DAHA BİR SEÇKİ POZUNTUSU

Baxış sayı:
2002

Tural Şükürov şərlənib həbs olunacağı ilə hədələnib...
 
Dünən ölkədə keçirilən prezident seçkiləri mövcud hakimiyyət tərəfindən keçirilən seçkilərdən heç nə ilə fərqlənmədi. Yenə seçki məntəqələrində özbaşınalıqlar, topa bülleten atanlar, bir nəfərin bir neçə dəfə səsvermədə iştirak etməsi və bu qanunsuzluqlara etiraz edən müxalifətçi müşahidəçilərə basqılar, təzyiqlər və zorakılıqlar. Öz təşəbbüsü ilə müşahidəçi kimi prezident seçkilərini müşahidə edən AXCP fəalı Tural Şükürov redaksiyamızla əlaqə saxlayaraq dünən səsvermə günü 16 saylı Yasamal ikinci seçki dairəsinin Fizika-Riyaziyyat Təmayüllü Liseyində yerləşən 21 saylı seçki məntəqəsində baş verən seçki saxtakarlıqlarından və bu saxtakarlıqların qarşısını almağa cəhd edərkən başına açılan qanunsuzluqlardan danışıb.
Tural Şükürov müxbirimizə bildirib ki, 11 aprel tarixində keçirilən prezident seçkilərində 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə müşahidəçi olduğuna görə bir neçə məntəqədə olub. Əksər məntəqələrdə seçki pozuntularını qeydə alıb. Günortadan sonra 21 saylı seçki məntəqəsində səsverməni müşahidə etməyə başlayıb. Səsvermə vaxtının qurtarmasına 1 saat qalmasına baxmayaraq çox az adamın səsvermədə iştirak etdiyini bildirib. Səsvermənin başa çatmasına 15-20 dəqiqə qalan vaxtda bir qadının topa şəkildə bülletenləri səsvermə qutusuna atmaq istədiyini gördükdə onun qarşısını almağa cəhd edib. Həmin qadının əlindən 10-a yaxın bülleteni alaraq baş vermiş qanun pozuntusunu aktlaşdırmaq istəyib. Bu zaman məntəqə sədri kiməsə zəng edib və məntəqəyə iki polis və bir neçə nəfər mülki geyimli şəxslər girərək ona hücum edərək bülletenləri onun əlindən almağa çalışıblar. Polis əməkdaşlarının seçki prosesinə müdaxiləsini yolverilməz olduğunu onların diqqətinə çatdırsa da, polis əməkdaşları topa bülletenləri onun əlindən alaraq özünü də zorla məntəqədən çıxardaraq qaranlıq bir yerə aparıb döyməyə başlayıblar. Tural Şükürovu seçki məntəqəsinin işinə müdaxilə etməkdə günahlandırıblar. Tural Şükürov bildirib ki, polis əməkdaşları onu hətta qadının əlindən topa bülletenləri aldığına görə seçkiyə müdaxilə adı ilə şərləyib həbs edəcəkləri ilə bağlı hədələyiblər.
Görünən odur ki, hakimiyyət özünün xislətindən əl çəkmək niyyətindən uzaqdır. Polis əməkdaşlarının seçkiyə qanunsuz müdaxiləsi azmış kimi, seçkilərin şəffaf və ədalətli qaydada keçirilməsini tələb edənləri seçkiyə müdaxilədə ittiham edirlər. Burda deyiblər, “adımı sənə qoyaram, səni yana-yana qoyaram.”
 
Hazırladı: Səidə