İRAN AZƏRBAYCANDA NÖVBƏTİ TƏXRİBAT HAZIRLAYIR? - Xameneinin illər öncə Azərbaycandan qovulan nümayəndəsi yenə iş başında...

Baxış sayı:
6323

Rəsmi Tehranın Polad Həşimovun ailəsinə “Qasim Süleymani medalı” təqdim etməsinin arxasında hansı niyyətlər dayanır?

İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Seyid Abbas Musəvi və Ali dini lider Ayətullah Seyid Əli Xameneinin Bakıdakı rəsmi nümayəndəsi Seyyid Əli Əkbər Ocaqnejatın ötən həftə general Polad Həşimovun ailəsini ziyarət etməsi həftənin ən çox müzakirə olunan mövzularından biri oldu. Əlbəttə, bu, heç də səbəbsiz deyildi. Çünki bu ziyarətin arxasında heç də səmimi niyyət dayanmırdı, əksinə, rəsmi Tehran öz maraqları naminə bir daha Azərbaycan xalqını aşağılamağa cəhd etmişdi. Amma, nə yaxşı ki, şəhid generalımızın ailə üzvləri fars elçisinin, eləcə də onun yandaşının məkrli planını pozmağı bacarmışdı…

Xatırladaq ki, məlum ziyarət sonrası İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün Tvitter səhifəsində bildirmişdi: “Səfirliyin hərbi attaşesi və Ali Rəhbərin Azərbaycan üzrə nümayəndəsi Seyid Əliəkbər Ocaqnejat ilə birlikdə general şəhid Polad Həşimovun evində olduq. Şəhidin ailəsi ilə görüş zamanı general şəhid Qasim Süleymani adına olan lövhə və medalı şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim etdik”.

Lakin bu xəbər ölkə mediasına çıxar-çıxmaz, şəhid generalımız Polad Həşimovun ailəsindən təkzib gəldi. Özü də çox net şəkildə: “İranın verdiyi mükafat bizə lazım deyil”. Belə ki, Polad Həşimovun anası Səmayə xanımın adından yayılan məlumatda İran rəsmilərinin təqdim etdiyi mükafatın qəbul edilmədiyi vurğulandı: “İranın Poladın adına verdiyi medal bizə lazım deyil. Oğlumun adından istifadə etməsinlər. Aidiyyatı qurumlardan da medalı geri qaytarmaq üçün bizə kömək etmələrini tələb edirəm”.

Həmçinin, Polad Həşimovun qardaşı İlham Həşimov da Günaz.TV-yə açıqlamasında xəbəri təsdiq etdi: “Bəli, xəbər doğrudur. Biz o mükafatı qəbul etməmişik. Şəhid general-mayor Polad Həşimovun adından sui-istifadə etməsinlər”.

Bütün bunlar öz yerində. Bəs, rəsmi Tehranın mərhum Azərbaycan generalının ailəsinə “Qasım Süleymani medalı” verməsinin arxasında hansı maraqlar dayanır?

Əlbəttə, nəzərə alsaq ki, siyasətdə təsadüflər olmur, demək, İranın bu addımı da səbəbsiz deyil. Xüsusən də, hədəf kimi istər sağlığında, istər də ölümündən sonra Azərbaycan xalqının böyük sevgisini qazanan qəhrəman generalımızın ailəsinin seçilməsi təsadüfdən çox uzaq olmaqla yanaşı, dərin maraqları özündə ehtiva edir. Bəlkə də P.Həşimov sağlığında qatı dindar, yaxud İranla bu və ya digər dərəcədə əlaqəsi olan bir insan olsaydı, Tehranın bu addımını başa düşmək olardı. Lakin şəhid generalımız öz peşəsini sevən və hər zaman Azərbaycan xalqının maraqlarını qorumağa çalışan bir insan olduğundan, qeyd etdiyimiz kimi, İranın niyyətinin heç də xoş olduğunu düşünə bilmərik. Əksinə, fars rejimi şəhid generalımızın ailəsinə “Qasım Süleymani medalı” verməklə, ölümü ilə Azərbabaycan xalqının ən böyük dəyərlərindən birinə çevrilən generalımızın ruhuna sayğısızlıq edib. Üstəlik, bir çox terror aktlarının həyata keçirilməsində adı hallanan İran generalı Qasım Süleymani ilə işğal altında olan torpaqlarımızı azad edərkən qəhrəmancasına şəhid olan Azərbaycan generalı Polad Həşimovu “eyniləşdirmək” cəhdi xalqımızı aşağılamaqdan başqa bir şey deyil. Hansı ki, İran səfirinin “şəhidin ailəsi ilə görüş zamanı general şəhid Qasim Süleymani adına olan lövhə və medalı şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim etdik”, – açıqlaması da məhz bu niyyətdən xəbər verirdi.

Xameneinin nümayəndəsi yenidən üzə çıxıbsa…

Təbii, İranın Ali dini lideri Ayətullah Seyid Əli Xameneinin Bakıdakı rəsmi nümayəndəsi Seyyid Əli Əkbər Ocaqnejatın şəhid generalımızın ailəsini ziyarət edənlər sırasında olması da diqqətdən qaçmamalıdır. Məlumat üçün bildirək ki, bu şəxsin adı Azərbaycanda bir sıra qalmaqallarda hallanıb. Məsələn, hələ 2002-ci ildə azərbaycanlı gənclərin  İranda qeyri-rəsmi dini təhsilə cəlb edilməsi və Azərbaycan İslam Partiyasının fəaliyyətinin təşkili səbəblərindən, məhkəmənin sanksiyasına əsasən, Seyyid Əli Əkbər Ocaqnejat Azərbaycan Respublikasından arzuolunmaz şəxs qismində çıxarılıb. Lakin o, bizə bəlli olmayan yollarla 2003-cü ilin əvvəllərində yenidən ölkəmizə qayıdaraq Mədəniyyət Mərkəzinə rəhbərliyi davam etdirib. Hansı ki, onun rəsmi və qeyri-rəsmi şəkildə rəhbərlik etdiyi dönəmdə bu qurum ölkəmizə qarşı açıq şəkildə fəaliyyət göstərməkdən çəkinməyib. Bu haqda onlarla fakt sadalamaq olar. Odur ki, həmin şəxsin yenidən Seyid Əli Xameneinin Bakıdakı rəsmi nümayəndəsi cildində “üzə çıxması” heç də səbəbsiz deyil. Hətta bəzi ekspertlər hesab edirlər ki, Ə.Ocaqnejatın rəhbərlik etdiyi şəbəkənin başlıca missiyası Azərbaycan Respublikasında İran tipli dövlət yaratmaq, ölkəmizdə iranyönümlü sosial baza formalaşdırmaq və ictimai-siyasi proseslərə təsir etmək gücü əldə etməkdir.

Tehranın Azərbaycanla bağlı hədəfləri…

Şübhəsiz, rəsmi Tehranın Azərbaycana qarşı səmim qonşuluq münasibətində olmadığı illər öncədən bəllidir. Sadəcə, 1990-cı illərin sonlarına kimi İran Azərbaycanda dini yöndə ideoloji hədəflərindən istifadə edirdisə, 2000-ci ildən siyasi, ictimai və sosial sahədə şəbəkələr yaratmaqla daha üstün səviyyədə fəaliyyət dairəsini ortaya qoymağa çalışır. Bu strateji hədəflərdə yer alan meyar isə iki istiqamətdən yönləndirilməkdədir. Bir yandan mövhumatçı cəfərlik (şiəlik) siyasətindən, digər yandan isə modern qılafa bürünmüş fars teologiyasından istifadə olunmaqdadır. Hər iki qanadın əsas fəaliyyət strategiyası Azərbaycanda milli düşüncənin boğulması, beyinlərdən yuyulması və onun yerinə fars şovinizminə hesablanmış təlimlərin ictimai xarakter daşıması, bütün bunların insanların yaşam tərzinə uyğunlaşdırılmasından ibarətdir. Seyyid Əli Əkbər Ocaqnejat və onun bağlı olduğu şəbəkə də məhz bu siyasətin icraçıları qismində meydandadırlar.

Azərbaycanda bölücülük meylləri

Çox təəssüflə qeyd etməliyik ki, bu gün Azərbaycanda fars şovinizminin və İran kəşfiyyatının yedək gücünə çevrilən bir sıra qurumlar da heç nədən çəkinmədən milli dövlətçiliyimizi sarsıtmaqla məşğuldurlar. Onlar Tehrandakı ideoloji laboratoriyalarda hazırlanmış “fars şovinizmi virusu”na yoluxmuş zümrələrdən ibarətdir. Müxtəlif təşkilatlar adı altında fəaliyyət göstərən bu qruplar mövhumatçı siyasətlə savadsız insanları öz tərəflərinə çəkərək, faktiki olaraq ŞƏHİD VƏ QAZİLƏRİMİZİN bizə əmanəti olan Azərbaycan dövlətçiliyinə qarşı Tehran rejiminin buyurduqlarına əməl edirlər.

İranın isə Azərbaycan siyasətinin əsas doktrinası hələ 1991-ci ildə müəyyən edilmişdir. O dönəmdə İran Xarici İşlər nazirliyinin nəşri olan “Risalət” dərgisinin 4-cü sayında belə yazılırdı: “Azərbaycan dövlətinin quruca adı belə hər zaman İran dövləti üçün ən təhlükəli mənbə hesab olunacaqdır”. Həmin dərginin 1992-ci il 7-ci sayında isə belə bir fikir irəli sürülmüşdür: “İran Azərbaycan dövlətini ya mollaxanaya çevirməli, ya da narkomaniya bataqlığına yuvarlatmalıdır”.

Azərbaycanın qələbəsi kimləri narahat edir?

Görünən odur ki, İkinci Qarabağ Savaşında Azərbaycanın Ermənistan üzərində qələbə qazanması və cəmi 44 gün ərzində işğal altında olan torpaqlarını azad etməsi, düşmənlə yanaşı, özünü bizə “dost” kimi təqdim edən İran İslam Respublikasını da narahat etməyə başlayıb. Əlbəttə, biz müharibənin gedişində də İranın Ermənistana hər cür dəstək verdiyinin şahidi olduq. Amma Azərbaycanın haqq savaşına sözdə dəstək verən rəsmi Tehranın, bu gün şəhid generalımız üzərindən ölkəmizə qarşı siyasi oyun qurması heç də qonşuluq münasibətlərinə sığmır. Ən azı ona görə ki, Azərbaycan dövləti zaman-zaman düşmənlə eyni səfdə çıxış etməsinə rəğmən, heç vaxt İran İslam Respublikasına arxadan zərbə vurmaq niyyətində olmayıb.

Belə olduğu halda, rəsmi Tehranı Azərbaycanla bağlı narahat edən nədir? “Din qardaşlarımız” nə üçün ölkəmizin inkişafında maraqlı deyillər? Bu və ya digər suallara növbəti yazımızda cavab tapmağa çalışacağıq.

“Hürriyyət”