ZƏNGİLAN ŞƏHƏRİ VƏ DAHA BİR NEÇƏ KƏNDİMİZ İŞĞALDAN AZAD OLUNDU - Prezident İlham Əliyev xalqa müraciətində açıqladı / YENİLƏNDİ

Baxış sayı:
923

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün xalqa müraciət edib.

Prezident İlham Əliyev xalqa müraciətində bəyan edib ki,. Azərbaycan Ordusu Zəngilan şəhərini işğaldan azad edib.

İ.Əliyev müraciətində yeni azad edilən məntəqələri də elan edib.

Füzuli rayonunun altı kəndi, Cəbrayıl rayonunun yeddi, Xocavənd rayonunun beş, Zəngilan rayonunun altı kəndi və Zəngilan şəhəri işğaldan azad olunub.

“Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram” - deyə, İlham Əliyev bildirib.

“Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz döyüş meydanında yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin”, - ölkə başçısı vurğulayıb.

Prezident İlham Əliyev xalqa müraciətində bildirib ki, müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır: "Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq".

Prezident qeyd edib ki, eyni zamanda, mənfur düşmən bizim yaşayış məntəqələrimizi daim atəşə tutur, hər gün cəbhə boyu şəhərlərimiz, kəndlərimiz mənfur düşmənin atəşinə məruz qalır.

“Bu namərd atəşə ən çox məruz qalan Tərtər rayonudur, eyni zamanda, Ağdam, Goranboy, Ağcabədi, Bərdə, digər şəhər və rayonlarımız düşmən tərəfindən atəşə tutulur. Gəncə şəhərinə namərd zərbələr nəticəsində dinc əhali həlak olur - uşaqlar, qadınlar, qocalar. Düşmən üçün bunun fərqi yoxdur. Belə bir fərq onlar üçün mövcud deyil. Onlar döyüş meydanında məğlubiyyətə uğrayır, Azərbaycan Ordusu qarşısında duruş gətirə bilmir və bizi durdurmaq üçün, bizə zərbə vurmaq üçün mülki əhaliyə qarşı cinayət törədir, bütün dünyanın gözü qarşısında və bütün dünya görür ki, Azərbaycan öz doğma torpaqlarını hansı mənfur, vəhşi düşməndən azad edir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

**
 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün xalqa müraciət edir.

Muxalifet.az həmin müraciəti təqdim edir: