AFFA-nın Baş katibinin istefası tələb olunur - ELXAN MƏMMƏDOV İSƏ ONU TƏNQİD EDƏNLƏRİ "SÖYÜR" / Video

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan radiosunun qonağı olub və gündəmdə olan əsas sualları cavablandırıb. Danışıq tərzinə görə xarici işlər nazırı Elmar Məmmədyarovu xatırladan federasiya rəsmisi hələ də doğma dilimizdə normal cümlə qurmağı öyrənməyib. Töhfə verməyə, tövsiyə vermək deyən baş katib 21 yaşlılarımızın Slovakiya üzərində 3:1 hesabı ilə qələbə qazandığını bildirdi. Halbuki həmin oyun 2:1 hesabı ilə nəticələnib. Başda Elxan Məmmədov olmaqla AFFA rəsmiləri işləri çətinə düşən kimi, milli komandamızın ardıcıl uğursuz oyunlarından sonra eyni gedişi işə salırlar. Yadınızdadırsa, Bakıda Slovakiyaya 1:5 hesabı ilə uduzduqdan sonra da federasiyanın başbilənləri anoloji taktika ilə davranırdılar. "AFFA futbol oynamır, federasiya nəticələrə cavabdeh deyil" kimi açıqlamaları yəqin ki, siz də əzbərləmisiz. Özündən başqa hamıda günah görən, jurnalistləri, futbol mütəxəssislərini "dırnaq arasına salan" Məmmədov yenə də AFFA rəhbərliyinin futbol oynamadığını deyib: "AFFA rəhbərliyi, şöbə müdirləri futbol oynamırlar. Bunu demişik, deməyə də davam edəcəyik". 30 avqust, 2019-cu il. AFFA-nın rəsmi saytında Rövnəq Abdullayevin "Qarabağ"a təbriki dərc olunmuşdu. "Xormatli", (öz təbirincə desək) Elxan Məmmədovun diqqətinə həmin təbrikdən bir cümləni çatdırırıq: "İllər öncə “Neftçi”nin UEFA Avropa Liqasının qrup mərhələsində çıxış etməsi, sonra “Qəbələ” klubunun eyni nəticəyə iki dəfə imza atması və təbii ki, “Qarabağ”ın ardıcıl uğurları Azərbaycan futbolunda stabilliyin göstəriciləridir". İndi kimə inanaq? "Qarabağ"ın ardıcıl uğurları Azərbaycan futbolunda stabilliyin göstəricisidir" deyən Rövnəq Abdullayevə, yoxsa AFFA rəhbərliyi, şöbə müdirləri futbol oynamır" deyən Elxan Məmmədova? Nə oldu, Bayram kişi, bəs, Əlişə atam-atam deyirdin? Dünən Ermənistan Futbol Federasiyasının prezidenti Artur Vanesyan istefa verdi. Halbuki ermənilər AÇ-2020-nin seçmə mərhələsində 10 xal qazandı. İtaliyaya səfərdə 1:9 hesablı məğlubiyyətdən sonra Vanesyan utandığından postundan getdi. Güman edirdim ki, bəlkə Vanesyanın hərəkətindən sonra bizimkilər də abırlarına qısılarlar. Amma yox, Elxan Məmmədov əksinə, hücuma keçir. Bu cür saman çöpündən yapışıb hücuma keçənləri çox görmüşük, axırı yaxşı olmur. Odur ki, Elxan müəllim, sizə töhfə yox, tövsiyə veririk - üzüsulu gedin./sportinfo.az Onu da qeyd edək ki, Komanda.az saytı da AFFA-nın baş katibi Elxan Məmmədovun canlı yayımda federasiyanı, milli komandanı tənqid edənləri "söymaəsinə" sərt reaksiya verib: "Bəli, bəli, söyüb. Məmmədov jurnalist İlkin Babanın aparıcısı olduğu verilişdə “milli komanda uduzan kimi bizə qarşı çirkin kampaniya başlayır” ifadəsini də işlədib. Hörmətli Elxan müəllim, birincisi, “milli komanda uduzan kimi” ifadəsi kökündən yanlışdır. Bu ifadəni o komanda haqda işlədərsən ki, həmin komanda arada qələbə də qazansın. Axı Azərbaycan milli komandası qələbə qazanmır! Qazanırsa, Elxan Məmmədov və mətbuatda saxladıqları (təkcə qadını saxlamırlar, kişini də saxlayırlar) son bir ildəki həmin qələbəni göstərsin. İkincisi, necə olur, Ermənistan milli komandası AÇ-2020-nin seçmə mərhələsində 10 xal topladığı halda, baş məşqçi, federasiyanın prezidenti istefa verir, amma AÇ-2020-nin seçmə mərhələsində cəmi 1 xal toplayan Azərbaycan yığmasına görə istefa verən olmur? Necə olur ki, bir adam çıxıb biabırçı nəticələrə görə məsuliyyəti üzərinə götürmür? Nə qədər özününküləşdirsəz, altını üstünə çevirsəz də, bu milli komanda Azərbaycanındır, azərbaycanlılarındır. Siz vicdanı, ləyaqəti olan azərbaycanlılardan göz görə-görə rüsvay olan milli komandalarına görə susmağı tələb edirsiz. Siz tələb edirsiz ki, azarkeşlər, jurnalistlər seçmə mərhələni 1 xalla (o da çox güman ki, xorvatların hədiyyəsi) başa vuran komandanı tərifləsinlər, ən pis halda isə sussunlar. Yoldaş Məmmədov, Azərbaycanın şərəfinin ayaqlar altında tapdanmasına göz yuman, öz şərəf və vicdanını da sizin ayaqlarınızın altına atanlar zatən sizin ətrafınızdadır, yanınızdadır. Sayları sizi qane etmir? Bax, bu, mənə maraqlı deyil. Satın aldığınız o şərəf və vicdan alverçiləriylə qane olmağı öyrənin. Başqaları sizin üçün çəpik çalmayacaq, sizi alqışlayıb, bu vətəni, bu vətənin milli komandasını satmayacaq. Kaş, sizin əvəzinizdə Azərbaycan futboluna Artur kimi biri rəhbərlik edəydi. Artur bilirsiz kimdir? Milli komandası AÇ-2020-nin seçmə mərhələsində 10 xal toplayandan sonra istefa verən erməni futbol rəhbəri – Vanezyan".