RUSİYA YENİDƏN CƏNUBİ QAFQAZA QAYIDIR? - Putin-Paşinyan görüşündə hansı qərarlar veriləcək?

Fərhad Məmmədov: “Rusiya Cənubi Qafqazda aktivləşəcək, Moskva, İrəvan və Bakı yeni reallığa hazırlaşır”
Cənubi Qafqaz 44 günlük müharibənin nəticələrinin şərtləndirdiyi dərin transformasiya prosesini yaşayır. Son bir neçə ay ərzində həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi Rusiya ilə münasibətlərin regionun yeni reallıqlarına uyğun qurulmalı olduğunu dəfələrlə bəyan ediblər.
Məlum olduğu kimi, kağız üzərində Rusiyanın hər iki ölkə ilə münasibətləri ən yüksək səviyyədədir:
-Azərbaycanla Müttəfiqlik Qarşılıqlı Əlaqəsi haqqında Bəyannamə qüvvədədir;
-Ermənistan isə həm ikitərəfli əsasda, həm də KTMT, Gömrük İttifaqı və Avrasiya İqtisadi İttifaqı çərçivəsində Rusiyanın hərbi-siyasi müttəfiqidir.
Politoloq Fərhad Məmmədov bildirir ki, bütün bunlar hələlik yalnız “kağız üzərindədir”. Onun sözlərinə görə, Ermənistandakı parlament seçkilərindən sonra Cənubi Qafqaz ölkələrində mövqeləri sabit olan liderlər hakimiyyətdədir və bu amil Rusiyanı qərarlar qəbul edərkən mövcud vəziyyətlə hesablaşmağa məcbur edir.
Politoloq qeyd edir ki, son iki ayda Rusiya rəsmilərinin Cənubi Qafqazla bağlı bəyanatları və fəallığı kəskin şəkildə artıb. Bu prosesdə əsas məsələ Rusiyanın köhnə təsir alətlərindən yapışacağı, yoxsa keyfiyyətcə yeni yanaşma formalaşdırmağa çalışacağıdır.
Yaxın aylarda Rusiya və Ermənistan liderlərinin vaxt məhdudiyyəti olmadan geniş tərkibli görüşü gözlənilir. Bu görüşdə münasibətlərin real səviyyəsi müəyyənləşdirilməli, Rusiyanın strateji aktivlərindən hansılarının Ermənistanda qalacağı, hansılarından isə geri çəkilməli olacağı dərindən təhlil edilməlidir.
Hər iki tərəf bu taleyüklü görüşə ciddi hazırlaşır:
Rusiya: qaz kəmərini təmir edir, sanksiya təzyiqlərini davam etdirir və İrana TRIPP layihəsinin reallaşmasına daha fəal qarşı çıxması üçün işarələr verir.
Ermənistan: ölkə daxilindəki Rusiya proksilərinə (kölgə təsir rıçaqlarına) qarşı “səlib yürüşünü” davam etdirərək arxa cəbhəni möhkəmləndirir, Rusiya təzyiqinin artacağı təqdirdə dəstəyin həcmini anlamaq üçün Avropa və ABŞ-da sıx görüşlər keçirir.
Aydın olan bir şey var ki, Vladimir Putin və Nikol Paşinyanın görüşündə qəti qərarlar qəbul edilməlidir.

Fərhad Məmmədov vurğulayır ki, bu fonda Rusiyanın Azərbaycanla da təmasları intensivləşəcək. Ali rəhbərlik səviyyəsində həm təkbətək, həm də telefon vasitəsilə danışıqların aparılması istisna edilmir.
Gürcüstana gəlincə, Moskva gələcəkdə şəraitə uyğun hərəkət etmək üçün Sxinvali regionunda (Cənubi Osetiya) fiqurların yerini dəyişdirir.
Politoloq yeni reallıqda tərəflərin maraqlarını və imkanlarını iki əsas müstəvidə təhlil edir: Təhlükəsizlik və NATO amili
Moskva üçün əsas təhlükə regionda NATO-nun olması və Cənubi Qafqazın Kremlə qarşı plasdarma çevrilməsidir:
Azərbaycan: NATO-ya üzv olmaq niyyətində deyil, Şimali Qafqazda sabitlikdə və Xəzər dənizinin təhlükəsizliyində maraqlıdır. Bakı, həmçinin, siyasi aktiv Rusiya mühacirətinə anti-formal platformalar təqdim etmir.
Ermənistan: hələ də KTMT-nin üzvü olsa da, NATO ölkələri ilə hərbi-siyasi müstəvidə əlaqələrini sürətlə genişləndirir. İrəvan anti-Kreml institutlarının yaranmasını hələlik cilovlaya bilsə də, Moskva Ermənistandakı hərbi-təhlükəsizlik mövqelərini asanlıqla təhvil vermək niyyətində deyil. Politoloqun fikrincə, Moskva hətta son çarə kimi Ermənistanın yeni Konstitusiyasına “bloklara qoşulmamaq” statusunun daxil edilməsini də tələb edə bilər.
Gürcüstan: diplomatik əlaqələrin olmamasına baxmayaraq, hazırda Rusiya üçün maksimum dərəcədə proqnozlaşdırılan davranış nümayiş etdirir.
İqtisadiyyat, logistika və insan amili
Azərbaycan: Rusiya ilə ticarətdə maraqlıdır və “Şimal-Cənub” nəqliyyat dəhlizinin proaktiv iştirakçısıdır. Rusiya İranla birlikdə dəmir yolunun və qaz kəmərinin tikintisini başa çatdırmağı planlaşdırır və Azərbaycan buna qarşı deyil. İl başlayandan bu mövzuda müzakirələr çoxalsa da, prosesin necə yekunlaşacağını zaman göstərəcək.
Ermənistan: Rusiya Dəmir Yollarını (Cənubi Qafqaz Dəmir Yolunu) ölkədən sıxışdırıb çıxarmağa, qaz təchizatını diversifikasiya etməyə və Avropa ilə ticarəti artırmağa çalışır. Moskva Ermənistandakı aktivlərini sonadək qorumağa çalışacaq.
Gürcüstan: bu istiqamətdə daha proqnozlaşdırılandır, baxmayaraq ki, Rusiyanın Gürcüstanda heç bir strateji aktivi qalmayıb.
Fərhad Məmmədov əlavə edir ki, Kremlin miqrant əleyhinə siyasəti və Ukraynaya qarşı müharibəsi Cənubi Qafqaz ölkələrinin vətəndaşları üçün Rusiyanın cəlbediciliyini kəskin şəkildə aşağı salır.
Politoloq Fərhad Məmmədov hesab edir ki, Rusiya regionun transformasiyası prosesini dondura bilməz. Bu səbəbdən Moskva öz rolunu təsbit etmək üçün fəal hərəkət etməyə məcburdur.
Ancaq bu rol artıq yeni rol olacaq. Azərbaycan və Ermənistanla münasibətlərdə “yeni normallıq” dövrü başlayır. Ən proqnozlaşdırılmaz ssenari isə Gürcüstan istiqamətində baş verə bilər – burada işğal olunmuş ərazilərin ilhaqı (anneksiyası) barədə qəfil qərar prosesləri nəzarətdən çıxa bilər.
Rasim Əliyev




















