Türkiyəli məmur 27 il əvvəl Qarabağın azad olunması üçün qurban dedi - QƏLƏBƏDƏN SONRA KƏSİB KASIBLARA PAYLADI / FOTO

Baxış sayı:
482

Türkiyənin İğdır vilayətinin Fövqəladə Hallar və Təcili Yardım İdarəsinin (AFAD) müdiri Bülent Zeğem 27 il əvvəl Qarabağın işğaldan azad edilməsi üçün qurban deyib. Azad edilən torpaqlara Azərbaycan bayraqları sancılandan sonra Bülent Zeğem qurbanlar kəsib, aztəminatlı ailələrə paylayıb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zeğem hələ gəncliyində Azərbaycan torpaqlarının azad ediləcəyi gündə qurbanlar kəsəcəyinə niyyət edib. 27 il sonra Qarabağda hərbi əməliyyatlar qələbə ilə sonuclanıb, Azərbaycan öz torpaqlarını geri alıb. Bülent Zegem də öz arzusuna qovuşub. Zegem bildirib ki, Qarabağın işğal edilməsi, qardaş azərbaycanlıların öldürülməsi, yurd-yuvalarından çıxarılması xəbəri onu sarsıldıb.

“Xəbərləri izləyirdim, mənə çox pis təsir edirdi. Azərbaycanlı qardaşları yaşadıqlarını hiss edirdim. 1993-cü ildən hər gün dua edirdim, Qarabağ azad edilsin, qardaşlarımız torpaqlarına geri qayıtsınlar. İşğal illərində onlara yardım edə bilmədik”. İdarə müdiri əlavə edib ki, Azərbaycanın haqq savaşına Türkiyənin də dəstək verməsi onu qürurlandırıb: “Bütün türk dünyası Qarabağ savaşının bitməsini gözləyirdi. Biz bu problemi həll etməyi bacardıq”.

Zeğem deyib ki, prezident İlham Əliyevin hər çıxışını izləyir, qürurlanır: “Nəhayət, arzum həyata keçdi. Çox sevinirəm, amma əlimdən başqa birşey gəlmir. Sadəcə, dua edirəm”.

Ü.Xudiyeva