Ramiz Mehdiyevin cəzası ağırlaşdırıla bilər - DETALLAR

Dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd, çirkli pulların yuyulması və rüşvət ittihamları ilə məhkum edilən Ramiz Mehdiyev 14 illik şərti cəza ilə də razılaşmır. Bəs məhkəmə ona bundan artıq güzəşt edə bilərmi? Yoxsa apellyasiya şikayəti gözlənilməz hüquqi nəticələr doğura bilər?
Xəbər verdiyimiz kimi, Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı hökmdən apellyasiya şikayəti verib. O, cinayət işinə yenidən baxılmasını, əməllərinə müvafiq hüquqi qiymət verilməklə daha yüngül qərar çıxarılmasını istəyir. Maraqlı məqam odur ki, Ramiz Mehdiyev ona təyin edilmiş 14 illik azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq olunması ilə kifayətlənmək istəmir. Başqa sözlə, məhkəmənin yaşı və səhhəti ilə bağlı vəziyyətini nəzərə alaraq həbsxanaya göndərməməsi də onun narazılığını aradan qaldırmayıb. APA-nın məlumatına görə, apellyasiya şikayəti yalnız Ramiz Mehdiyev tərəfindən deyil, onun köməkçisi Eldar Əmirov tərəfindən də verilib. İş Bakı Apellyasiya Məhkəməsində hakim Emin Əliyevin icraatına verilib. Hələlik ilk məhkəmə iclasının vaxtı açıqlanmayıb.
14 il həbs, amma həbsxanasız - qanun nə deyir?
Məsələnin hüquqi tərəfi kifayət qədər maraqlıdır. Çünki burada söhbət adi cinayət işindən, yaxud yalnız əmlak və maliyyə mübahisəsindən getmir. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd, çirkli pulların yuyulması və rüşvət ittihamları 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinib. İttihamların sırasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və külli miqdarda rüşvət alma var.
Bakı Ağır Cinayətlər Məhkəməsi ona 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Lakin Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə bu cəzanı şərti hesab edib.
Hüquqi baxımdan 14 il sınaq müddəti deyil, təyin edilmiş həbs cəzasının müddətidir. Şərti məhkumetmə zamanı sınaq müddəti ayrıca müəyyən olunur və qanuna görə 6 aydan 5 ilədək ola bilər.
Cinayət Məcəlləsinin 70-ci maddəsi məhkəməyə müəyyən şərtlər daxilində azadlıqdan məhrumetmə cəzasını şərti tətbiq etmək imkanı verir. Bunun üçün cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, yüngülləşdirici və ağırlaşdırıcı hallar nəzərə alınmalıdır.
Deməli, qanun belə ağır ittihamlar üzrə məhkum edilmiş şəxsə də avtomatik olaraq şərti məhkumetmə imkanını bağlamır. Ancaq bu imkanın tətbiqi xüsusi əsaslandırma tələb edir.
Bəs Apellyasiya hökmü ağırlaşdıra bilərmi?
Bu işdə ən həssas hüquqi məqam apellyasiya şikayətinin nəticələrinin yalnız Ramiz Mehdiyevin istəyindən asılı olmamasıdır. Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsinə əsasən, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki halları şikayət və ya protestin hüdudlarında yoxlayır. Eyni zamanda, cinayət və cinayət-prosessual qanunvericiliyinin düzgün tətbiq olunmasını da araşdırır.
CPM-in 405-ci maddəsi isə apellyasiya instansiyasına hökmü dəyişdirmək, o cümlədən cəzanı yüngülləşdirmək imkanı verir. Hüquqi mexanizmin digər tərəfi də var. Əgər dövlət ittihamçısı məhkumun ziyanına apellyasiya protesti verərsə və hökmün həddindən artıq yüngül olduğunu əsaslandırarsa, apellyasiya məhkəməsinin daha ağır qərar qəbul etməsi üçün hüquqi imkan yarana bilər.
Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun vəziyyətinin ağırlaşdırılması üçün ittiham tərəfinin müvafiq apellyasiya müraciəti və qanuni əsaslar olmalıdır.
Ramiz Mehdiyevin öz şikayəti onun vəziyyətinin ağırlaşdırılması üçün əsas olmasa da, dövlət ittihamçısının ayrıca protesti məsələnin hüquqi mənzərəsini dəyişə bilər.
Bəs daha yüngül hökm üçün hansı əsaslar lazımdır?
Ramiz Mehdiyevin müdafiə tərəfi apellyasiyada bir neçə istiqamətdə hüquqi mübahisə apara bilər. Cinayətlərin tövsifinin düzgün aparılmadığını iddia edə bilər.
İttihamın ayrı-ayrı epizodları üzrə sübutların yetərsizliyini əsaslandıra; birinci instansiya məhkəməsinin sübutları qiymətləndirməsində prosessual pozuntular olduğunu irəli sürə bilər.
Bundan başqa, cəzanın müəyyənləşdirilməsi zamanı yüngülləşdirici halların lazımi səviyyədə nəzərə alınmadığını iddia edə bilər. Ancaq bütün bunlar yalnız şikayətdə yazılmaqla hüquqi nəticə doğurmur. Müdafiə tərəfi iddialarını iş materialları və qanunvericilik normaları ilə əsaslandırmalıdır.
Apellyasiya məhkəməsi də ittihamın ağırlığına, sübutların məzmununa və birinci instansiyanın hüquqi nəticələrinə qiymət verməlidir.
Bəs dövlətə xəyanət ittihamı qarşısında hansı güzəştin həddi var?
Ramiz Mehdiyevin işi təkcə onun şəxsi taleyi baxımından diqqət çəkmir. Bu, həm də dövlətə qarşı yönəlmiş xüsusilə ağır cinayətlərin məhkəmədə necə qiymətləndirilməsi məsələsidir.
Belə bir işdə məhkəmə qərarının legitimliyi yalnız təyin edilən cəzanın müddəti ilə ölçülmür. Əsas məsələ sübutların hərtərəfli araşdırılması, qanunun hamıya bərabər tətbiqi və qərarın ictimaiyyət üçün anlaşılan hüquqi əsaslarla izah edilməsidir.
Bir tərəfdən, məhkəmə hökmü ilə təqsirli bilinmiş şəxsin apellyasiya hüququ var. Bu hüquq hətta ən ağır ittihamlar üzrə məhkum edilmiş şəxslərə də şamil olunur.
Ramiz Mehdiyev daha yüngül cəza istəyir. Amma onun nə istəməsi deyil. Əsas məsələ dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirməyə cəhd kimi ittihamlar üzrə çıxarılmış hökmün hansı hissəsi hüquqi baxımdan mübahisələndirilə bilər və müdafiə tərəfi bunu hansı sübutlarla əsaslandıra biləcək?
E.Məmmədəliyev




















