ƏMDX Birinci vitse-prezidentin tapşırığını saymır

Tarif Şurasının qanunsuz rüsum qərarının Konstitusiyadan üstünlüyü sürür
Ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanunun Konstitusiya olmasını kim bilməsə də, dövlət qurumlarının bilməməsi mümkün deyil. Di gəl, Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxsləri daşınmaz əmlakın qeydiyyatı məsələsində ölkənin əsas qanununun Tarif Şurasının (TŞ) 31.07.2023 tarixli, 5 saylı qərarının olduğunu qüvvəyə mindiriblər. TŞ-nin üstün qüvvəsinə baxın, “Veteranlar haqqında” Qanunun 11-ci maddəsini qüvvədən salmaqla, Konstitusiyanın özünü də qüvvədən salıb. Həmin 11-ci maddədə təsbit olunub: “Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri ƏVƏZSİZ olaraq onların ŞƏXSİ MÜLKİYYƏTİNƏ verilir”. Konstitusiyanın 149-cu maddəsinə görə , qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir” .
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Konstitusiyaya yox, TŞ-nin qərarına boyun əyməsi bəs nədən qaynaqlanır? Bu boyunəymənin qaynağının qanunsuz ödəniş əldə etmək olması, qısaca korrupsiya olması da heç kəsə sirr deyil. Heç hüquq mühafizə orqanlarına da. Di gəl, korrupsiyaya qarşı mübarizənin özünün gizlin, yazılmamış qaydalarından biri də haqqını alıb susmaqdır.
Sovet dönəmindən istifadələrində olan bağı əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək istəyən Qarabağ müharibəsi veteranlarına nəinki “Veteranlar haqqında” Qanunun 11-ci maddəsi ilə nəzərdə tutulan güzəşt tətbiq edilib, əksinə qanunda nəzərdə tutulduğundan 2 dəfə artıq TŞ-nin xidmət haqqı tələb olunub. Təsəvvür edin, qeydiyyat çıxarışının , texniki pasportun verilməsi üçün toplam dövlət rüsumu 125 manat olduğu halda, TŞ-nin qərarı ilə 236,96 manat xidmət haqqı da tutulur. Bu özbaşınalıqla razılaşmayan Qarabağ qazilərinin ali dövlət hakimiyyəti , hüquq mühafizə orqanlarına, Ombudsmana şikayətləri də sonuc vermir. ƏMDX rəsmiləri “dedığım dedik, çaldığım düdük” deyib dururlar. Həttə dövlətin 1-ci şəxslərinin tapşırıqları da qulaqardına vurulur.
ƏMDX-nın rəis müavini Rüstəm Şahbazov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin tapşırığına, görün, necə əndrabadi imtina cavabı verib : “Dövlət rüsumu haqqında” Qanuna görə, ..çıxarışın verilməsi üçün 50 manat, texniki sənədlərin verilməsi üçün 75 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur. Eyni zamanda Tarif Şurasının 31.07.2023 tarixli, 5 nömrəli qərarına əsasən, 186,96 manat xidməthaqqı və daşınmaz əmlakın bazar qiymətinə dair arayışın verilməsi ilə bağlı 50 manat xidmət haqqı nəzərdə tutulur” Elə imtina cavabının bu hissəsi ƏMDX-nın dövlət rüsumuna əlavə xidməthaqqı hesablamasını ortaya qoyur. Halbuki dövlət rüsumu elə hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən xidmətlərə görə ödənilən haqqdır. “Dövlət rüsumu haqqında” Qanunun 1-ci maddəsində belə təsbit olunub. Həmin qanunun həmin 1-ci maddəsində o da təsbit olunub ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istisna olmaqla, heç bir ..şəxs dövlətin adından hakimiyyət səlahiyyətlərini həyata keçirə bilməz; qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişlərini müəyyən edə bilməzlər. Bəs niyə ƏMDX TŞ-nin qanunsuz qərarı ilə hakimiyyət səlahiyyətlərini həyata keçirir və qanunsuz xidmət haqqları - ödənişlər müəyyən edir? Bəyəm “Dövlət rüsumu haqqında” Qanunun 1-ci maddəsini oxumaq belə çətindir? Yoxsa 1-ci vitse-prezidentə saxtalıqla cavab vermək belə asandır?
Rüstəm Şahbazov və həmkarları “Dövlət rüsumu haqqında” qanunun 1-ci maddəsindən xəbərsiz olsalar da, 27-ci maddədə “müharibə veteranlarının daşınmaz əmlakla bağlı rüsumdan azad olmalarının” yazılmadığından xəbərdardırlar. Onda haqlı sual doğur: Bəs Tarif Şurasının Qərarı ilə dövlət rüsumuna xidməthaqqı əlavə olunması “Dövlət rüsumu haqqında” yazılıb? Necə olur, dövlətin qanunu nəzərə alınmır, Tarif Şurasının qanunsuz qərarı ilə ikiqat əlavə məbləğdə haqq müəyyən edilir?
... Özbaşına dövlətin adından rüsum müəyyən edilərək hazır sənədin verilməsindən imtinanın yaşı bir ili keçdi. Hələ ki, özbaşınalığın sonu görünmür.
Məğrur BƏDƏLSOY