PREZİDENTLİYƏ NAMİZƏDLƏRDƏN KİMLƏR SEÇKİYƏ GEDİR? – İkisi qərarını açıqlamayıb

Baxış sayı:
11436

Fevralın 7-də baş tutan növbədənkənar prezident seçkilərində namizəd olmuş şəxslərin 1 sentyabr tarixinə təyin olunan növbədənkənar parlament seçkilərində də iştirak edəcəkləri gözlənilir.

Muxalifet.az xəbər verir ki, prezidentliyə namizəd olmuş Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının başqanı Elşad Musayev və Müstəqil Həmkarlar Birliyinin təsisçis Fuad Əliyev artıq seçkidə iştirak edəcəklərini açıqlayıblar.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa 26 saylı 1-ci Sabunçu seçki dairəsindən namizədliyini irəli sürdüyünü bildirib.

F. Mustafanın sözlərinə görə, rəhbəri olduğu partiyadan 20 nəfərin namizədliyi müəyyən edilib: "Tədricən dairə kommissiyalarına müraciət edirlər. Hələ ki, sistemləşdirməmişik. Amma bu say artacaqdır. Bir az çətinlik ərazisi işğaldan azad olunmuş dairələrlə bağlıdır. Hələ orda rayon təşkilatları formalaşdıra bilməmişik. Lakin digər rayonlarda belə bir problem yoxdur”.

Elşad Musayev “Facebook” hesabından paylaşımında 6 iyul tarixində Böyük Azərbaycan Partiyası Siyasi Şurasının iclasının keçirildiyini və partiyasının seçkilərdə iştirak etmək qərarı aldığını bildirib. E.Musayevin Xətai rayonu 33 saylı Seçki Dairəsindən namizədliyini irəli sürəcəyi gözlənilir.

Razi Nurullayev də Milli Cəbhə Partiyasının seçkilərdə öz namizədləri ilə iştirak edəcəyini vurğulayıb. O, 81 saylı İmişli Seçki Dairəsindən namizədliyini irəli sürdüyünü bildirib.

Müstəqil Həmkarlar Birliyinin təsisçisi Fuad Əliyev isə hələ iki ay öncədən namizəd olacağı ilə bağlı açıqlama verib. Onun hansı dairədən namizədliyini irəli sürəcəyi isə hələlik məlum deyil.

Qeyd edək ki, prezidentliyə namizəd olmuş hazırkı deputatlar - Zahid Oruc və Qüdrət Həsənquliyev hələlik növbədənkənar parlament seçkilərində iştirak edib-etməyəcəkləri barədə qərarlarını açıqlamayıblar.