Türkiyə İlham Əliyevə təşəkkür etdi - YUNANISTANLA QARŞIDURMADA GÖSTƏRDİYİ DƏSTƏYƏ GÖRƏ

Baxış sayı:
5088

“Çox təşəkkürlər edirəm cənab Prezident! Can Azərbaycanın dəstəyinə heç vaxt şübhəmiz olmadı. Türkiyə də həmişə tərəddüdsüz Azərbaycanın yanında olacaq”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında Azərbaycan  Prezidenti İlham Əliyevin Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən ifadə etdiyi “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” fikrinə münasibət bildirərkən yazıb.

Xatırladaq ki, Prezident İlham Əliyev Yunanıstanın Azərbaycandakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirini  qəbul edərkən, Türkiyə ilə Yunanıstan arasında Şərqi Aralıq dənizi bölgəsindəki gərginliyə də toxunub. İlham Əliyev Türkiyənin Azərbaycanın təkcə dostu və tərəfdaşı deyil, eyni zamanda qardaş bir ölkə olduğunu bildirib: “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz”./Virtualaz.org