Oğlu seçkidə qalib gələn sabiq prezidentin hökmü dəyişəcək

Baxış sayı:
85

Braziliyanın Federal Ali Məhkəməsi prezident seçkilərindən sonra keçmiş prezident (2019-2022) Jair Bolsonaronun haqqında çıxarılmış qərara yenidən baxacaq.

Məlumatı "Folha de S.Paulo" qəzeti yayıb.

Qəzetin məlumatına görə, Ali Seçki Məhkəməsinə də rəhbərlik edən Ali Məhkəmənin hakimi Nunes Markes səsvermədən sonra müdafiə tərəfinin vəsatətini 11 hakimdən ibarət tam plenar iclasa göndərmək niyyətindədir. Keçmiş dövlət başçısı 2022-ci il seçkilərində məğlub olduqdan sonra dövlət çevrilişinə cəhd və silahlı üsyan ittihamları ilə 27 il həbs cəzasına məhkum edilib. Daha sonra sağlamlıq problemləri səbəbindən həbs cəzası ev dustaqlığı ilə əvəz olunub.

Qəzet qeyd edir ki, keçmiş liderin məhkumluğunun ləğvi perspektivi 4 oktyabrda keçirilən seçkilərin birinci turunda 47,03 faiz səslə qalib gələn oğlu senator Flavio Bolsonaronun uğurundan sonra yaranıb. Bolsonaro Jr. ilə hazırkı prezident Luiz İnasio Lula da Silva (45,16 faiz) arasında ikinci turun həlledici mərhələsi 25 oktyabrda keçiriləcək. Braziliyalı ekspertlər və medianın fikrincə, Flavio Bolsonaro ikinci turda favoritdir.