İŞSİZLİK ARTIR, 61 MİN VAKANSİYA BOŞ QALIB... – Səbəb nədir?

Baxış sayı:
106

Azərbaycanda işsizlərin sayı artsa da, ölkədə on minlərlə boş iş yerinin olduğu bildirilir. Dövlət Məşğulluq Agentliyinin bu ilin əvvəlinə olan açıqlamasına görə, qurumun vakansiya bankında 61 mindən çox iş yeri mövcuddur. Buna baxmayaraq, əmək bazarında rəsmi işsiz kimi qeydiyyata alınan şəxslərin sayında artım müşahidə edilir.

Rəsmi məlumatlara görə, bu il oktyabrın 1-nə Azərbaycanda 280,6 min nəfər işsiz olub. İlin ilk doqquz ayında işsizlərin sayı təxminən 1,5 min nəfər artıb. Həmin tarixə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 444,7 min nəfər, məşğul əhalinin sayı isə 5 milyon 164,1 min nəfər təşkil edib.

Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 20 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb. Həmin vaxt ölkədə 375,9 min nəfər işsiz olub. Ən aşağı göstərici isə 2014-cü ilin əvvəlində qeydə alınıb. Belə ki, 2014-cü il yanvarın 1-nə ölkədə 236,6 min nəfər işsiz olub.

Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, 2026-cı il sentyabrın 1-nə qurumun yerli bölmələrində qeydiyyatda olan işsizlərin sayı 251,2 min nəfər təşkil edib. Onların 53,5 faizini qadınlar təşkil edib. Son bir ildə qeydiyyata alınan işsizlərin sayı 14,8 min, son bir ayda isə 3,5 min nəfər artıb.

Maraqlıdır ki, 61 mindən çox iş yeri olduğu halda, ölkədə işsizlərin sayının artması nə ilə bağlıdır?

İqtisadçı Natiq Cəfərli "AzPolitika"ya açıqlamasında bildirib ki, işsizlərin sayı və boş vakansiyaların mövcudluğu bir-birindən fərqli məsələlərdir.

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində eyni vaxtda həm işsizlər, həm də doldurulmayan iş yerləri olur. Çünki işsiz qalan hər kəsin təklif olunan vakansiyalara razılaşacağını düşünmək düzgün deyil.

İqtisadçı qeyd edib ki, burada təhsil səviyyəsi, əməkhaqqı gözləntiləri, iş yerinin yaşayış yerindən uzaqlığı və bir sıra digər amillər rol oynayır. İnsan işsiz qaldıqda belə, ona təklif olunan istənilən işi qəbul etməyə məcbur deyil.

Natiq Cəfərlinin fikrincə, əsas problemlərdən biri Dövlət Məşğulluq Agentliyinin təklif etdiyi işlərin böyük əksəriyyətində əməkhaqqının aşağı olmasıdır. Bu səbəbdən daha yüksək maaşla işləyən şəxslər həmin vakansiyaları qəbul etmək istəmirlər.

"Yəni burada birbaşa bağlantı qurmaq doğru deyil. İşsizlik var, iş yerləri də var. Amma bu, o demək deyil ki, bütün işsizlər həmin vakansiyalarda özlərinə uyğun işi tapa bilərlər", – deyə iqtisadçı bildirib.

Natiq Cəfərli işsizliyin artmasına təsir göstərən digər amillərdən biri kimi dövlət büdcəsindən maliyyələşən təşkilatlarda aparılan ixtisarları göstərib. Onun sözlərinə görə, idarəetmənin optimallaşdırılması və xərclərin azaldılması ilə bağlı qəbul edilən qərarlar nəticəsində bəzi şəxslər iş yerlərini itirirlər.

"Əvvəlki işində 1500–2000 manat əməkhaqqı alan şəxsin sonradan 400–500 manat maaş təklif olunan işə razılaşmaması da təbiidir. Belə vəziyyətdə vakansiyaların mövcudluğu həmin şəxslərin işlə təmin olunması problemini avtomatik həll etmir", - deyə, o qeyd edib.

E. Bəyməmmədli