DMANİSİ OLAYLARININ PƏRDƏARXASI - Svanlar təxribatçı qrupların əlində vasitəyə çevrilib

Baxış sayı:
958

16 may 2021-ci il tarixində Gürcüstanda, soydaşlarımızın kompakt yaşadığı Dmanisi rayonunda baş verən qarşıdurma təsadüf hesab olunmamalıdır. Ölkə rəsmilərinin müdaxiləsi və iştirakı ilə artıq tərəflər – azərbaycanlılarla svanlar arasında barışıq əldə olunsa da, yaxın zamanda analoji problemin yaranmayacağına kimsə zəmanət verə bilməz. Çünki, qeyd etdiyimiz kimi, bu, adi xuliqanlıq hadisəsi deyil.
Etibarlı qaynaqlardan əldə olunan informasiyalara görə, son vaxtlar xüsusi qruplar tərəfindən öyrədilmiş şəxslər istər hadisə baş verən "Ömər Market"ə, istər də soydaşlarımız çalışan digər ticarət obyektlərinə daxil olaraq, təxribat törətməyə cəhd ediblər. Məsələn, onlar dəfələrlə nisyə mal götürüb, pulunu vermədikləri halda, yenidən həmin mağazaya daxil olub, nisyə içki və s. məhsullar istəyiblər. Satıcılar, yaxud da mağaza sahibləri etiraz etdikdə isə, svanlar onları təhqir edib, ölümlə hədələyiblər. Hətta bəzi hallarda “bizim torpaqda yaşayırsınızsa, bizə haqq verməlisiniz” kimi ifadələr işlədənlər də olub. Baxmayaraq ki, Dmanisidə yaşayan svanların böyük əksəriyyəti 1987-ci ildə Gürcüstanda baş verən güclü sel daşqınları sonrası həmin şəhərə köçürülüblər. O vaxtadək Dmanisidə svanların sayı barmaqla sayılası qədər olub.

Məlumat üçün bildirək ki, son vaxtlar Dmanisiyə svan millətindən olan bir qrup şəxsin göndərildiyi haqda informasiyalar var. İddia olunur ki, həmin şəxslər svan gəncləri öz ətrafında toplayaraq, onları azərbaycanlılara qarşı qızışdırır. İstisna olunmur ki, Dmanisidə yaşayan soydaşlarımızın “savanlara haqq verməli olduğu” haqda təxribat xarakterli fikirlər də məhz onlar tərəfindən ortaya atılıb. Lakin çox təəssüflə qeyd etməliyik ki, bu kimi təxribatçı əməllərlə bağlı bəzi azərbaycanlılar yazılı və şifahi şəkildə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, onların şikayətlərinə ciddi əhəmiyyət verilməyib və hər dəfə təxribatçılar cəzasız qalıb.

Bu gün Gürcüstan rəsmiləri Dmanisidə baş verən hadisənin etnik qarşıdurma olmadığını bəyan edirlər. Hətta bu olayı etnik qarşıdurma kimi təqdim edənləri “təxribatçı”, “bölücü” adlandırırlar. Bəlkə də bu ifadəni işlədənlər haqsız deyillər. Amma Dmanisidə baş verən qarşıdurmanın arxasında böyük siyasi maraqların durduğu kimsəyə sirr deyil. Əlbəttə, bu məsələdə gürcülərin və Gürcüstan-Azərbaycan dostluğuna önəm verən dövlət rəsmilərinin marağı ola bilməz. Lakin 80-ci illərin “Gürcüstan gürcülər üçündür” təfəkkürü ilə yaşayan və bu cür təxribatçı əməlləri ilə iki qonşu ölkə - Azərbaycan və Gürcüstan arasında nifaq toxumu səpməyə çalışan qüvvələrin hələ də iş başında olduğu aydın görünür. Onların başında isə bu gün də Gürcüstan hakimiyyətində önəmli vəzifələrə sahib olan, gürcü soyadını qəbul etmiş ermənilərin durduğu istisna deyil. Rusiya və Fransa kimi ölkələrdən dəstək alan bu şəbəkə mümkün vasitələrlə Gürcüstanda yaşayan azərbaycanlılarla gürcülər arasında münaqişə yaratmağa cəhd edir, soydaşlarımızın Borçalıdan köçürülməsinə, qalanların isə assimlyasiya olunub, onların maraqlarına xidmət etməsinə çalışır. Əminliklə deyə bilərik ki, 1987-ci ildə svanların Dmanisiyə köçürülməsi, onun ardınca Bolnisidə yenə də svanların azərbaycanlılara hücum edərək, onları öz evlərindən çıxartmaq cəhdləri və bu zaman yaranan böyük qrşıdurma heç də təsadüfi hadisələr deyildi. Daha sonra Bolnisidə kənd adlarının qeyri-qanuni olaraq gürcüləşdirilməsi, indi isə bu prosesin azərbaycanlıların ən çox yaşadığı rayonda – Marneulidə davam etdirilməsi və burada da kənd adlarının dəyişdirilməsi cəhdləri soydaşlarımıza qarşı qurulan oyunun tərkib elementləridir.
Yaxın tarixdə baş verən proseslər onu göstərir ki, Gürcüstanda, xüsusən də Dmanisidə və Bolnisidə yaşayan svanlar təxribatçı qrupların əlində bir vasitəyə çevrilib. Son 30 il ərzində svanların əli ilə soydaşlarımıza qarşı dəfələrlə təxribatlar həyata keçirilib ki, Dmanisi hadisəsi də onlardan biridir. Bu baxımdan, Gürcüstan rəsmilərinin bu təxribatı adi xuliqanlıq hadisəsi kimi qələmə verməsi yanlışdır. Doğrudur, rəsmi qurumlar prosesləri yumşaltmaq üçün başqa fikir söyləyə də bilməzdilər. Çünki onlar da bilir ki, bu qarşıdurma genişlənərsə, Gürcüstanda xoş olmayan hadisələrə gətirib çıxara bilər. Bəs, bu hadisənin etnik qarşıdurma olmadığını sübut etmək üçün rəsmi qurumlar hansı addımı atdı? Hadisəyə səbəb olan şəxslər cəzalandırıldımı? Yoxsa, dəfələrlə olduğu kimi, yenə də “günahkar” azərbaycanlılar çıxacaq? Hansı ki, hadisədən sonra 8 nəfər soydaşımızın saxlanıldığı bildirilir. Hər halda bu sulların cavabı yaxın 2-3 gün ərzində bəlli olacaq. Amma indidən əminliklə deyə bilərik ki, bu iş adi xuliqanlıq hadisəsi kimi ört-basdır ediləcək. Beləliklə də, bir müddət sonra svanların iştirakı ilə başqa bir yerdə oxşar təxribat hadisəsinin şahidi olacağıq.

Əlbəttə, Gürcüstanda baş verən, xüsusən də soydaşlarımızın adı keçən hər bir hadisənin Azərbaycanın dövlət qurumlarının diqqət mərkəzində olduğu kimsəyə sirr deyil. Dmanisi hadisəsi zamanı da biz istər Gürcüstandakı səfirliyimizin, istər də dövlət qurumlarımızın operativ reaksiyasının şahidid olduq. Xüsusən də ilk olaraq Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) tərəfindən reaksiya verilməsi təqdirolunan haldır. Doğrudur, Gürcüstanda yaşayan soydaşlarımız diaspor hesab olunmadığından, bu Komitənin xoşmərmalı niyyətini yanlış yerə yozanlar da oldu. İddia olundu ki, “Diaspor Komitəsinin missiyası Azərbaycandan xarici ölkələrə köçən və orada məskunlaşan soydaşlarımızla işləməkdir”. Halbuki, Diasporla İş üzrə Dövlət Komitəsi heç bir bəyanatında və açıqlamasında Gürcüstanda yaşayan soydaşlarımızı diaspor kimi təqdim etməyib. Üstəlik, Komitənin Dmanisi hadisəsinə operativ reaksiyası da, belə demək olarsa, qurumun birbaşa missiyasına daxildir. Əksinə, Diasporla İş üzrə Dövlət Komitəsinin soydaşlarımızı diasporu təmsil edənlər və etməyənlərə bölməsi yanlış olar. Çünki harada yaşamasından asılı olmayaraq, Azərbaycan dövləti hər bir azərbaycanlıya eyni gözlə baxmalıdır. Və sənin millətinin bircə fərdi milli-etnik zəmində ədalətsizliklə üzləşirsə, təbii ki, bu zaman daşıdığın vəzifə, tutduğun mövqe həqiqəti deməyinə mane olmamalıdır. Bunun üçün heç bir hüquqi bariyer də yoxdur.

Amma onu da xüsusi olaraq vurğulamalıyıq ki, dəfələrlə olduğu kimi, Gürcüstan üzərindən istər orada yaşayan soydaşlarımıza, istər də Azərbaycan dövlətinə qarşı hücumlar bundan sonra da həyata keçiriləcək. Odur ki, buradakı proseslər müvafiq qurumlar tərəfindən hər zaman nəzarətdə saxlanılmalı və yeri gəldikdə təxribatların qarşısını almaq üçün müvafiq addımlar atılmalıdır.  

RƏŞAD,
Hurriyyet.org