ƏLİYEVLƏ PAŞİNYANIN ABU-DABİ GÖRÜŞÜ NƏ VƏD EDİR? – Moskva İrəvanda xaos yaratmağa çalışacaq...

Baxış sayı:
357

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabi şəhərində Azərbaycan və Ermənistan rəhbərliyi arasında yüksək səviyyəli görüş keçiriləcək.

Məlumata görə, görüşdə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla yanaşı, xarici işlər nazirləri, ölkə rəhbərlərinin xarici siyasət məsələləri üzrə köməkçiləri, habelə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə komissiyanın rəhbərləri iştirak edəcək. Yəni Azərbaycan tərəfdən nazir Ceyhun Bayramov, Hikmət Hacıyev, Baş nazirin müavini Şahin Mustafayev, Ermənistandan isə Ararat Mirzoyan, Armen Qriqoryan və Baş nazirin müavini Mher Qriqoryanın iştirakı nəzərdə tutulub.

Nəzərdə tutulan heyət bu görüşün indiyə qədər tərəflər arasında baş tutan müzakirələrin ən vacib və əhəmiyyətlisi olduğu qənaətini yaradır. Ehtimal olunur ki, tərəflər razılaşdırılmış 17 bəndlik sülh müqaviləsi layihəsi ilə, eyni zamanda sərhədlərin delimitasiyası və nəqliyyat əlaqələrinin bərpası, o cümlədən Zəngəzur dəhlizinin açılması barədə müzakirələr aparacaqlar.

Xatırladaq ki, sülh müqaviləsinin imzalanması ilə bağlı rəsmi Bakının 3 əsas şərti var:

-Ermənistan Konstitusiyasına dəyişikliklər etməklə Azərbaycana qarşı ərazi iddialarının çıxarılması;

-Minsk Qrupunun buraxılması;

-Ermənistan-Azərbaycan sərhədində monitorinqlər aparan Avropa İttifaqı missiyasının bölgədən çıxarılması.

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın tələblərindən sonra bəyan edib ki, ölkəyə onun suverenliyini və təhlükəsizliyini təmin edəcək yeni konstitusiya lazımdır. O, “virtual Ermənistandan real Ermənistana” keçidin son dərəcə vacib olduğunu bildirib. Habelə rəsmi İrəvan sülh sazişinin imzalanmasından dərhal sonra Minsk Qrupunun buraxılması ilə bağlı ATƏT-ə birgə müraciət etməyə hazır olduğunu iddia edir. Avropalı müşahidəçilərə gəlincə, erməni rəsmiləri onların Azərbaycan sərhədlərin geri çəkilməsində problem görmədiklərini açıqlayıblar. Ancaq hələlik bu istiqamətdə real addımlar atılmayıb.

Azərbaycan rəhbərliyi isə bölgədə davamlı, hərtərəfli sülh razılaşmasının imzalanması üçün hər 3 şərtin yerinə yetirilməsini zəruri sayır. Abu-Dabidə keçiriləcək görüşdə tərəflərin qeyd olunan mövqelərində uzlaşma tapacaqlarına ümid var.

Zəngəzur dəhlizinin hansı şərtlər daxilində açılmasına gəlincə, Azərbaycan Naxçıvan eksklavına maneəsiz keçid hüququnun tanınmasını tələb edir. Ermənistan rəhbərliyi hələ 2020-ci ildə - Üçtərəfli Bəyanat imzalanarkən üzərinə götürdüyü bu öhdəliyi uzun müddətdir yerinə yetirməkdən qaçsa da, son vaxtlar öz suverenliyi daxilində bu hüququ tanıya biləcəyinə dair mesajlar verir.

Ancaq bununla bağlı tərəflər arasında ziddiyyətlər qalır. Bu arada dəhlizin ABŞ şirkətinin idarəçiliyinə verilməsi ilə bağlı təkliflər ortaya atılıb. Rəsmi Bakı bu iddialara münasibət açıqlamasa da, hökumətə yaxın ekspert cameəsi Azərbaycanın dəhlizin üçüncü tərəfin idarəçiliyinə verilməsi ilə razılaşmasının mümkün olmadığını bildirirlər.

Hər halda BƏƏ paytaxtında keçiriləcək müzakirələrdə dəhlizin taleyinin geniş müzakirə olunacağı şübhə doğurmur.

Elə dünən ABŞ dövlət katibi Marko Rubionun səsləndirdiyi açıqlama da diqqəti çəkir: “Ümid edirəm, Azərbaycanla Ermənistan arasında sülh razılaşması çox da gecikmədən imzalanacaq.”

Qeyd edək ki, Azərbaycanın strateji müttəfiqi Türkiyə də sülh sazişinin ən yaxın müddətdə Bakının tələbləri ödənilməklə imzalanmasına çalışır. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə, o cümlədən iyunun 19-da İstanbulda Nikol Paşinyanla keçirdiyi görüşdə də dilə gətirib.

Ekspertlərə görə, Azərbaycan və Ermənistan arasında intensivləşən təmaslar və mövqelər arasında yaxınlaşma Rusiyanı ciddi narahat edir. Son aylarda hər iki ölkəyə qarşı Moskvadan göstərilən təzyiq cəhdlərinin əsas səbəblərindən biri bununla bağlıdır. Kreml bölgədə yaratdığı sərfəli status-kvonun Azərbaycanın öz torpaqlarını tam şəkildə erməni işğalından azad etməsindən sonra dağılması ilə barışmaq istəmir. Rusiyanın son illər atdığı qeyri-adekvat addımlar onu sülh danışıqlarından, sərhədlərin dəqiqləşdirilməsi, nəqliyyat-kommunikasiyaların açılması prosesindən də kənarda qoyub.

Azərbaycan bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşdırılması prosesi ikitərəfli çərçivədə aparılmalıdır, bütün xarici oyunçuların iştirakı yolverilməzdir. Rəsmi İrəvan daha əvvəl Avropa İttifaqı və ABŞ-ı prosesə daxil etməyə uğursuz cəhdlər etsə də, sonda Bakının müəyyənləşdirdiyi xəttə qayıtmağa məcbur olub.

Rusiya isə bölgədə Azərbaycanın yaratdığı reallıqlarla barışmaq istəmir. Kreml zəif həlqə olan Ermənistana ciddi zərbə endirməklə prosesi yenidən sıfır nöqtəsinə qaytarmağa çalışır. Ölkədə dövlət çevrilişinə cəhdin üstünün açılması, daha sonra Paşinyan hökumətinin kilsənin və ona, həmçinin Rusiyaya bağlı müxalif çevrələrin üzərinə hücum çəkməsi bununla bağlıdır. Gözləmək olar ki, yaxın günlərdə Rusiya daha qətiyyətlə hücuma keçərək Ermənistanda daxili xaos yaratmağa çalışacaq. Moskvanın regionda qalmaq üçün başqa yolunun qalmadığı görünür...

E. Rüstəmli