllimin faizlərini ödəyə bilmədilər. Soltan deyirdi ki, bunlar məni Tağı müəllimin yanında biabır ediblər”.

Qulu Muxtarovun sözlərinə görə, hətta Tağı Əhmədov ödənişi gecikdirdiyi üçün Səadət Xəlilovu yanına çağıraraq döyüb: “Bir dəfə ofisə getdim. Soltan tək oturmuşdu, dedi ki, “Səadət Tağı müəllimlə görüşməyə gedib, zəng elə gör, haradadır”. Səadətə zəng vurub harada olduğunu soruşdum. Dedi, “harada olacam, cəhənnəmdə, Tağı müəllim məni döyüb biabır elədi”.

Növbəti məhkəmə iclasında zərərçəkmiş Soltan Əliyev dindiriləcək. CM-in 178.3.2 maddəsində 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. 73-yaşlı Tağı Əhmədov 1998-2014-cü illərdə “Bakı Metropoliteni”nin rəisi vəzifəsində çalışıb. Uzun illər YAP-ın Yasamal rayon təşkilatına rəhbərlik edən Əhmədov sentyabrın 10-da bu vəzifədən azad edilib.

Xatırladaq ki, Tağı Əhmədovun adı “MTN işi” üzrə zərərçəkən kimi keçirdi. Səbəb isə o idi ki, 2014-cü ildə MTN əməkdaşları general Akif Çovdarovun adından ona xəbərdarlıq mesajları göndəriblər, barəsində çoxlu şikayətlər daxil olduğunu deyiblər və pul verməli olduğunu bildiriblər.  Tağı Əhmədov bu təhdidlərlə bağlı Eldar Mahmudovla danışmaq istəyib, amma dəfələrlə zəng vursa da nazirin köməkçisi və eyni zamanda əmisi oğlu Vüqar Mahmudov onu MTN rəhbəri ilə calaşdırmayıb. Nəhayət 5-6 cəhddən sonra Tağı Əhmədova cavab verib ki, məsələni nazirə məruzə edib. E.Mahmudovun cavabı isə bu olub ki, qoy gedib məsələni Akif Çovdarovla həll etsin.

Bu cavabın ardınca Tağı Əhmədov çıxış yolu olmadığını görərək Akif Çovdarova 3 milyon manat (o zamankı məzənnə ilə) verməyə razılaşıb, pulları dollar, avro və manat qismində şəxsən MTN generalına çatdırıb. Bununla da Mahmudovdan canını qurtara bilib.

Məhkəmədə isə Tağı Əhmədov 3 milyon manatı haradan aldığı haqda suallara belə cavab vermişdi: “40 illik əmək haqqım idi, yığıb saxlamışdım”

Lakin belə görünür ki, Tağı Əhmədovun “40 illik əmək haqqı”nın hamısını qamarlamaq Eldar Mahmudova və Akif Çovdarova nəsib olmayıb. Onun “yastıq altında” yenə milyonları qalıb və bu dəfə sələmçilik fəaliyyəti nəticəsində pulların bir qismini güdaza verib.../virtualaz.org