ABŞ-ın Əfqanıstandan çıxardığı silahlı dəstələr Rusiyaya qarşı istifadə olunacaq? - UKRAYNA PREZİDENTİNİN RUSİYA İLƏ MÜHARİBƏ ANONSUNUN GİZLİNLƏRİ

Baxış sayı:
842

Ötən həftə Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə genişmiqyaslı müharibənin mümkün ola biləcəyi ehtimalını səsləndirdi. Cavabında Moskvanın sözcüsü Peskov iztehzalı tərzdə, Kremlin Rusiya ilə Ukrayna arasında hadisələrin bənzər inkişafına təəssüflə yanaşdığını və “apokaliptik gözləntilərin xırdalıqlarına varmaq” istəmədiyini bildirdi.

Rusiya-Ukrayna məsələsinə əlavə olaraq V.Zelenski ölkəsinin Avropa Birliyi və NATO-ya daxil ola biləcəyindən danışır. "ABŞ-a güvənə bilərik, çünki bu gün mənə elə gəlir ki, münasibətlərimiz fərqli səviyyədədir. Bəli, sizə açığını deyim ki, Ukraynanın NATO-ya daxil olması ilə bağlı birbaşa təsdiq almamışıq. Ancaq ordumuzun, mütəxəssislərimizin səviyyəsinə görə NATO-ya hazırıq. NATO-nun bizə ehtiyacı olduğunu söyləyirik. İnanıram ki, Ukraynasız NATO itirəcək və Ukraynasız AB tədricən zəifləyəcək”, - deyə Ukrayna prezidenti bildirib.

Zelenskinin nəyə işarə vurduğu üzərində düşünsək, söhbət qarşıda əlamətləri görünən və dünyanı önəmli dərəcədə içinə çəkəcək müharibədə Rusiyanın qarşısını alacaq bufer zona kimi ABŞ və AB-yə Ukraynanın əhəmiyyətini çatdırmaqdan gedir.

Ukraynanın NATO üzvü olmaq perspektivlərinə gəlincə, daha əvvəl Zelenski ABŞ prezidenti Co Baydenin ölkəsinin NATO üzvü olmaq istəklərini dəstəklədiyini söyləmişdi. "Bildiyimə görə, prezident Co Bayden NATO-ya üzv olmaq üçün Ukraynanı şəxsən dəstəkləyir, amma yolun necə olacağını indi sizə söyləmək mənim üçün çətindir", - Zelenski demişdi.

Öz növbəsində D. Peskov Ukrayna Şimali Atlantika Alyansına qoşulacağı təqdirdə Rusiyanın cavab tədbirləri görmək məcburiyyətində qalacağını söyləyib. "Ukraynanın hipotetik NATO üzvlüyü planı bizim üçün potensial təhlükəli və həyəcanverici bir şeydir", - deyən Peskov belə bir ssenarinin "NATO -nun hərbi infrastrukturunu" Rusiya sərhədlərinə yaxınlaşdırmaq kimi qəbul ediləcəyini qeyd edib.

Ukraynanın Rusiyanın təxmin edilən hücumu qarşısında “onu qoruya biləcək dayaq” axtarması təbiidir. Prezident Zelenski məhz bu zəmanəti almaq üçün dəfələrlə ABŞ-a səfər etməyə çalışdı. Səfər bir neçə dəfə təxirə düşsə də nəhayət ki, baş tutdu. Səfər əsnasında mediaya yansıyan məlumatlardan ABŞ-Ukrayna əlaqələrini inkişaf trayektoriyasını izləmək mümkündür.

Başlayaq Zelenskinin qarşılanma mərasimindən. İlk öncə bildirək ki, qarşılama mərasimi gözlənildiyi kimi yüksək çinli məmurların, yaxud dövlət rəsmilərinin müşayiəti ilə baş vermədi. Hətta səfər əsnasında prezident Zelenskinin soyadı “Levinski” kimi də səsləndirildi. Bu soyadın çaşdırılması təsadüf ola bilməz. Bununla sabiq ABŞ prezidenti B.Klintonla adı hallanan Monika Levinskinin “şantajı”ı vurğulandı. Bu vurğulanma ilə nəyə işarə edilə bilər? Bunun altında Zelenskinin Co Baydenin oğlu Hanter Baydenin Ukraynadakı əməllərinin qeydiyyatlı təfərrüatlarının tam açıqlanması, reputasiyasının yerlə-bir edilməsi şantaj mesajı kimi verilmiş ola biilərmi? Axı siyasətdə hər metod keçərlidir...

Bundan başqa, daha bir maraqlı detal - prezident Zelenskiyə Demokratlar Partiyası mənsubları tərəfindən kəllə-beyin travmalarından bəhs edən kitab “hədiyyə edildi”. Deyilmək istənən nə idi... Üstəlik, iki prezidentin görüşündən sonra birgə mətbuat konfransı keçirilmədi. Doğrudur, bu, Baydenin jurnalistlərin Əfqanıstanla bağlı suallarından qaçmaq istəyilə izah edildi.

Ukraynanın Rusiyadan sığortalanmaq üçün əsas tələblərindən biri tezliklə AB sıralarına qəbul edilməsi idi. “Ukrayna 24” kanalının verdiyi xəbərə görə,  Quver Stenford universitetinin baş elmi əməkdaşı, britaniyalı Nil Ferqyuson “YES Brainstorming” forumunda çıxışı zamanı ölkənin AB-yə qısa müddət ərzində üzv ola biləcəyini, bunun üçün bir maneə olmadığını qeyd etsə də Avropalı rəsmilər buna tələsmir. Ferqyuson bildirir ki, AB Ukraynanın üzvlük meyralarına cavab verməsini tələb edir, amma bu, 10 illərlə çəkən məsələdir. “Gəlin AB-nin genişlənməsinin necə baş verdiyini xatırlayaq. Qərar 1999-cu ildə verildi, sonra hər şey sürətlə bitirildi. Rumıniyanı, Bolqarıstanı xatırlayın - onlar AB üzvləridir, amma Ukraynadakı vəziyyət bu ölkələrdəkindən köklü şəkildə fərqlənmir”, - deyə Ferqyuson məsələnin meyralar deyil, siyasi olduğunu aydınlaşdırıb.

Bundan əvvəl isə Estoniya Respublikasının prezidenti Kersti Kaljulaid Ukraynanın Avropa İttifaqına üzv olma meyarlarını yerinə yetirməkdən "işıq ili" məsafəsində olduğunu söylədi. Onun sözlərinə görə, 5 il prezident olduğu müddətdə Ukrayna Kopenhagen meyarlarına uyğun irəliləyiş nümayiş etdirməyib. Avqust ayında jurnalistlərə verdiyi müsahibədə Kaljulaid, Ukraynanın AB-yə üzv olmaq üçün 20 il lazım olduğunu demişdi. Həmçinin, Estoniya Prezidentinin sözlərinə görə, Ukrayna dövləti ərazilərini qaytarmayana qədər NATO üzvü ola bilməyəcək. Hətta o, ölkəsinin vətəndaşlarını Ukraynaya sərmayə qoymamağa çağırdı.

Göründüyü kimi, “meyarlar” adı altında Ukraynaya maneələr yaradılır, hansı ki, bu maneələr sayəsində Kiyevin ala bilmədiyi zəmanət onun dövlət suverenliyinə başa gəlir.

Ukrayna XİN rəhbəri Dmitri Kuleba da AB-nin Ukraynanı üzvlüyə qəbul etməyə “siyasi cəhətdən” hazır və məsələnin islahatların həyata keçirilməsi ilə bağlı olmadığını bildirir. Kuleba bunu Yalta Avropa Strategiyası forumu zamanı Ukraynanın AB-yə daxil olma perspektivlərini müzakirə edərkən bildirib. O, “Mən Ukrayna üçün istisna istəmirəm, yox! Mənim təklif etdiyim sadə bir həqiqətin tanınmasıdır - AB-yə daxil olmaq təkcə islahatlarla bağlı deyil. AB üzvü olan ölkələrin başqa ölkəni üzv qəbul etməsi ilə bağlı siyasi qərar təkcə islahatlara əsaslanmır. Ukraynanı islahatlar çəngəlində ilişdirməyi dayandırın", - deyə fikrini ifadə edib. Əslində haqlıdır da. XİN başçısı bəyan edir ki, islahatlar vacibdir və Ukraynanın transformasiyası üçün lazım olan edilir.

Qayıdaz Bayden-Zelenski görüşünə. ABŞ prezidenti ilə görüşdən sonra Zelenski jurnalistlərə amerikalı həmkarına Donbasdakı sülh prosesində "prezident səviyyəsində ABŞ nümayəndəsinin iştirakını" təklif etdiyini söyləyib, amma qərarın nə olduğu tam bəlli deyil. Əvvəllər Donbasda sülh yolu ilə həll edilməsinə dair beynəlxalq danışıqların əsas mexanizmlərindən biri Ukrayna, Rusiya, Fransa və Almaniya liderlərinin iştirakı ilə "Normandiya formatı" adlandırılan zirvələr idi. Lakin Ukrayna hakimiyyəti dəfələrlə ABŞ-ın bu formata qoşulmasının lazım olduğunu bildirib.

Müdafiə sahəsində Ukrayna-Amerika əməkdaşlığı Zelenskinin ABŞ səfərinin əsas mövzularından biri idi.

Ukrayna prezidentinin səfərinin görünən nəticələrindən biri, “Javelin” zirehli sistemləri və digər silahlardan ibarət 60 milyon dollarlıq əlavə hərbi yardımın ABŞ tərəfindən ayrılması oldu. Bu addım artıq rəsmi Moskvanın reaksiyasına səbəb olub.

"ABŞ-ın Ukraynaya hərbi yardım göstərmək planlarına diqqət çəkdik. Hesab edirik ki, bu, Ukrayna tərəfinin ölkənin cənub-şərqindəki  münaqişəni zorla həll etmək üçün gözlənilməz hərəkətlərinin səbəbi ola bilər”, - Kreml sözcüsü Dmitri Peskov dedi.

Bəzi mütəxəssislər deyirlər ki, Vaşinqtonun Kiyevə hərbi yardımını artırmaq qərarı Zelenskinin Amerikadan alacağı tək şey deyil. Hər iki prezidentin birgə Bəyanatında iki dövlət arasında Strateji Müdafiə Çərçivə Sazişi üzərində işlərin başa çatması haqqında deyildiyinə diqqət çəkirlər.

"Bu müqavilə Ukrayna ilə ABŞ silahlı qüvvələri arasında daha sıx iqtisadi, texniki, hərbi və təlim əməkdaşlığını təmin edir, eləcə də texnologiya, məlumat, kəşfiyyat mübadiləsi ilə məşğul olur. Bu Ukrayna üçün təkan verici razılaşmadır və ABŞ-ın “NATO-dan kənar” əsas müttəfiqinin statusudur, yalnız adı fərqli olacaq", - BBC-nin müxbiri Aleksandr Krayev deyir. Ekspert əlavə edir ki, bu müqavilənin imzalanması ABŞ-ın müdafiə nazirinin Ukraynaya səfəri zamanı gözlənilməlidir.

Yeri gəlmişkən, Ukraynanın Türkiyədən əvvəl aldığı 12 TB-2 PUA-dan sonra bu aparatdan daha 24 ədəd sifariş etdiyi barədə xəbər verildi. Bundan başqa, ABŞ-ın Əfqanıstandan öz ərazisindən keçirmək üçün nəzərdə tutduğu 5 min civarında əfqan qaçqının Ukraynaya gəlməsi, iki həbsxananın təmirdən sonra təyinatının dəyişdirilməsi ilə orada yerləşdirilməsi barədə xəbərlərə nə deyək... Əgər bu miqrantlar muzdlu döyüşçüdürlərsə, hansı ki, böyük ehtimalla belədir, onlar Ukrayna tərəfindən Rusiyaya qarşı döyüşçü qüvvəsi kimi istifadə edilə bilərmi? Məsələn, muzdlu “Vaqner”çilər kimi. Eləcə də Əfqanıstandan çıxarılan ABŞ hərbi texnikası və silahları Ukraynadan keçid məntəqəsi kimi istifadə etdisə, bu silahların orada qoyulub gedilməsi ehtimalı da çoxdur.

Göründüyü kimi, Ukraynanın müharibəyə hazırlaşması üçün işlər görülür. Hətta bu mərhələdə Ukraynaya içəridən zərbə vurmaq üçün Moksva ölkənin rusyönümlü oliqarxlarını da “Troya atları” kimi istifadə etməyin əleyhinə deyil. Məsələn, son günlərdə “Müxalifət Platforması - Həyat naminə” blokunun lideri Viktor Medvedçuk Ukrayna vətəndaşlarını gələcəyə, həqiqət və ədalət uğrunda mübarizə aparmağa çağırdı. Onun sözlərinə görə, Ukraynanın hazırkı hakimiyyəti tədricən "totalitar, diktator dövlət sistemi formalaşdırır". O, həmçinin qeyd etdi ki, Ukrayna siyasətinin əsl mahiyyəti sakinlərinə ziyan vursa belə, Ukraynanın nəyin bahasına olur-olsun anti-Rusiya olmasına gətirildi.

Beləliklə, proseslərin gedişi onu göstərir ki, çox da uzaq olmayan gələcəkdə regionda yeni qanlı savaşlar başlaya bilər və bu, baş verərsə, digər qonşu dövlətlər kimi Azərbaycana da təsirsiz ötüşməyəcək...

Qafqaz.media