XANKƏNDİNİN RUS HEYKƏLLƏRİ İLƏ “YENİDƏN İŞĞALI”– Rəsmi Bakı Rusiya və Ermənistanın bu “heykəlbazlığı"na nə üçün reaksiya vermir?

Baxış sayı:
943

Bu şəhərdə rus ədiblərin və rus pilotların abidəsinin ucaldılması hansı məntiqə əsaslanır?

Belə bir fikir var ki, hadisələri üstündən bir müddət keçdikdən sonra qiymətləndirmək onlara daha obyektiv baxmaq imkanı verir. Olaylar isti-isti başqa cür qavranılır, bir müddət keçəndən sonra fərqli nüansların da özünü biruzə verməsilə mənzərə mənfi və müsbət tərəfləri ilə tam təsvirə malik olur.
Əlbəttə, müharibədən sonra əldə etdiklərimizi yox saya bilmərik. 8 noyabrda Zəfər günümüzü qeyd etdik, amma Xankəndindən Şuşadakı atəşfəşanlığın izlənməsi də baş verdi. Həm də Xankəndində Şuşa atəşfəşanlığını izləyənlər biz yox, ermənilər idi.
Burun ardınca isə, Qarabağda rus “sülhməramlılar”ın hərbi şəhərciyində “Rusiya Şöhrət Xiyabanı” yaradıldı və burada 44 günlük savaş zamanı vurulan Mi-24 helikopterinin rusiyalı zabitlərinin xatirəsinə ucaldılan abidənin açılışı oldu. Üstəlik, Rusiyanın 10 dahi şəxsinin - Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasiliy Şukşin və Mixail Şoloxovun büstləri qoyuldu. Bu məqamda Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşada "güllələnmiş heykəllərin" geri qaytarılması mərasimi istər-istəməz yada düşür. Amma bunun bir əmması var. Çünki Şuşa Azərbaycan torpağıdır, elə Xankəndi də. Şuşaya bağlı şəxsiyyətlərin, əlbəttə, burada heykəl və abidəsinin olması məntiqli və yerindədir. Bəs Xankəndində rus ədiblərinin heykəlinin, ya rus pilotların abidəsinin olması hansı məntiqə əsaslanır? Xankəndi rus torpağı, yaxud Ermənistan ərazisidirmi? Nə üçün Xankəndini rus heykəllərinin “işğal etməsi”nə Azərbaycanın rəsmi şəxsləri tərəfindən hır hansı münasibət bildirilmir?! Yoxsa, bu məsələ - Xankəndinin ruslaşdırılması Rusiyaya edilmiş güzəştdirmi? Hansı ki, Xiyabanın açılışının rəsmi versiyası kimi, mərasimin Rusiya “sülhməramlıları”nın Qarabağda yerləşdirilməsinin birinci ildönümünə həsr olunduğu əsas gətirilir.
İkinci məsələ Cənub Hərbi Dairəsi komandanının müavini general-leytenant Rüstəm Muradov və Rusiya “sülhməramlı” kontingentinin komandiri Gennadi Anaşkinin iştirakı ilə Xankəndidə pravoslav kilsəsinin açılması xəbərinin təmtəraqla yayılması idi. Xankındidə (amma rus mətbuatında Stepanakert deyilir- müəl.) nə qədər rus əhalisi var ki, onlar üçün pravoslav kilsəsi açılır? Məlum olduğu kimi, ermənilər qriqoryan məzhəbinə aiddirlər. Rusiya “sülhməramlı” kontingentinin bölgəyə daxil olmasının birinci ildönümü Rusiya tarixində hansı əhəmiyyətə malikdir ki, onu xətrinə kilsə açılır və rus ədiblərinin heykəl xiyabanı təşkil olunur?! Bəlkə, Rusiya tərəfindən bu hadisənin anlamı yenidən "İttifaq dövləti" adı altında xortlamağa başlayan və "Mumiya" filmindəki cəsədlər kimi ətə-qana dolmağa çalışan rus imperializminin Xankəndinə "ucqar nöqtə" anlamı verməsidir?
Üçüncü məqam mayor Yuri İşuk və baş leytenant Roman Fedinə - "Ermənistan Respublikasının təhlükəsizliyini təmin etmək üçün müttəfiqlik öhdəliklərini yerinə yetirərkən həlak olmuş fədakar hərbçilərə” abidə qoyulmasıdır. Cənablar, nə heykəlbazlıqdır? Rusiya helikopterinin Ermənistanın hava məkanında “vurulması” sadəcə bir oyun idi. Həm də Rusiyaya sərf edən, faydalı oyun. Ermənistanın bizim sərhədyanı ərazilərimizə, bundan başqa da sərhədyanı əraziyə aid olmayan Gəncəyə raket zərbəsi endirməklə bizi “pravokasiya”ya çəkməsinə baxmayaraq, Azərbaycan səbrlə davrandı və buna cavab olaraq Ermənistan ərazisindəki obyektlərə zərbə endirmədi ki, Rusiyanın əlinə bizim apardığımız müharibəyə müdaxilə bəhanəsi verməsin. Son məqamda necə oldusa sirlərə qərq olmuş Mİ-24 vertolyotunun vurulmasında Azərbaycan ittiham edildi və bu xəbər Rusiyanın işinə yaradı. İndisə Rusiyaya sərfəli vertolyot qəzasının qurbanlarına onu qurban edənlər tərəfindən abidə qoyulur.    
Sonda yenə də bildirmək istəyirik ki, Azərbaycan rəsmiləri tərəfdindən vətəndaşlarımızı, Qarabağ uğrunda qan tökmüş insanları haqlı olaraq narahat edən məqamlara aydınlıq gətirilməlidir. Yuxarıda haqqında söhbət gedən məsələlərə açıqlama verilməlidir. Xankəndində hansı əsasla rus abidələşməsi aparılır?
Sonda isə bildirək ki, “Rusiya Şöhrət Xiyabanı”nda büstünü qoyduqları 10 dahi şəxsindən biri olan Aleksandr Nevskinin Rusiyanın muzeylərində eksponat kimi saxlanılan dəbilqəsinin üzərində ərəb dilində Quran ayələrinin varlığından həmin büstü qoyanların xəbəri varmı?...
Qafqaz.media