Vaksin vurduran həkimlər özlərini necə hiss edir? - “Hippokratın goruna and olsun ki, şprisdəki vaksin idi”

Baxış sayı:
613

Yanvarın 18-dən Azərbaycanda koronavirus (COVİD-19) pandemiyasına qarşı peyvəndləmə aksiyasına başlandı. İlkin mərhələdə risk qrupuna daxil olan tibb işçilərinə vaksin vurulur. Fevralın 1-dən isə 65 yaşdan yuxarı əhalinin peyvəndlənməsinə start veriləcək. 

Daha sonra hüquq-mühafizə orqanlarının əks-epidemik tədbirlərə cəlb olunan heyəti peyvənd olunacaq. Həmçinin, tibbi cəhətdən yüksək risk qrupuna daxil olanlar, tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin, bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər vaksinasiyaya cəlb olunacaq.

50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar
peyvənd olunacaqlar.

Azərbaycanda vaksin vurdurmaq könüllüdür… Çindən alınan “Sinovac” vaksini insanlara pulsuz vurulur. Amma bütün dünyada olduğu kimi, Azərbaycanda da peyvəndlərə birmənalı münasibət yoxdur. Bəzi insanlar indidən peyvənd olunmaqdan imtina edəcəklərini bildirirlər.

Tanınmış həkimlər isə insanları tərəddüd etmədən vaksin vurdurmağa çağırmaqdadırlar. Bəs vaksin vurduran həkimlər özlərini necə hiss edirlər, orqanizmlərində hər hansı dəyişiklik sezirlərmi?

Muxalifet.az modern.az-a istinadən vaksin vurduran bir neçə tanınmış həkimin cavabını təqdim edir:

Uroloq-cərrah Vasif İsmayıl:

“Koronavirus peyvəndindən sonra 2-ci gün. Məndə heç bir dəyişiklik yoxdur. Maska taxmağa və sosial məsafə gözləməyə davam edəcəm. Niyə?

  • Peyvənd hələ qoruyucu təsirini başlamayıb. İki-üç həftəyə ancaq yaranar. Bir də əsas qoruma ikinci dozadan yeddi gün sonra yaranır. Buna isə məndə hələ çox var.
  • Peyvənd olunsam da, əgər cəmiyyətdə peyvəndlənmiş insan nisbəti 60%-dən azdırsa, yoluxma ola bilər”.

    Tibb elmlər doktoru, professor Adil Qeybulla:

“Mən Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Korpusunda COVID-19 infeksaiyasına qarşı Çin Xalq Respublikasından alınan "Sinovac" vaksininin 1-ci dozasını vurdurdum. Artıq peyvənd olunmağımdan xeyli vaxt ötür. İnanın, iynə yerində xəfif ağrıdan başqa heç bir diskomfort yoxdur.
Şübhəsiz ki, peyvəndləmə pandemiyanın sonu deyildir. Amma infeksiya zəncirinin qırılmasının, onun kaskad şəklində yayılmasının qarşısını almaq üçün vacib prosedurdur. Biz bu yolla, kollektiv immunitetə və pandemiyanın sonuna tez və daha az itkilərlə yetişə bilərik. Peyvənd aktiv immunizasiya metodu olub infeksiyalarla mübarizə işində elmin nail olduğu ən effektiv vasitə olaraq qalır.

Məhz kütləvi peyvəndləmənin nəticəsi olaraq, bu gün on minlərlə uşağın həyatına son qoyan, onları əlil edən skarlatina, difteriya, göy öskürək (boğmaca), qızılca, poliomielit kimi infeksiyalar yoxa çıxmış görünür. Peyvəndin köməyi ilə insanlıq tarixində pandemiyalar törətməklə təxminən 500 milyon insanın həyatına son qoyan təbii çiçək kimi xüsusi təhlükəli infeksiya yoxa çıxmış və Ümumdünya Səhiyyə Təşkilatından reyestrindən çıxarılmışdır.

Bu reallıqları nəzərə almaq gərəkdir.

Pandemiyanın başlanğıcında bəzi iadamların sürətlə yayılan infeksiyanı yalan, boş şey, insanları məhv etmək metodu və s. kimi primitiv səviyyədə cəfəng, əsassız və məntiqsiz təbliğat aparmaqlarını yada salın. Təəssüf ki, sonradan həmin infodemiya (dezinformasiya) hörgütünün bəzi üzvləri özləri də xəstələndilər, onların içərisində həyatlarını itirənlər də az olmadı...

Ona görə də qətiyyən vaksin tərəddüdünə qoşulmayın, bu antikampaniyanı bilərəkdən yayan və ya səmimi yanılanların təbliğatına uymayın. Peyvənd olunun, bundan qətiyyən çəkinməyin”.

Anestezioloq-reanimatoloq Şahin Məmmədov:

“Mən də vaksin vurdurdum. Bəziləri inanmır ki şprisdəki vaksin idi. Zarafatla deyirlər ki, yəqin vitamin vurdurmusan. Mən də eyni tərzdə acvab verirəm: Heç mən sizə yalan deyərəm? Hippokratın goruna and olsun ki, şprisdəki vaksin idi. İndi inandız?

Bu günə qədər yüzlərlə koronaviruslu xəstə ilə işlədim, amma özümü qorumağı bacardım və vaksinasiya prosesinə sağ-salamat gəlib çata bildim.

Çox adam sosial şəbəkədə həyəcanla soruşur ki, “ay doktor, peyvəndləmədən sonra necəsiz?”. Sanki çoxu gözləyir ki, vaksindən sonra bir-iki günə pisləşəcəm. Sağ-salamatam, narahat olmayın.
Amma vaksindən sonra hələ immunitetin əmələ gəlməsinə minimum 1 ay var. Arxayınlaşmaq, ehtiyatı əldən vermək olmaz.

Vaksin ideal qoruma vasitəsi olmasa da, hazırda koronavirusa qarşı tətbiq edə biləcəyimiz başqa seçim yoxdur. Türkiyədə artıq yüz minlərlə insan peyvənd olunub, ciddi fəsadlar yaşansaydı, rəsmi açıqlama verilməsə belə, insanlar sosial şəbəkədə paylaşardı”.