SALEH MƏMMƏDOV VƏKİL OLACAQ? - 57 yaşında hüquqşünas diplomu alan məmurun “uzaqgörənliyi”

Azərbaycan təhsilinin, elminin problemləri o qədər nəhəngdir ki, şagirdin müəllimi güllələməsi az qala bu problemlərin kölgəsində qalan sıradan kriminal hadisə kimi görünür. Həmin problemlərdən biri də məmurların, deputatların (yaxşı pullanandan sonra) ikinci ali təhsil eşqinə düşməsi və bu “sevginin” Azərbaycan təhsil sistemini idarə edənlər tərəfindən (məlum şərtlər daxilində) məmnuniyyətlə “vüsala çatdırılmasıdır”…
Hər nə qədər “arxadan atılıb, topuğa dəyən daş” kimi görünsə də, bizim mediada iri məmur vəzifəsindən atılan kimi onun bioqrafiyasına nəzər yetirilməsi adi haldır. Saleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi də bu baxımdan istisna deyil.
Adam 30 ildən çox “Azəravtoyol”da müxtəlif vəzifələr tutub. Bunun 10 ilini quruma birbaşa rəhbərlik edib. Zaman-zaman mediada Məmmədovun intellekti sual altına alınsa da, tutduğu vəzifələrdən yararlanaraq, yüz milyonlara sahib olduğu barədə iddialar yer alıb. Eyni zamanda, bu məmurun Bəylər Eyyubovun “kurasiyasında” olduğu və uzun illər bundan irəli gələrək, “toxunulmazlığını” saxladığı, vəzifədən atılmasının da Eyyubov “vurulandan” sonra baş verməsinin təsadfüfi olmadığı barədə iddialar var…

Ancaq mövzu bu deyil. Saleh Məmmədovun “zəngin” bioqrafiyasında ən maraqlı məqamlardan biri 2015-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" fakültəsini bitirməsidir. Həmin vaxt Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis" Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi olan bu məmurun nə az, nə çox – 57 yaşı olub. Yəni, adam 57 yaşında universitet bitirib, özü də hüquqşünaslıq kimi kifayət qədər böyük həcmli savad, bilik, yaddaş tələb edən ixtisas üzrə.
Görünür, “hüququ bitirmək” Saleh Məmmədovun ya əlçatmaz cavanlıq arzusu imiş, ya da nə vaxtsa “yağlı” vəzifələrlə vidalaşandan sonra vəkillik etmək, bu peşə hesabına “dolanmaq” fikrində olub. Lakin çətin ki, uzun illər başı daha gəlirli işlərə qarışımış və qətiyyən yüksək hüquqi savad, erudisiya, intellekt daşıyıcısı təsiri bağışlamayan Məmmədov indidən sonra hüquqşünaslıqla, vəkilliklə çörək qazanmağın “peşinə düşsün”. Çünki yəqin, aylıq rəsmi maaşı ilə(!) yığdığı varidatı nəvə nəticələrinə, hətta kötücələrinə də bəs edər…

Məmmədovun “hüquqşünaslığı” məsələsinə qayıtsaq, qeyd etməliyik ki, 40-50 yaşından sonra yenidən “tələbə” adına layiq görülən və təhsildə, elmdə “uğurlar qazanan” təkcə o deyil. Azərbaycanda uzun illərdir bu dəb, bu tendensiya var və təbii ki, bunun üçün savad, bilik yox, başqa məlum kriteriyalar lazımdır. Bu təhsil özbaşınalığı ölkəmizdə ikinci təhsillə bağlı qanunvericilkdə və qəbul prosesində mövcud olan boşluqlardan, hər şeyə əlaqələr, korrupsiya hesabına nail olmağa öyrəşmiş məmurların bu boşluqlardan istifadə etmək məharətindən irəli gəlir. Bunun nəticəsidir ki, nəinki saxta ikinci təhsil, hətta saxta elmi iş yazdırıb alimlik, elmi dərəcə alanlar var…
Məsələn, Azərbaycan Beynəlxalq Universiteti kimi “ali məktəblər”in diplomunu almış bir çox məmurların və deputatların birinci ali təhsili yumşaq desək, “qaranlıq”, ya da ən azı “kölgəli” olduğundan onu “ağartmaq” üçün ikinci təhsilə can atdığının şahidi olmuşuq. Ya da daha yüksək vəzifəyə hazırlaşdıqları üçün ikinci diplomu alaraq, daha sanballı görünmək və yeni “kriteriyalara uyğunlaşmaq” istəyənlər olub. Hətta elələri olub və hazırda da var ki, növbəti diplomu sadəcə, ad, maraq xatirinə “alıb atıblar” – birdən lazım olar… İmkan, pul, əlaqə və şərait varsa, Azərbaycanın təhsil sistemi, təhsil məmurları, universitetləri də buna can-başla şərait yaradırsa, niyə də olmasın?
Odur ki, bu yuxarıda qeyd etdiklərimiz heç cür Saleh Məmmədovun timsalında “yıxılanı baltalamq” kimi qəbul edilməsin. Necə deyərlər, “hamı necə, o da elə”. Həm də zatən kişi yıxılmayıb, hətta əksinə, uzun illər “böyük zəhmətlə” topladıqlarından yararlanmaq, həyatdan hələ indidən sonra həzz almaq imkanına malikdir…
Bir də ki, məhkəmələrin, hüquq-mühafizə, ədliyyə orqanlarının, bundan irəli gələrək də vətəndaş hüquqlarının bugünkü acınacaqlı vəziyyətini görəndə düşünürsən ki, Saleh Məmmədov kimisinin “hüquqşünas” olmasında qeyri-adi, təəccüblü heç nə yoxdur…
Cəlal Məmmədli




















