Banklar birləşir: müştəriləri nə gözləyir? – İqtisadçıdan AÇIQLAMA

Baxış sayı:
259

Azərbaycan Mərkəzi Bankı kommersiya banklarının konsolidasiyaya, yəni birləşmə və ya digər formada birləşdirilməyə məcbur edilmədiyini açıqlayıb. AMB bildirir ki, belə qərarlar əsasən bankların səhmdarlarının biznes strategiyası və kommersiya qərarları əsasında qəbul olunur. Bu açıqlama son dövrdə bank sektorunda baş verən dəyişikliklər fonunda diqqət çəkir. Belə ki, “Bank Respublika”nın “Access Bank”ı alacağı məlum olub, “Bank BTB” isə aktiv və öhdəliklərini Azərbaycan Beynəlxalq Bankına ötürərək bank olmayan kredit təşkilatına çevrilib.

Bəs bank sektorunda konsolidasiya prosesinin sürətlənməsinin əsas səbəbləri nədir və bankların birləşməsi sektora, eləcə də müştərilərə necə təsir göstərə bilər?

İqtisadçı Eyyub Hüseynov mövzu ilə bağlı Musavat.com-a deyib: “Hazırda dünyada, ümumiyyətlə, maliyyə sistemləri və bank sektorunun qarşısında ciddi və yeni tələblər durur. Burada, bir tərəfdən, təhlükəsizliyin təmin olunması, digər tərəfdən isə rəqəmsallaşmanın daha da genişlənməsi bankların göstərdiyi xidmətlərin keyfiyyətinin yüksəlməsinə səbəb olur.

Digər tərəfdən, kreditlərə və ipotekaya artan tələbat bankların miqyasının böyüdülməsini zəruri edir. Bu baxımdan bankların birləşməsi təbii bir prosesdir və dünyada da bu proseslər daim baş verir. Sözsüz ki, bankların birləşməsi, əsasən, bankların öz qərarları əsasında baş verir. Onlar daha keyfiyyətli xidmət göstərmək, müştəri bazasını genişləndirmək və rəqabətdə daha üstün mövqeyə çıxmaq üçün bu addımları atırlar".

Ekspert hesab edir ki, ölkəmizdə də bu proses gedir və gələcəkdə də davam edəcək: "Çünki müşahidə edirik ki, son bir neçə ildə belə hallar dəfələrlə baş verib. Düşünürəm ki, bu cür birləşmələr bank sektorunun sağlamlaşmasına ciddi təsir göstərəcək. Nəticədə müştərilər daha münasib qiymət və daha keyfiyyətli xidmət əldə edə bilərlər. Gələcəkdə kreditləşmənin və depozitlərin şərtlərində də dəyişikliklərin baş verdiyini müşahidə edə bilərik. Əlbəttə ki, bu cür birləşmələrin əsas tələblərindən biri ölkədə rəqabət mühitinin qorunması və inkişaf etdirilməsidir. Bankların birləşməsi rəqabət mühitini zəiflətməməli, əksinə, onu daha da gücləndirməli, şəffaf və münbit etməlidir. Bankların maliyyə imkanları və gücü artdıqca, onların digər güclü maliyyə institutları ilə daha ciddi rəqabət aparmaq imkanları da genişlənir.

Son nəticədə isə bundan qazanan müştərilər və istifadəçilər olur. Bank sektorunun güclənməsi ölkənin maliyyə-bank sisteminin dayanıqlığının təmin olunmasında əsas amillərdən biri kimi çıxış edə bilər”.