Azərbaycanın da adı keçən “Pegasus” qalmaqalı: “NSO Group” şirkətində formal yoxlama aparılıb...

Baxış sayı:
679

İsrailin xüsusi xidmət orqanları “NSO Group” şirkətinin ofislərində axtarış aparıblar. Xəbər verildiyi kimi, bu şirkətin istehsalı olan “Pegasus” proqramından istifadıə edilərək  Azərbaycan da daxil olmaqla 50-yə yaxın ölkədə on minlərlə siyasətçi, biznesmen və jurnalistin mobil telefonları dinlənib.

İsralin Müdafiə Nazirliyi şirkətin ofisində axtarış aparıldığını təsdiqləyib. O cümlədən “NSO Group” şirkətin ofislərində axtarış keçirilməsi barədə xəbəri təsdiq edib və bildirib ki, bu yoxlamanı alqışlayır. Bununla belə şirkət “Pegasus” casus proqramından jurnalist və siyasətçilərin izlənməsi üçün istifadə edilməsinə şərait yaratdığına dair iddiaları rədd edib. Şirkət bildirib ki, onun proqramı terrorçular və kriminallara qarşı mübarizə üçün nəzərdə tutulub.

İsrailin “Calcalist” qəzeti isə mənbələrinə istinadən yazır ki, “NSO Group” şirkətində yoxlama formal xarakter daşıyıb. Şirkət  onun barəsində istintaq hərəkətlərinin başlanmasına dair əvvəlcədən xəbərdarlıq edilib. Qəzet iddia edir ki, sənədlərin yoxlanması da lazımi qaydada keçirilməyib, şirkətin ofislərində reyd və ya axtarış yox, sadəcə şirkət rəhbərliyi ilə hüquq-mühafizə orqanlarının nümayəndələri arasında “görüş” olub.

Jurnalistlər qeyd edirlər ki, İsralin Müdafiə Nazirliyi “NSO Group” şirkətinin işləməsində maraqlıdır və əvvəllər artıq bir neçə dəfə şirkəti məhkəmə iddialarından himayə edib.

Xatırladaq ki, “Pegasus” proqramı ilə izlənilənlər arasında Fransa prezidenti Emmanuel Makronun və onun hökumətinin üzvlərinin də adları var. Onları Mərakeş xüsusi xidmət orqanlarının izlədiyi bildirilir. Fakt ortaya çıxandan sonra Makron telefon nömrəsini və istifadə etdiyi telefon cihazını dəyişdirib, Fransa hakimiyyəti İsraildən izahat tələb edib. Qalmaqal fonunda İsrailin müdafiə naziri Beni Qantz Fransaya səfər edib və “Pegasus” proqramının təyinatından kənar məqsədlər üçün istifadə edilməsi iddiaları barədə araşdırma aparılacağına söz verib.

 

Pegasus proqramı məxfi olaraq mobil telefonlara müdaxilə edə, elektron məktubları, zəng və SMS-ləri izləyə bilir. Proqram kənardan smartfonların mikrorofonlarını və videokameralarını açmaq qabiliyyətinə də malikdir. Telefonlarına bu casus proqramının yükləndiyi jurnalistlərin arasında CNN, “Associated Press”, “Voice of America”, “New York Times”, “Wall Street Journal”, “Bloomberg News”, “Le Monde”, “Financial Times” və “Al Jazeera” kimi media təşkilatlarının müxbirləri var. Telefonlarına müdaxilə edilmiş 65 biznesmen, 85 insan haqları müdafiəçisi və 600-dən çox siyasətçinin olduğu məlumdur.

The Guardian yazır ki, bu siyahılarda adları olanların heç də hamısının telefonları izlənməyib, amma siyahının özü İsraildən belə casus avadanlığı almış hökumətlərin “marağında olan şəxslərin” kimliyinə işıq salır./virtualaz.org