Suriya əsirliyindəki azərbaycanlı qadın və uşaqlar - DÖVLƏT ONLARI GERİ QAYTARMALIDIRMI?

Baxış sayı:
11977

İraq və Suriyadakı PKK əsir düşərgələri boşaldılır “Xilafət”in çöküşündən sonra Britaniya hökuməti İŞİD döyüşçülərinin Britaniya vətəndaşları olan yetim uşaqlarını ilk geri qaytarma əməliyyatı çərçivəsində xilas edir. Uşaqlar bu həftənin əvvəlində götürülüb və yaxın günlərdə geri qaytarılacaqlar. Cihadçıların itirdikləri son ərazidə olan bombalanma zamanı valideynlərini və böyük bacı-qardaşlarını itirmiş uşaqlar bir düşərgədə tapılıblar. Onlar ərəbcə danışırlar və 5 il əvvəl Suriyaya gələndən öncəki Britaniyada keçmiş həyatlarını çətinliklə xatırlayırlar. “TheTelegraph” təhlükəsizlik səbəbindən onların şəxsiyyətlərini açıqlamır. Britaniyanın Xarici Əlaqələr Katibi Domonik Raab bu uşaqların dəhşətli müharibənin subyektləri olmadıqlarını və onları Britaniyaya aparmağın düzgün olduğunu bildirib. Geri qaytarma əməliyyatı Britaniyanın Suriya üzrə Xüsusi Nümayəndəsi Martin Lonqdenin Suriyanın kürdlərin əlində olan şimal-şərqinə səfərindən sonra başlayıb. Britaniya hökuməti ABŞ-ın öz vətəndaşlarını ərazidən çıxarmaq və koalisiya qüvvələrinin yükünü azaltmaq barədə etdiyi təzyiqləri ilə üz-üzədir. Britaniya vətəndaşları olan azı 7 kişi, 25 qadın və onların 60-a yaxın uşağı Suriyanın şimal-şərqində kürdlərin təşkilatı olan Suriya Demokratik Qüvvələri tərəfindən həbsxanalarda saxlanılır. Məlumdur ki, İŞİD terror qruplaşmasına qoşulmaq üçün Azərbaycandan da müxtəlif yollarla Suriya və İraqa yüzlərlə insan gedib. Onların əksəriyyəti orada öldürülüb, geri qayıdanlar isə xüsusi xidmət orqanları tərəfindən aşkar olunaraq həbs olunub və məhkəmələr onları uzunmüddətli həbs cəzalarına məhkum edib. Amma terror qruplaşmaları üzvlərinin bir çoxu ailələrini də döyüşlərin getdiyi ərazilərə aparıblar. Beynəlxalq media dəfələrlə həmin ailələrin düşdüyü dəhşətli acınacaqlı vəziyyət barədə reportajlar verib. Hazırda İraqda və Suriyada həbsxanalarda saxlanılan qadın və uşaqlar aclıqdan, xəstəliklərdən, habelə onları əsir saxlayanların verdikləri ağır işgəncələrdən əziyyət çəkirlər. Qeyd edək ki, Britaniyadan əvvəl Türkiyə və bəzi Avropa ölkələri əsir düşərgələrində saxlanılan vətəndaşlarının evakuasiyasını həyata keçiriblər. Bu yaxınlarda azərbaycanlı araşdırmaçı jurnalist Səbuhi Məmmədli lent.az portalında əsir düşərgələrində hökm sürən vəziyyəti əldə etdiyi məlumatlar əsasında belə təsvir etmişdi: “... Suriyanın şimal-şərqində, Hakasa şəhərindən 170 kilometr aralıda yerləşən “Əl-Hol” əsir düşərgəsindən yazır. O əsir düşərgəsindən ki, orda 70 min qadın, uşaq saxlanılır. Hə, kişilər də var. Amma onların sayı çox azdır. Çünki çoxu qırılıb. İŞİD-in, “Əl-Nüsra”nin tərkibində... Guya cihad edirmişlər. İndi onların arvadları, uşaqları elə həmin İŞİD və “Əl-Nüsra”dan az qorxulu olmayan terrorçu PKK-nın əlində, əsirliyində. “Əl-Hol” da 335-i uşaq olmaqla, 600-dən çox azərbaycanlı da saxlanılır. Böyük əksəriyyətinin ərləri ya öldürülüb, ya da edam edilib. Onlar gündə bir ovuc unla, iki-üç ədəd kiflənmiş kartofla qidalanır. Çoxu xəstədir. ... Əl-Baquzədəki mövqelərini itirdikdən sonra 40 mindən çox İŞİD döyüşçüsünün ailəsi əsir götürüldü. Amma əsir götürülənlər arasında 100-ə yaxın terrorçu da vardı. Onları nəzarətsiz buraxmamaqdan ötrü “Əl-Hol” həbs düşərgəsi yaradıldı. Düşərgədə yaşayanların 11 min nəfəri isə keçmiş sovet ölkələrindən olanlardır. Aclıq və səfalətin hökm sürdüyü “Əl-Hol”da ən ağır durumda olanlar gənc analar və 14 yaşdan böyük qız uşaqlarıdır. Onlar hər an zorlamaya, təcavüzə məruz qala bilərlər. Yaşı 14-ü ötmüş oğlan uşaqların isə bəzən əlillərinə avtomat verib, kamikadze kimi istifadə edirlər. Daha ağır vəziyyətdə olanlar isə hər iki valideynini itirmiş uşaqlardır...” Maraqlıdır, Azərbaycan dövləti öz vətəndaşları olan bu ailələri geri qaytara bilərmi? “AzPolitika.info”-nun bu barədə sualını cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, iki gün əvvəl Rusiya da İŞİD-ə qoşulan vətəndaşlarının uşaqlarını xüsusi reyslə geri qaytarıb: “Proses başlayıb və bildiyim qədər Azərbaycan XİN və Diaspora Komitəsi İraqda qalan və Azərbaycan vətəndaşı olan qadınları və uşaqları geri qaytarmaq istiqamətində danışıqlar aparırlar. Yəqin yaxın günlərə müəyyən nəticələrin şahidi olacağıq”. Ekspert bildirib ki, bu qadınların və uşaqların Azərbaycan üçün təhlükəsi yoxdur. Əksinə, bu insanlar qaytarıldıqdan sonra onlardan radikal islam düşüncə sahiblərinə qarşı istifadə etmək olar. "Yəni oradakı dəhşəti və zülmü görən qadın və uşaqlardan təbliğat vasitəsi kimi istifadə olunmalıdır. Qoy, bu gündən sonra bu "sevdaya" düşənlər üçün də baş verənlər bir dərs olsun. Təbii, onlarla müəyyən filtrasiya işi aparılmalıdır və inanıram ki, gətiriləcək qadınlardan və Türkiyənin təhvil verəcəyi 29 İŞİD-çidən çox şey öyrənmək olar. Bununla bəzi gizli radikallara, onları maliyyələşdirənlərə, təşkilatçılara çıxıb, ölkədə radikal islamçılara ağır zərbə vurmaq olar”. Politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev “AzPolitika.info”-ya şərhində bildirdi ki, İraq və Suriyadakı əsir düşərgələrində saxlanılan şəxslərin geri qaytarılması istiqamətində atılacaq ilk addım siyahıların dəqiqləşdirilməsidir: “Daha sonra onların hansı yollarla Azərbaycandan bu ölkələrə gedərək terror qruplaşmalarına qoşulmaları aydınlaşdırılmalıdır. Əgər onlar hər hansı cinayət törədiblərsə, barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə cinayət işi qaldırılmalıdır. Hesab edirəm ki, belə də olacaq. Əvvəlcə müvafiq dövlətlərə sorğular verməklə saylarını dəqiqləşdirmək gərəkdir. Daha sonra onlarla görüş keçirmək, hansı yaş qruplarında olduqlarını müəyyənləşdirmək və Azərbaycana qaytarılmaları barədə qərar qəbul etmək lazımdır”. Ekspert hesab edir ki, həmin şəxslər ölkəyə gətirildikdən sonra onları cəmiyyətdən təcrid edərək barələrində axtarış-əməliyyat tədbirləri keçirilməlidir: “Bundan sonra onları ailələrinə qaytarmaq və s. tədbirlər görmək lazım gələcək. Təbii ki, onların içində Azərbaycana qayıtmaq istəməyənləri də tapılacaq. Onlar yaxşı bilirlər ki, terrorçu qrupların tərkibində fəaliyyət göstəriblərsə, qanun qarşısında mütləq cavab verəcəklər. Bu, asan proses deyil, bu işləri başa çatdırmaq üçün hüquq-mühafizə və başqa institusional orqanlar bu məsələni həll etməlidirlər”. A.Nağıyev qeyd edib ki, əsir düşərgələrində saxlanılan şəxslərin qaytarılması istiqamətində bəzi ölkələr addım atıb: “Hər bir dövlətin öz təhlükəsizliyini qoruması əsas vəzifəsidir. Ona görə də, bu istiqamətdə vacib olan bütün məsələlər həll edildikdən sonra onların geri qaytarılması mümkündür”.