İCRA HAKİMİYYƏTİNİN VƏZİFƏLİ ŞƏXSLƏRİNƏ CİNAYƏT İŞİ AÇILDI - Baş Prokurorluqdan açıqlama

Baxış sayı:
5341

Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin sahə rəisi Vəli Abbasovun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, istintaq zamanı Vəli Abbasovun qeyd edilən vəzifədə işləyərkən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək Abşeron Rayon İcra Hakimiyyəti və digər dövlət qurumlarının vəzifəli şəxslərinin qərarına qanunsuz təsir etmək imkanında olmasını bildirməklə Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi üçün vətəndaşdan 6 min manat pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Vəli Abbasova Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.