TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATINDAN RUSİYA VƏ ÇİNƏ “AÇIQ QAPI”... - Dmitri Rodionov: “Sovet dövründə Moskva türk dünyasını indikindən daha çox idarə edirdi...”

Baxış sayı:
814

“İndiki müstəqil Qafqaz ilə Orta Asiyada türk təsirinin yayılması Rusiya üçün təhlükəlidir”

“Türkiyənin türk birliyi ideologiyası var, biz cavab olaraq nə təklif edə bilərik: rus dünyası?”

“Moskva artıq Azərbaycanı “itirib” və Mərkəzi Asiyada vəziyyət Azərbaycanla müqayisədə pis olmasa da, yaxşı da deyil"

Ankara Türk Dövlətləri Təşkilatını yaradanda bir çox rus şərhçiləri gileylənirdilər ki, Rusiyada TDT-nin üzv dövlətlərindəkindən daha çox türk xalqları var. İndi yüksək rütbəli türkiyəli siyasətçi Rusiya və Çinin də TDT-ya qoşula biləcəyi təklifi ilə cavab verdi.

Qafqaz.media-nın məlumatına görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini, Böyük Millət Məclisinin üzvü Binəli Yıldırım deyir ki, Rusiya və Çin yeni təşkilatın tam təbii üzvləri olacaq. Ancaq bəzi ruslar bu məsələdə kimin kimi “udacağı”, yaxud "həzm-rabedən keçirəcəyi" ilə maraqlanır.

Moskvalı şərhçi Dmitri Rodionova görə, bu, çətin ki, Rusiyanın qoşulması üçün rəsmi dəvət mahiyyətini daşısın: “Bir çox türklər artıq Yıldırımın ideyasını tənqid ediblər, baxmayaraq ki, bunun arxasında müəyyən məntiq var: Rusiya türklərin yarandığı, hələ də çoxlu sayda türk xalqlarının yaşadığı, hətta pantürkizm ideyasının yarandığı yerdir”.

Dmitri Rodionov

Rodionov deyir ki, Sovet dövründə Moskva türk dünyasını indikindən daha çox idarə edirdi və indiki müstəqil Qafqaz ilə Orta Asiyada türk təsirinin yayılması Rusiya üçün “təhlükəli”dir: “Moskva artıq Azərbaycanı “itirib” və Mərkəzi Asiyada vəziyyət Azərbaycanla müqayisədə pis olmasa da, yaxşı da deyil. Türk təşkilatına qoşulmaq vəziyyəti daha da qəlizləşdirəcək. Belə ki, bu addım Moskvanın Türkiyənin Azərbaycan üzərində dominantlığı ilə üzləşdiyi itkiləri daha da çətinləşdirəcək və Zəngəzur dəhlizi açılarsa, Ankara çoxdan gözlənilən Xəzərə çıxışına və böyük qaz və neft ehtiyatlarına sahib olacaq. Türkiyə bu sahəyə aktiv şəkildə sərmayə qoyur”.

Rodionov hesab edir ki, Türkiyə bununla Rusiyadan daha yaxşı vəziyyətdədir: “Onun türk birliyi ideologiyası var. Və biz cavab olaraq nə təklif edə bilərik? Rus dünyası? Bu, mümkün deyil, Rusiyanın türk dünyası ideyasını ələ keçirməsi də mümkün deyil. Bu fikir maraqlıdır, lakin nəticədə dalana dirənir. Eyni şey Avrasiyaçılıq üçün də keçərlidir”.

“Rusiyaya lazım olan öz tələblərinə əsaslanan dövlət ideologiyası, Asiyaya, cənuba, Əfqanıstana və Hindistana çıxış yoludur. 300 ildir ki, bu, Rusiyanın aparıcı ambisiyası olub”, - deyən Rodionov bildirib ki, Rusiyanın bu ana ideyası yenidən öz ideoloji gündəminin mərkəzində olmalıdır. Amerikalıların 1990-cı illərdə israr etdiyi "ideologiyanın yoxluğu" Moskvanı ancaq geridə qoyur.