ADP polis əməkdaşlarının öldürülməsi faktından narahatdır

Baxış sayı:
11761

Partiya vətəndaşlarımızı polisin qanuni tələblərinə əməl etməklə yanaşı, polis əməkdaşlarını da vəzifə borclarını yerinə yetirərkən zorakılıqdan çəkinməyə çağırıb
 
Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş veən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçılrı ilk növbədə Astanada Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iyulun 4-də keçirilən sammitinin nəticələrinə münasibət bildirib.

Azərbaycanın da dialoq tərəfdaşı kimi təmsil olunduğu bu təşkilatın keçirdiyi son sammitdə Azərbaycan prezidenti səviyyəsində iştirakını təqdir edən partiya rəsmiləri bu cür əlaqələrin ölkəmizə iqtisadi-ticari baxımından əlverişli olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, sammit çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi təşkilata üzv olan ölkələrlə iqtisadi, siyasi əlaqələrin inkişafına müsbət təsir etməklə yanaşı ölkəmizin regional və beynəlxalq əlaqələrində mühüm əhəmiyyət kəsb edəcək. Lakin bu təşkilatda cəmləşən dövlətlərin antiqərb mahiyyətini nəzərəq alaraq Azərbaycan öz münasibətlərində Qərbə inteqrasiya faktorunu nəzərdən qaçırmamalı bu təşkilata münasibətdə müşahidəçi statusundan kənara çıxmamalıdır. Sammit çərçivəsində Pakistan-Türkiyə-Azərbaycan arasında keçirilən üçtərəfli görüşün də əhəmiyyətinə diqqət çəkən rəsmilər bu əlaqələrin ölkəmiz üçün önəmini diqqətə çatdırıb.
İdarə Heyəti İranda keçirilən preziden seçkilərinin nəticələrinə münasibət bildirib və türksoylu Məsud Pezeşkianın bu seçkilərdə qələbə çalmasını ölkələrimiz arasında yeni əlaqələrin formalaşması, cənublu soydaşlarımızın problemlərinin həll edilməsi, özündən əvvəlki rejimdən fərqli olaraq iqtisadi, siyasi, mədəni islahatların aparılması baxımından ümidverici olduğunu bildirib.
İdarə Heyəti Türk Dövlətlər Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü zamanı ölkə prezidentinin beynəlxalq aləmə verdiyi mesajların əhəmiyyətini qeyd edib və bu əməkdaşlığın gələcəkdə vahid güc mərkəzi kimi ortaya gəlməsinə təkan verən addımların atılmasının vacibliyini bildirib.
İdarə Heyəti son vaxtlar vətəndaşlarla polis arasında yaranan insidentlərdən, polis əməkdaşlarının öldürülməsi faktından ciddi narahat olduğunu bildirib və vətəndaşlarımızı polisin qanuni tələblərinə əməl etməklə yanaşı, polis əməkdaşlarını da vəzifə borclarını yerinə yetirərkən vətəndaşlarla münasibətdə həssas olmağa, zorakılıqdan çəkinməyə çağırıb.
İdarə Heyəti sonda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul edib.
 
Muxalifet.az