“İran məqsədli şəkildə Azərbaycanda narkomaniyanı yaymağa çalışır”

Baxış sayı:
1302

"Qonşumuzun Rusiya və İran olması narkobiznesin fəaliyyətinə təsir edən əsas amillərdən biridir"
 
“İran istəməz ki, bizdə intellekt və genefondumuz güclü olsun…”

   
Son vaxtlar Azərbaycanda narkotik alveri geniş yayılıb. Xüsusilə gənclər və yeniyetmələrin bu zərərli vərdişə meyli onların həyatları üçün dağıdıcı təsirə çevrilir. Əlbəttə, narkotika təhlükəsi artdıqca “ağ ölüm”lə mübarizə zərurəti də aktuallaşır. Bəs, Azərbaycanda bu sahədə yetərli fəaliyyət ortaya qoyulurmu? Keçmiş polis rəisi Mahmud Hacıyevlə söhbətimizdə bu və digər suallara cavab tapmağa çalışdıq.
 
-  Mahmud bəy, sizcə, Azərbaycanda narkotik alverinin genişlənməsinin səbəbləri nədir?
 
- Ümumiyyətlə, bunu hüquq-mühafizə orqanları daha yaxşşı bilər. Biz öz subyektiv fikrimizi yürüdə bilərik. Özünüz də görürsünüz ki, tez-tez İran ərazisindən və Orta Asiyadan gələn narkotik vasitələr ələ keçirilir. Son iki-üç ay ərzində sərhədçilərimizlə atışmalar nəticəsində vurulan bir-iki İran vətəndaşı da olub. Onlardan külli miqdarda narkotik vasitələr aşkarlanıb. O qədər azğınlaşıblar ki, hətta bizim sərhədçilərimizə odlu silahlardan atəş də açıblar. Bu faktlar onu göstərir ki, əsasən İran ərazisindən narkotik vasitələr keçirilməyə çalışılır. Əvvəl, az hallarda bu cür faktlarla rastlaşırdıq. Qabaqlar Əfqanıstandan və Tacikistandan gətirilirdi. Bu ölkələrdən də Orta Asiyaya, Orta Asiyadan da bizim ölkəyə daxil olurdu. Belə bir tranzit yol açmışdılar. Son vaxtlar bu tranzit yollar bağlanıldığına görə, başqa yollardan istifadə edirlər. Amma əsas etibarilə İran ərazisindən keçirməyə çalışırlar.
 
Hazırda kimyəvi narkotik vasitələr çıxıb. Bunlar da ola bilsin ki, Rusiyadan ölkəmizə daxil olsun. Bilirsiniz ki, hazırda narkomaniya həddindən artıq yayılıb. Hüquq-mühafizə orqanları və dövlət də öhdəsindən tam gələ bilmir. Rusiya bizimlə qonşu dövlətdir. Bir tərəfimiz Rusiya, digər tərəfimiz İrandır. Burda hər iki dövlət rol oynayır.
 
Şükürlər olsun ki, müharibədə qəlbə qazandıq. Artıq Qarabağ zonası bizim öz əlimizdədir. Bilirsiniz ki, Cəbrayıl və Zəngilan rayonları İranla sərhəd ərazilərdir. Əvvəllər həmin ərazilər bizdə olmadığına görə, İran bu yollardan tranzit yol kimi istifadə edirdi. Yəni Ermənistanın vasitəsilə həmin yollardan tranzit yol kimi istifadə edib. Bu da sübut olunmuş faktdır. Tez-tez bizim hüquq-mühafizə orqanları beynəlxalq aləmə bəyanat verirdilər ki, İran Ermənistanla əlaqəyə girib narkotik vasitələri Qarabağdan keçirir. İndi isə Qarabağı azad etmişik. Sərhədə bizim sərhədçilərimiz nəzarət edir. Artıq İran bu yoldan tranzit yol kimi istifadə edə bilməyəcək. Aydın məsələdir ki, bunu tam demək olmaz. Məlumdur ki, narkobaronlar bütün vasitələrə əl atırlar. Burda milyonlarla dollar pul rol oynayır. Qarabağın bizim nəzarətimizdə olması, müəyyən qədər də olsa qarşısını alır, bunu nəzərə almaq lazımdır. Qonşumuzun Rusiya və İran olması narkobiznesin fəaliyyətinə təsir edən amillərdən biridir. Bu da faktdır.
 
Qeyd etdiyim kimi, son vaxtlar o qədər azğınlaşıblar ki, bizim sərhədçilərimizə güllə də atırlar. Bununla bərabər, mübarizə də aparılır. İstər Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi, istərsə də Dövlət Təhlükəsizliyi Xidməti bu məsələləri daim diqqətdə saxlayır. Bununla əlaqədar həbs edilənlər də olur. Dəfələrlə yerli KİV-lərdə hüquq-mühafizə orqanları tərəfindən narkotik plontasiyalarının məhv ediliyinin şahidi olmuşuq. Bunların tam kökünün kəsilməsi abusrddur. Dünya miqyasında kim desə ki, bunun kökük kəsiləcək, absurd fikirdir. Cəmiyyət varsa, demək ki, cinayət də olmalıdır. Narkotika və narkobiznes cinayətin bir növüdür. Bundan qaçmaq mümkün deyil. Elə mübarizə tədbirləri təşkil edəməliidir ki, sayı azalmağa doğru getsin.
 
- Qeyd etdiniz ki, son vaxtlar narkotik maddələrə əsasən İrandan daxil olur. Bəs, bunun qarşısı niyə vaxtında alınmır?
 
- Dediyim kimi, sərhədlərdə dəfələrlə atışma və ölüm faktları baş verib. Hətta bizim sərhədçilərdən də vurulanlar olub. Etiraf etmək lazımdır ki, narkotik vasitələri sərhəddən keçirirlər. Bunu hansı yollarla keçirilməsini deyə bilmərik. Əvvəl Zəngilan və Cəbrayıl işğal altında olan zaman İran bu yolla keçirirdi. Aydın məsələdir ki, hesabatda hüquq-mühafizə orqanları külli miqdarda narkotik vasitələri ələ keçirdiklərini qeyd edirlər. Amma bizim istintaqın gedişatından xəbərimiz yoxdur. İstintaq sirri olduğuna görə, bundan xəbərsiz oluruq. Əsas vəzifə mənbəni müəyyən etməkdir. Narkotik stifadəçiləri əsas deyil. Xarici ölkələrdə narkotik istifadəçilərinə cinayət işi açılmır. Məxfi əməliyyat xidmətinin əsas vəzifəsi mənbəni tapmaqdır. Əsas buna rəhbərlik edəni tapmaq lazımdır. İstintaqın sirləri olduğuna görə, bundan məlumatsızıq. Sizin suala cavabı onlar daha yaxşı verə bilər.
 
Xarici ölkələrin bəzilərində narkotik istifadəçilərinə cinayət işi açılmamasının əsas səbəbi onların xəstə kimi qəbul edilməsidir. Onlar üçün xüsusi müalicə təcridxanaları yaradılıb. Bunlar kalon tipli təcridxanalar sayılır. Onlar məhkəminin qərarı ilə məcburi müalicəyə cəlb edilirlər. Texnologiya inkişaf edəndən həm yaxşı mənada təsirini göstərir, həm də pis mənada cəmiyyətə təsirlərini göstərir. Məsələn, narkotiklərin satışında texniki vasitələrdən istifadə edilir. Hazırda onlayn qaydada narkotiklərin satışı geniş vüsət alıb. On il əvvəl bu üsulu kimə desəydin, adama gülərdilər. Narkotik satışını həyata keçirənlərin də ağlı olur. Onlar da düşünüb müxtəloif yollar axtarmağa çalışırlar. Amma istifadəçinin ağlı yoxdur. Onların ağlı iflic vəziyyətindədir. Əsas narkotikanı gətirəni ifşa etmək lazımdır.
 
Sankt-Petrburqda 10 il əvvəl maraqlı hadisə yaşanıb. Peterburqun yaxınlığında Sovet dövründən qalmış zavodun ərazisində ən son buraxlış maşınlar gəlib. Sahə inspektoru bunlarla maraqlandığında bildirilib ki, buranı hansısa oliqarx alıb və təmir edilir. Hansısa sexin açılacağı deyilib. Bir il yarım fəaliyyət göstərdikdən sonra hər şey məlum olur. Sankt-Petrburqun hüquq-mühafizə orqanları əməliyyat həyata keçirirlər. Məlum olur ki, həmin yerdə laboratoriya fəaliyyət göstərir. Orda kimyəvi üsullarla müxtəlif növ narkotik vasitələr hazırlanır. Maraqlı məqam isə odur ki, bunu hazırlayanların içində elmlər doktoru, kimyaçı, bioloq və s. elm sahibləri olub. Hamısı da alimlər olub. Məhz bu şəxslər narkotik vasitələri hazırlayıblar. Yəni hüquq-mühafizə orqanları narkotik vasitələrin mənbəyini aşkar ediblər. Əslində, Rusiyada mindən çox belə mənbə tapmaq olar. Mən sizə birini nümunə gətirdim.
 
- Bəs, İranın özü nə üçün Azərbaycana narkotik axının qarşısını almır?
 
- Əslində, İran məqsədli şəkildə də narkotik axının qarşısını almamaqda maraqlı ola bilər. Özünüz də bilirsiz ki, üzdə gülümsəsələr də, amma beynəlxalq aləmdə ikibaşlı oyun aparırlar. Qarabağ məsələsində də bizimlə münasibətləri heç də yaxşı olmayıb. Etiraf etmək lazımdır ki, İran bizim millətin yaxşılığını heç vaxt istəməyib. Hamı da bunu yaxşı bilir. Digər tərəfdən isə İranın özündə də narkotikayla mübarizə aparılır. Bununla bağlı ağır cəzalar da verilir. Ola bilsin ki, özlərində təmizləməyə çalışarlar, amma biz tərəfə bilərəkdən məqsədli şəkildə yaymağa çalışarlar. Hər halda İran istəməz ki, bizdə intellekt və genefondumuz güclü olsun. Bunu da etiraf etmək lazımdır.
 
YƏHYA,
 
Hurriyyet.az