Əzəli və əbədi dostluğun nümayişi

İlham Əliyevin Pakistan səfərinə sevinənlər və bundan narahat olanlar kimlər idi?..
İyulun 11-də Prezident İlham Əliyevin Pakistana dövlət səfəri baş tutdu. Bu səfər zamanı bir sıra məqamlar diqqətləri cəlb etdi. Əlbəttə, ilk növbədə İ.Əliyevin yüksək səviyyədə qarşılanmasını qeyd edə bilərik. Hansı ki, Prezident Əliyevin təyyarəsi Pakistanın hava məkanına daxil olduqdan sonra onu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşıladı və xüsusi ehtiram əlaməti olaraq fəxri qonağı yerə enənə qədər müşayiət etdilər. Daha sonra Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan prezidentini Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında qarşıladı. İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülərək, artilleriya salamı verildi.
Təbii ki, tərəflər arasında ən yüksək səviyyədə baş tutan görşlərin də təntənəli formatda keçirilməsi təsadüfi deyildi.
Xatırladaq ki, İlham Əliyev Məhəmməd Şahbaz Şəriflə danışıqlardan sonra bildirdi ki, Azərbaycan Pakistan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmağı planlaşdırır: “Biz ilkin mərhələdə investisiyalarımızın ümumi həcminin 2 milyard dollara yaxın olmasını planlaşdırırıq. Enerji, infrastruktur, rabitə və bir çox başqa sahələrdə, o cümlədən müdafiə sənayesində çox uğurla əməkdaşlıq edirik”.
Azərbaycan Prezidentinin Pakistan Prezidenti Asif Əli Zərdari ilə də görüşü baş tutdu, danışıqlar aparıldı. Başa çatan səfərin nəticəsi kimi hava rabitəsi, turizm, tranzit ticarəti, elm və texnologiya, mineral ehtiyatların mədənçıxarma və geologiya, kiçik və orta biznes, informasiya texnologiyaları və özəlləşdirmə sahələrində əməkdaşlığa dair 15 sənəd imzalandı. Eyni zamanda, Azərbaycan və Pakistan xarici işlər nazirlikləri arasında konsulluq sahəsində əməkdaşlıq haqqında saziş imzalandı. Tərəflər həmçinin cari xarici siyasət məsələlərinə dair qeydləri müqayisə etdilər.
Bilirik ki, Pakistan Türkiyə ilə birgə Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyən ölkə olub. Azərbaycanın bu ölkə ilə “özünəməxsus münasibəti” var və İslamabad təkcə Qarabağ məsələsinə görə İrəvanla diplomatik əlaqələr qurmayıb.
Belə ki, İslamabad Türkiyə və Rumıniyadan sonra 1991-ci il dekabrın 13-də Azərbaycanın müstəqilliyini tanıyan üçüncü ölkə oldu və bu dostluq naminə Ermənistanı da dövlət kimi tanımadı. Bu barədə Prezident İlham Əliyev də İslamabaddakı görüşdə xüsusi vurğular etdi.
Əlbəttə, Pakistanın Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyi kimi, ölkəmiz də Kəşmir məsələsində İslamabadı dəstəkləyib. Bu nüansı da diqqətə çatdıran Prezident Əliyev qeyd etdi: “Bakının mövqeyi “beynəlxalq hüquqa və ədalətə hörmət etməkdir. Biz Kəşmir xalqının ədalət və beynəlxalq hüquq uğrunda mübarizəsində yanındayıq. Və ədalətin zəfər çalacağına inanırıq”.
Azərbaycanla Pakistan arasındakı münasibətlər çoxəsrlik tarixə malikdir. Hələ orta əsrlər zamanından Qəznəvilər dövləti, Dehli sultanlığı və Moğol imperiyası dönəmindən indiki Azərbaycan ərazisindən çox sayda insan ümumi iqtisadi, siyasi və mədəni məkan çərçivəsində Şərqə köçmüşlər. Bu, onu deməyə əsas verir ki, Azərbaycanla Pakistan arasında ərazi müstəvisində inteqrasiya yeni deyil və çoxəsrlik tarixə malikdir. Bu qəbildən olan məqamlar arasında Ağa Məhəmməd Yəhya Xan Qızılbaşın (1917-1980) Pakistanın üçüncü prezidenti olmasını, Müzəffər Əli Xan Qızılbaşın 1950-1960-cı illərdə maliyyə və ticarət naziri vəzifəsində çalışmasını, müasir Pakistan ərazisində tüğyan edən vəba epidemiyası zamanı 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyevin bu xəstəliyə qarşı 100 min ampuladan çox peyvəndi köməyə göndərməsi və bu sayədə minlərlə insanın həyatını xilas etməsini qeyd etmək yerinə düşər. Digər bir maraqlı məqamsa budur ki, Pakistan Hindistan, Çin, İran, ABŞ və Rusiya kimi güclü oyunçuların maraqlarının kəsişməsində yerləşən, güclü regional oyunçu, çoxmillətli, çoxmilyonlu, ən əsası da nüvə silahına malik dövlətdir.
Əlbəttə, üzücü haldır ki, illərdir Pakistanla Hindistan arasında münaqişə mövcuddur. Bəllidir ki, həm Pakistan, həm Hindistan uzun müddət Britaniyanın müstəmləkəsi olub. Lakin Hindistanla qarşıdurma İslamabadı Pekinə yaxınlaşdırdı. Sözsüz ki, bu Dehlidə narazılıq yaradıb. Çünki Çin Dehlinin başlıca regional rəqibidir.
Hazırda Pakistan həm ABŞ-ın, həm də Azərbaycan-Türkiyə-Böyük Britaniya-Çin kontekstində Londonun tərəfdaşıdır. Çin-Pakistan müstəvisi Orta Dəhliz kimi strateji tranzit dəhlizinin müdafiə xəttini təşkil edir. Bu dəhliz Pekin üçün mühüm olduğundan, lakin hərbi sferada görünmək istəmədiyindən bu funksiya Pakistana verilmiş ola bilər. Xüsusilə o vaxtda ki, ABŞ-Çin arasında ticarət müharibəsi get-gedə daha da amansız fazaya keçir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Pakistan səfərindən 5 gün əvvəl və 3 gün sonra Hindistanın yenə Ermənistanı silahlandırması xəbərləri yayıldı. Yəni İslamabad müəyyən mənada Bakı ilə müttəfiqliyinə Hindistanla qarşıdurma prizmasından yanaşır. Elə Dehli də İrəvanla silah ticarətinə Pakistanla qarşıdurması və burada Bakının hansı nöqtədə durması prizmasından baxır. Son vaxtlar Dehli ilə İrəvan arasında hərbi-texniki əməkdaşlıq fəal şəkildə inkişaf edir. Baş nazir N.Modi hökuməti Hindistanın sənayeləşməsi üçün “Atmanirbhar Bharat” – “Özünü təmin edən Hindistan” devizi altında yeni proqrama start verib. Bu layihə istehsalın lokallaşdırılmasını və digər məsələlərlə yanaşı, hərbi sənayenin inkişafını da nəzərdə tutur. Hindistan planlarının növbəti mərhələsi sənaye məhsullarının ixracı olmalıdır və burada Dehli potensial tərəfdaş tapıb. Hərbi uğursuzluqlardan sonra Ermənistan hərbi arsenallarını artırmağa başlayıb və Hindistan silahlarını, çox keyfiyyətli olmasa da, əlbəttə ki, ucuz qiymətə almaqda maraqlı olduğu ortaya çıxdı. Hindistan hərbi-sənaye kompleksi üçün İrəvanla müqavilə Cənubi Qafqaz bazarına nümayişkaranə giriş oldu.
Başqa tərəfdən Pakistan nüvə ölkəsidir və Britanya-Çin-Pakistan xətti üzərində Azərbaycanda bu cinahın maraqlarının qorunması üçün nüvə ölkəsi olaraq mühüm əhəmiyyət kəsb edir. Təbii ki, hərbi sənayenin inkişaf etdirilməsində, silah istehsalında, Bakının bu seqmentdə nüfuzlu yerə gəlməsində Pakistan önəmli fiqurdur. Xüsuilə, Azərbaycanın Qarabağda apardığı quruculuqda təhlükəsizliyinə nüvə ölkəsi tərəfindən töhfə verilməsi Bakının əmin-amanlıqda olması üçün vacib amildir.
Bu vəziyyətdə Pakistan üçün Azərbaycanla hərbi əməkdaşlığı inkişaf etdirmək də faydalıdır. Çünki Bakı ilə İslamabadın tərəfdaşlığı, əməkdaşlığı “qazan-qazan” prinsipi əsasında iki tərəfə də fayda vəd edir.
Ülviyyə ŞÜKÜROVA