Sabiq deputatla vəkili məhkəməni səhv saldı, yoxsa bu, məqsədli vaxt uzatmadır? - SIRLƏR AÇILIR..

Baxış sayı:
369

Bu gün Yasamal rayon Məhkəməsində sabiq deputat Əsabil Qasımovun təsisçisi olduğu “Azəri-Tikinti Şirkəti” MTK-nın, şirkətin rəsmisi Ramilə Bağırovanın və Mətin Əmiraslanovun “Təzadlar” qəzetinə, “Vətəninfo.az” MMC-yə və iş adamı Naiq Məmmədhəsənova qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi baş tutmalı idi. Lakin iddiaçılar və onların nümayəndələri məhkəmə iclasına gəlməyiblər.

Məlum olub ki, “Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, üzr istənilməsi və kompensasiya ödənilməsi” tələbi ilə məhkəməyə müraciət edən iddiaçı tərəf və vəkilləri elementar məhkəmə aidiyyəti qaydalarını nəzərə almayıblar. Mövcud qanunvericiliyə əsasən, mübahisə edən tərəflərdən biri hüquqi şəxs olduqda, bu qəbildən olan mülki işlərə ümumi yurisdiksiyalı birinci instansiya məhkəməsində deyil, Kommersiya Məhkəməsində baxılmalıdır. Bu səbəbdən Yasamal rayon Məhkəməsinin hakimi Kərim Xudayev iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edib.

Qeyd edək ki, sözügedən məhkəmə çəkişməsinə “Təzadlar” qəzetində və “Vətəninfo.az” saytında dərc olunmuş “Hakimlər keçmiş deputatın saxta məktubları ilə necə qanunsuz məhkəmə aktları "istehsal» ediblər?” başlıqlı məqalə səbəb olub. İddiaçılar həmin yazıda adlarının hallanmasını və qanunsuz əməllərdə ittiham olunmalarını işgüzar nüfuzlarına xələl kimi qiymətləndiriblər.

Redaksiyanın mövqeyinə görə isə, dərc olunan materiallar subyektiv mülahizələrə deyil, zərərçəkmiş iş adamı Naiq Məmmədhəsənovun təqdim etdiyi rəsmi sənədlərə, məhkəmə aktlarına, ekspert rəylərinə, həmçinin Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəsmi arayışlarına əsaslanır. Bundan başqa, yazı yayımlanmazdan əvvəl “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə uyğun olaraq qarşı tərəfə rəsmi sorğular göndərilsə və telefon zəngləri edilsə də, heç bir cavab verilməyib.

Təqdim edilən sənədlərdə “Azəri-Tikinti” MTK-nın İdarə Heyətinin sədri Mətin Əmiraslanovun və Ramilə Bağırovanın iştirakı ilə dövlət qurumlarına saxta məktubların göndərildiyi, icra olunmamış öhdəliklərin yerinə yetirilmiş kimi təqdim edildiyi qeyd olunur. Xüsusilə, 21 dekabr 2018-ci il tarixli notarial təsdiqli razılaşma müqaviləsinə sonradan qanunsuz olaraq “054” nömrəsinin əlavə edildiyi, habelə girovda olan əmlakların guya girovdan azad edilərək kompensasiya qarşılığında təhvil verildiyi barədə Əmanətlərin Sığortalanması Fonduna və məhkəməyə həqiqətə uyğun olmayan məlumatların verildiyi bildirilir.

Bundan əlavə, Naiq Məmmədhəsənovun həyat yoldaşına məxsus 85 kvadratmetrlik qeyri-yaşayış sahəsinin mülkiyyətçinin razılığı olmadan, sabiq deputatın qohumu Könül Əhmədova ilə bağlanmış qanunsuz müqavilə əsasında söküldüyü vurğulanır. Nəsimi rayon RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 186.3, 320.1 və 320.2-ci maddələri ilə aparılan cinayət işi çərçivəsində keçirilən xətşünaslıq ekspertizası da Könül Əhmədovanın adından təqdim edilmiş sənəddəki imzanın saxta olduğunu və başqa şəxs tərəfindən çəkildiyini təsdiqləyib.

Hazırda “Azəri-Tikinti” MTK rəhbərliyinin və əlaqəli şəxslərin əməllərinə hüquqi qiymət verilməsi məqsədilə Baş Prokurorluğun təqdimatı əsasında DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və təhqiqat bölməsində fakt üzrə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.