PUTİNİN GİZLİ UKRAYNA PLANI... - "Kremlin tələblərini qəbul etmək Zelenski üçün "intihar" olar"

Baxış sayı:
1078

ABŞ Ukraynaya dəstək məqsədilə Qara dənizə hərbi gəmilər göndərməyi nəzərdən keçirir. Əslində 2014-cü ildən bəri ABŞ tez-tez Qara dənizə - Ukrayna və Gürcüstan limanlarına hərbi gəmi göndərir. İndi ABŞ-ın CNN telekanalının yaydığı xəbərdən belə anlaşılır ki, söhbət 1 ədəd gəmidən yox, gəmi qruplaşmasından gedir.

Siyasi təhlilçi Şahin Cəfərli bildirir ki, ABŞ-ın qərarı Rusiyanın Ukrayna sərhədlərinə böyük sayda hərbi qüvvə cəmləşdirərək Kiyevi güc tətbiq etməklə hədələməsi ilə əlaqədardır.

"Dünən Rusiya Prezident Administrasiyası rəhbərinin müavini, Ukrayna üzrə danışıqlarda ölkəsini təmsil edən Dmitri Kozakın verdiyi aqressiv bəyanat da bu qərara təsir etmiş ola bilər. Kozak bildirib ki, Donbasda Rusiya vətəndaşları yaşayır və Ukrayna onlara qarşı güc tətbiq etsə, bu, onun üçün sonun başlanğıcı olacaq",-deyə ekspert qeyd edib.

Ekspertə görə, Rusiya işğalçı siyasətinə legitimlik qazandırmaq üçün bu modeli çoxdan hazırlayıb və Gürcüstanda tətbiq edib: əvvəlcə separatçı ərazilərin sakinlərinə pasport paylayır, sonra mərkəzi hökumətin öz ərazi bütövlüyünü təmin etmək cəhdini "Rusiya vətəndaşlarına hücum" kimi qiymətləndirərək hərbi müdaxilə edir.

Dünən Pentaqondan CNN-ə bildirilib ki, kəşfiyyat təyyarələri vasitəsilə Rusiya qoşunlarının hərəkətini müntəzəm izləyirlər və hələlik onların hücum hazırlığında olması müşahidə edilmir. “Əgər vəziyyət dəyişsə, reaksiya verməyə hazırıq”, - deyə Pentaqon nümayəndəsi söyləyib. Bu gün ABŞ-ın 2 ədəd B-1 strateji bombardmançısı Qara dəniz yaxınlığında, Egey üzərində uçuş keçirib.

Ümumiyyətlə, Rusiya və Putin Ukraynadan nə istəyir?

Şahin Cəfərli dünən Ukrayna prezidenti Vladimir Zelenskinin cəbhə xəttinə gedərək əsgər və zabitlərlə görüşdüyünü xatırladır. 

Ekspert qeyd edir ki, bu səfər həm ölkənin şərqindəki təmas xəttində, həm də Rusiya ilə sərhədlərdə gərginliyin artması fonunda gerçəkləşib: "Son həftələrdə atəşkəs pozuntuları intensivləşib və demək olar ki, hər gün həlak olan və yaralanan Ukrayna hərbçiləri barədə xəbərlər daxil olur. İlin əvvəlindən bəri həlak olan Ukrayna hərbçilərinin sayı 30-u ötüb. Halbuki atəşkəs haqqında 27 iyul 2020-ci il tarixindən qüvvəyə minən razılaşma var. Bu razılaşma Ukrayna, Rusiya və ATƏT nümayəndələrindən ibarət üçtərəfli təmas qrupu çərçivəsində əldə olunub, prezidentlər Zelenski və Putin 26 iyul 2020-ci il tarixli telefon danışığında atəşkəsin təmin olunmasına dair əlavə tədbirləri müzakirə edərək ortaq rəyə gəliblər. Lakin o vaxtdan bəri çox şey dəyişib və Moskvanın yeni Ukrayna prezidentinə bəslədiyi ümidlər özünü doğrultmayıb".

Siyasi təhliçi bildirir ki, hazırda Putinin əmri ilə Rusiyanın hər yerindən çoxlu sayda hərbi texnika və ordu birlikləri Ukrayna sərhədlərində və işğal altındakı Krımda cəmləşdirilir. Rusiyanın Qara dəniz donanmasının qüvvələri yetmirmiş kimi, Xəzər donanmasının gəmiləri də oraya göndərilir. 

"Amma bu yazıda biz müharbə ehtimalından yox, hadisələrin niyə bu həddə gəlib çatmasından və Rusiyanın məqsədlərindən danışırıq",-deyə ekspert vurğulayıb.

Şahin Cəfərli bildirir ki, Zelenski hakimiyyətə gəldiyi ilk vaxtlarda həqiqətən Rusiya ilə masaya oturub, qarşılıqlı güzəştlərlə münaqişəni həll etməyə cəhd göstərsə də, sərt reallıqlarla üzləşərək öncə tərəddüd etməyə, sonra isə güzəşt niyyətindən tədricən vaz keçməyə məcbur oldu: "Üzərində xalqın və dövlətin taleyi ilə bağlı məsuliyyət olmayanda bir siyasətçi üçün danışmaq, vədlər vermək asandır, amma bu məsuliyyəti üzərinə götürdükdə vəziyyət dəyişir. Zelenski də bunu yaşadı. Komik aktyorun dramı… Ukrayna kimi çox ağır problemlərlə üzləşmiş bir ölkəni idarə etmək serialda Ukrayna prezidentini canlandırıb, pafoslu və sentimental çıxışlar etməkdən xeyli çətin işdir.

Rusiyanın Ukrayna rəhbərliyindən konkret tələblərinə gəlincə, siyasi təhəlilçi xatırladır ki, Donbas probleminin həllinə dair Minsk razılaşmaları var: "Birincisi 2014-cü ilin sentyabrında, ikincisi 2015-ci ilin fevralında imzalanıb. Bu razılaşmalarda həm təhlükəsizlik, həm də siyasi problemlərin həllinə dair müddəalar yazılıb.

Təhlükəsizliklə bağlı müddəalar Ukraynanın maraqlarına cavab verir, çünki bütün xarici silahlı dəstələrin, hərbi texnikanın, muzdluların Ukrayna ərazisindən çıxarılmasını, bütün qanunsuz silahlı dəstələrin tərksilah olunmasını və Ukrayna-Rusiya dövlət sərhədinin nəzarətdən çıxmış hissəsinin Kiyevin nəzarətinə qaytarılmasını nəzərdə tutur. Lakin siyasi blokda təhlükəli müddəalar var. Orada Donetsk və Luqansk vilayətlərinin separatçıların, əslində Rusiyanın nəzarətindəki hissələrinə xüsusi status verilməsi və bunun Ukrayna Konstitusiyasında təsbit olunması, yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilməsi, döyüşlərdə iştirak etmiş şəxslərə - əli qana batmış separatçılara və onların liderlərinəamnistiya verilməsi əksini tapıb. Yəni faktiki olaraq, Ukraynanın federallaşması nəzərdə tutulur".

Ekspert xatırladır ki, Ukraynatərəfi İlovaysk və Debaltsevo məğlubiyyətlərindən sonra bu razılaşmalara imza atmağa məcbur olub. Həmin döyüşdə Rusiya ordusunun birbaşa müdaxiləsi nəticəsində Ukrayna ordu hissələri və könüllü batalyonlar orada mühasirəyə düşüb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, mühasirəni yarıb çıxarkən 366 nəfər əsgər və könüllü həlak olub, 429-u yaralanıb, 300-ü əsir düşüb.

Ekspert bildirir ki, Ukrayna tərəfi bu razılaşmalardan imtina etmir, amma hesab edir ki, əvvəlcə təhlükəsizlik komponenti yerinə yetirilməlidir. 

"Yəni öncə Rusiyadan gələn bütün silahlı adamlar və hərbi texnika çıxarılmalı, sərhəd xətti Ukraynanın nəzarətinə verilməlidir, yalnız bundan sonra siyasi müddəaların həyata keçirilməsinə başlamaq olar. Rusiya tərəfi isə bildirir ki, əvvəlcə Ukrayna siyasi komponenti icra etsin, bundan sonra digər məsələlərə növbə çata bilər. Hər iki tərəf ona görə bu mövqelərində israrlıdır ki, sərhəd bağlandıqdan və Rusiyadan gələn bütün silahlılar, siyasi kuratorlar çıxdıqdan sonra həmin ərazilərdə seçkilərin keçirilməsi, yerli hakimiyyət orqanlarının formalaşdırılması Ukrayna mərkəzi hökumətinin nəzarətində baş verəcək. Bu halda Ukraynanın bütün siyasi partiyaları həmin ərazilərdə sürətlə təşkilatlanacaq, tərəfdar toplayacaq, seçkilərə rahat şəkildə qatılacaq və nəticədə dövlətə sadiq qüvvələr yerli hakimiyyətdə təmsil olunacaq. Bu isə siyasi müddəaları və federallaşma ssenarisini heçə endirəcək",- deyə təhlilçi vurğulayıb.

Ş. Cəfərli bildirib ki, siyasi müddəaların ilk növbədə həyata keçirilməsi isə Donetsk və Luqansk vilayətlərindəki oyuncaq rejimlərin legitimlik qazanması, “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın federasiya subyektləri kimi Ukraynanın tərkibində yer alması deməkdir:"Bu halda dövlət Ukrayna Federativ Respublikası adlandırılmasa da, mahiyyət etibarilə Ukraynanın dövlət quruluşu federasiya olacaq. Təsəvvür edin ki, Ukraynanın tərkibində tamamilə Moskvadan asılı olan, onun direktivləri əsasında hərəkət edən 2 respublika yaranır, sonra federativ quruluşa uyğun olaraq ikipalatalı qanunverici orqan formalaşır, yuxarı palatada federasiya subyektlərinin nümayəndələri digər regionlarla bərabər sayda təmsilçilik hüququ əldə edir, aşağı palatada da həmin ərazilərdən seçilmiş deputatlar Ukraynada artıq mövcud olan rusiyayönümlü partiyaların deputatlarına qoşulur və böyük bir fraksiya yaradırlar. Yuxarı palata bütün önəmli qanunları – məsələn, Ukraynanın NATO-ya və Avropa Birliyinə üzv olmasını bloklamaq imkanına malik olur".

Təhliçiyə görə, Rusiyanın bu ssenarisi gerçəkləşərsə, Ukrayna təkrar Moskvadan asılılığa düşəcək, ən yaxşı halda neytral dövlət kimi Rusiya və Qərbin arasında hər hansı inkişaf perspektivi olmadan “baş girləyəcək”.

"Putinin istədiyi məhz budur. Moskva bu problemi yaradarkən heç də həmin ərazilərin Ukraynadan qoparılmasını və ilhaqını planlaşdırmayıb. Məqsəd separatçı respublikalar yaradaraq onları zorla Ukraynanın tərkibinə daxil etmək və ölkəni federallaşdırıb, onun avroatlantik inteqrasiyasını və Rusiyanın qonşuluğunda normal, demokratik, inkişaf edən dövlətə – rusiyalılar üçün bir cazibə mərkəzinə çevrilməsini əngəlləməkdir",-deyə skepert qeyd edib.

Şahin Cəfərli hesab edir ki, Rusiyanın bu tələblərini qəbul etmək, yəni Minsk razılaşmalarını Moskvanın interpretasiyasına uyğun həyata keçirmək Zelenski və Ukrayna üçün intihar olardı:"Ona görə də Zelenski buna getmir. Hələ üstəlik, ABŞ-ın yeni Bayden hökumətindən cəsarət alaraq 5-ci kolonun üstünə yeriyir, Rusiyanın Ukrayna daxilindəki şəbəkələrini demontaj edir. Putin məhz bu 2 səbəbdən qəzəblənib: Zelenski həm Donbas məsələsində güzəştə getmir, həm də Rusiyanın nüfuzunu sarsıdan, Putinin xarizmasını cızan addımlar atır. Ukrayna dövlətinin hədəfində olan oliqarx-siyasətçi Viktor Medvedçuk Rusiyanın adamı olmaqdan əlavə, həm də şəxsən Putinin qohumu sayılır: Rusiya prezidenti bu şəxsin qızının xaç atasıdır.

Ona görə də, Putin qərara gəlib ki, həm Zelenskini geri oturdub, onu güzəştlərə vadar etsin, həm də Baydenin sərt siyasi kursuna Ukraynada cavab verərək Vaşinqtonu bir tərəfdən Rusiyaya qarşı planlaşdırdığı addımlardan, digər yandan Ukraynanı hərtərəfli dəstəkləyərək onu NATO-ya aparmaq siyasətindən çəkindirsin".