SEÇKİ - Eldəniz Quliyev yazır

Baxış sayı:
12355

Doğrudan da, əvvəli olmayan yolun sonu da olmaz...

Məncə, bu gün bizlər, məmləkətin gələcəyi naminə həmin o YOLUN axtarışına, öz təbii sonuna doğru davam etməsinə  çalışmalıyıq. İki ayağı bir başmağa pərçimləyib inadkarlıq göstərmək çox vaxt əks-nəticə verir. Zaman-zaman: "Bu YOL niyə burada əyilib, sınıb, nədən axı bunun sonu yoxdur?" deyə, öz-özümüzə ritorik suallar vermişik... "Bu YOLU kim belə dolaşdırıb-düyünlədi? Yox, biz belə yolla addım da atmarıq. Çünki məlum deyil hayana üz tutaq, - İt hürən tərəfəmi, ya işıq gələn tərəfəmi?.."
İndi gələk seçkiyə... İştirak edəkmi, etməyəkmi?
Mübahisəli də olsa, mənə elə gəlir ki, ölkədə keçiriləcək növbədənkənar parlament seçkisi də məhz bu dilemmanın axtarışı və dolaşıq kələfin ucunun tapılması üçün bir fürsətdi!.. Bu fürsəti fövtə vermək olarmı? Məncə, yox. Bu gün bizlər, təklif olunmuş şəraitdə "seçkiyə gedək", "yox,  getməyək, seçkini baykot edək" kimi polemikaları bir kənara qoyub, sınmış, əyilmiş, dolaşıb düyün düşmüş o YOLUN hərəkətini təmin etməyə cəhd göstərməliyik. Sadəcə və təəssüf ki, özgə çıxış yolu, ya özgə carə yoxdu...
İndiyə qədər passiv boykot da, aktiv boykot da ölkənin rəngi-ruhunu dəyişməyib. Əksinə, bir az da artıq boğub-bozardıb...
Və təəssüf ki, bu, çox acı, eləcə də çox acınacaqlı bir faktdır.
Amma, ədalət naminə məsələnin ikinci tərəfi də deyilməlidir. Seçki mühiti də daxil olmaqla, ifadə və sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması, hakimiyyətin ictimai-siyasi fəallara və azad fikirli insanlara qarşı ədalətsiz-repressiv siyasət yürütməsi, obyektiv (ya lap qeyri-obyektiv) tənqidlərin polis dubinkasına həmən tuş gəlməsi və digər fundamental hüquq və azadlıqların kobud şəkildə pozulması... Belə zaman kəsiyində, əlbəttə ki, durub arsız-arsız seçkiyə qatılmaq da normal sayıla bilməz... Bu da ikinci ağrılı və üzücü faktdır.
Yəni seçkiyə getmək bir ayıb, getməmək min ayıb. İndi gəl, ara qarışıb məzhəb itdiyi məqamda, axtarıb saqqalla bığın yerini tap...
Şəxsən mən, pis və ən pis arasında qalıb seçim etməli olsaydım, seçkiyə qatılardım. Çünki məsələ seçilib-seçilməməkdə yox, yuxarıda qeyd etdiyim YOLU bircə addım, bircə qarış da olsa artırmaqdan gedir!... Tunelin sonunda görünən işartını görməzdən gəlmək düzgün yanaşma olmasın gərək. Yəni qaranlığı qınamaqdansa, hərəmiz bir şam yandırsaq daha doğru olar.
Son olaraq qeyd edim ki, zənnimcə, əgər seçki və seçkiyə qatılmaq şoudursa, seçkini boykot edib ona qatılmamaq da -  anti-şoudu. Və hər ikisi, mahiyyət etibarı ilə elə bir medalın iki üzüdür!..

Eldəniz QULİYEV

P.S. Unutmayaq: seçki və seçim anlayışı, ilk növbədə nələri, ya kimlərisə ələyib-arıtlamaq, yaxşını pisdən, tüstünü hisdən ayırmaq, saf-çürük eləmək deməkdir. Və bu prosesdə çürüyün seçilməsi, əslində, safın məğlubiyyəti yox, seçənin bədbəxtliyidir...