TRAMPIN “3 İLƏ ABŞ MƏHV OLACAQ” İFADƏSİNİN SENSASİON GİZLİNLƏRİ… - Birləşmiş Ştatlar dünyadakı hegemon titulunu Böyük Britaniyaya geri təslim edir və…

Baxış sayı:
1335

2021-ci il 15 sentyabrda Avstraliya, İngiltərə və ABŞ liderlərinin AUKUS adlı üçtərəfli təhlükəsizlik tərəfdaşlığı yaratmaq üçün birgə bəyanatı dünya ictimaiyyətinə açıqlandı. Məsələnin daha da aydınlaşması üçün sənədin birinci abzasına nəzər salmaq yerinə düşər:

“Avstraliya, Böyük Britaniya və ABŞ-ın liderləri olaraq, ideallarımızı və qaydalara əsaslanan beynəlxalq nizama sadiqliyimizi rəhbər tutaraq, biz 21-ci əsrin çağırışlarına cavab vermək üçün tərəfdaşlarla əməkdaşlıq, Hind-Sakit Okean regionunda diplomatik, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək əzmindəyik. Bu səylər çərçivəsində AUKUS - Avstraliya, Böyük Britaniya və ABŞ adlı genişlənmiş üçtərəfli təhlükəsizlik tərəfdaşlığının yaradılmasını elan edirik".

Burada əsas məsələ budur ki, anqlo-saksonların daha sıx ittifaqı nəyə lazım idi?

İlk baxışda AUKUS təşəbbüsü Hind-Sakit Okean bölgəsinə iddialı çağırışlar olduğu üçün anti-Çin adlandırıldı. Bununla belə, AUKUS-a sırf anti-Çin nəzəri ilə baxmaq mövzuya dar  yanaşmadır. Diqqətin Çinə cəmlənməsini asan izah etmək olar. Məhz Çinin sürətli iqtisadi, siyasi-hərbi yüksəlişi ABŞ və bütövlükdə Qərb üçün 21-ci əsrin əsas probleminə çevrildi. Çin ucuz fabrikdən iddialı, güclü geoiqtisadi-geosiyasi rəqibə çevrilib.

Eyni zamanda, Vaşinqton ən yaxın “qan qardaşları” olan müttəfiqləri ilə daha qlobal problemi həll edir - görüntü odur ki, o, bütün dünyada anqlo-saksonların iqtisadi, siyasi, hərbi və ideoloji hökmranlığını qoruyub saxlamağa çalışır. Ona görə də AUKUS-un yaradılmasına məhz bu rakursdan baxmaq məsələyə daha düzgün yanaşma olar. Anglo-sakson dünyasının qüvvələrini cəmləməsində tam "qeyri-təsadüfi" hadisələr zəncirindəki ilk halqa 2020-ci il 31 yanvardakı İngiltərənin rəsmi olaraq Avropa Birliyini tərk etdiyi “Brexsit”dir.

Gəlin, AUKUS ölkələrinin ərazilərinin ümumi sahəsinə və əhalinin sayına baxaq. ABŞ-ın ərazisi 9,834 milyon kv. km, əhalisi 332,3 milyon nəfər; Britaniya - 0,2448 milyon kv. km və əhalisi 67,9 milyon nəfər, Avstraliya - 7,692 milyon kv. km və əhalisi 25,7 milyon nəfərdir. AUKUS ölkələrinin ümumi sahəsi 17,77 milyon kv. km-dir və təxminən 426 milyon əhalisi var.

AUKUS tərəfdaşlıq xəritəsinə diqqətlə baxsaq, bu qənaətə gələ bilərik ki, Anqlo-sakson dünyasının daha bir ölkəsi - Kanadanın da orada yeri var və təbii ki, bu ölkə də ittifaqdakı yerini alacaq. Bu isə daha 38,3 milyon insan və 9,97 milyon kv.km deməkdir.

Anglo-sakson dünyasının başqa bir dövləti Yeni Zelandiyanın sahəsi 0,269 milyon kv.km, əhalisi təxminən 5 milyon nəfərdir. Ciddi oyunçu kimi onun AUKUS-da iştirakı nəzərdə tutulmur və özü də ora can atmır. NATO-ya üzvlük yolu ilə idarə olunan bu dövlətin də rəsmi başçısı Britaniya kraliçasıdır. Nüvə statusunda olmayan Yeni Zelandiyanın potensial rolu qlobal təlatümlər anında Qərbin siyasi-iqtisadi elitasına sığınacaq kimi xidmət etməkdir.

Beləliklə, potensial genişləndirilmiş AUKUS ittifaqının ümumi sahəsi 27,74 milyon kv. km, əhalisi 464 milyon nəfər olacaq. Müqayisə üçün, Çin 9,6 milyon kv. km ərazini əhatə edir, əhalisi isə 1,443 milyon nəfər civarındadır.

AUKUS-un yaradılması Qərbi mərkəzə və əyalətlərə bölür: Kollektiv Qərbin nüvəsi anqlo-sakson dünyası ölkələri, birinci səviyyə əyalət-periferiya – Avropa İttifaqı ölkələri, Yaponiya və Cənubi Koreya, ikinci səviyyəni isə qalan ölkələr təşkil edəcək. Təbii ki, maraqlar baxımından ABŞ, İngiltərə, Avstraliya və Kanadanın mənafeləri ön plana çıxacaq.

Bu yanaşmanın parlaq nümunəsi kimi, 2021-ci ilin sentyabrında Avstraliyanın nüvə sualtı qayıqlarının tikintisi üzrə Fransa ilə əməkdaşlığın, milyardlıq müqavilənin ABŞ və Britaniyanın lehinə ləğvini göstərmək olar.

2015-2016-cı illərdə Avropada süni şəkildə kəskin miqrasiya böhranı yaradıldı. 2021-ci ilin mayında Avropa Parlamentinin dəstəyilə Çin ilə "Hərtərəfli İnvestisiya Sazişi" donduruldu və bu, Aİ ölkələrinə Çin bazarına geniş çıxış əldə etməyə imkan verdi.

Avropa İttifaqının strateji muxtariyyət yolu ilə irəliləmək, ABŞ-dan asılılıqdan azad olmaq, daha müstəqil olmaq cəhdləri anqlo-saksların nəzarətində olan Avropa elitaları, NATO mexanizmləri, eləcə də ABŞ-la ticarətdə iqtisadi əngəllər vasitəsilə qətiyyətlə yatırılacaq. Çünki ABŞ və Britaniyanın nəzarətindəki bu mexanizmlər Avropanı bütünlükdə asılılıqda saxlamaq üçün rıçaqlardır. Anglo-sakson mərkəzinə Aİ-nin strateji muxtariyyəti lazım deyil, çünki Avropa İttifaqı bu konfiqurasiyada zəif tərəfdaş "qurbanlıq qoç" olmalıdır və başqa şeylərlə yanaşı, yeni anqlo-sakson sisteminin nüvəsi üçün qida kimi xidmət edəcək.

Hindistan ayrı mövzudur. Yeni Dehli ABŞ, Yaponiya, Avstraliya, Hindistanı əhatə edən təhlükəsizlik məsələləri üzrə dördtərəfli strateji dialoq çərçivəsi olan QUAD formatında Çinlə sərt qarşıdurmaya cəlb olunur. London Pekini elə öz ətraf qonşuları çərçivəsində mühasirəyə alır. Bu format 2007-ci ildə yaradılmışdı, lakin Donald Tramp dövründə yenidən canlandırıldı.

Hindistanın Çinə qarşı bu tərzdə istifadəsi anoloji olaraq bir vaxtlar Çinin SSRİ-yə qarşı istifadəsinə oxşayır. Dehlinin Qərb texnologiyalarına çıxış, Qərb maliyyəsi ilə dəstəklənməsi anqlo-saksonlar üçün Hindistan bazarının tam açılması müqabilində verilib. Bu yanaşma həm də hərbi-siyasi sahədə əməkdaşlığı nəzərdə tutur, lakin bu o demək deyil ki, Çinlə hərbi münaqişə yaranarsa, anqlo-saksonlar Hindistanın tərəfində açıq müharibəyə girmək üçün ciddi öhdəliklərə boyun olublar.

İngiltərənin köhnə müstəmləkə əlaqələri Hindistana böyük kömək olacaq. Hindistanı "AUKUS çətiri altına" çəkməklə ittifaqın gücünə daha 1,382 milyon insan və 3,287 milyon kv. km ərazi qatılacaq.

Beləliklə, ABŞ-ın dünya hegemonu kimi rolunun zəifləməsi fonunda bütün dünyada anqlo-saksonların (britlərin-Britaniyanın) iqtisadi, siyasi, hərbi və ideoloji hökmranlığının qorunub saxlanmasının modernləşdirilmiş sistemi tədricən formalaşır. Yəni ABŞ dünyadakı hegemon rolunu Böyük Britaniyaya verir. İndi sabiq prezident Donald Trampın "Make America Great Again"  -MAGA şüarının mahiyyəti aydın olurmu? Yaxud Trampın "3 ilə ABŞ məhv olacaq" ifadəsinin haradan qaynaqlandığı anlaşılırmı? ABŞ, əlbəttə güclü dövlət kimi qalacaq, amma 300 il əvvəlki koloniya statusuna qayıdaraq, dünyadakı hegemon titulunu Böyük Britaniyaya geri təslim edəcək. Birləşmiş Krallığın baş naziri Boris Consonun dünyaya anons etdiyi Qlobal Britaniya strategiyası elə bu deməkdir.  

Artıq yeni sistemin qurulması istiqamətində ilk addımlar atılıb: Britaniya Avropa İttifaqından çıxdı, genişlənmiş üçtərəfli təhlükəsizlik qurumu - AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ) yaradıldı. Anglo-saksonların növbəti təbii addımları Kanadanın AUKUS-a qoşulması və Hindistanı öz təsir orbitinə çəkmək cəhdidir.

Yeri gəlmişkən, burada deyək ki, Böyük Britaniya Avstraliyanı ABŞ-ın yerinə daha çox irəli çıxaracaq. AUKUS-la bunun təməli qoyuldu. “Resurs”u isə ABŞ-ın hesabına təmin ediləcək.