Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?

Baxış sayı:
142

Dələduzluqda ittiham olunan, lisenziyası ləğv edilmiş "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifov və İlham Abbasovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkən R.H. ifadəsində bildirib:

"Mənim pulu verməyimin səbəbi o idi ki, oğlumu dövlət qurumlarından birində işə düzəldəcəyini vəd vermişdi. İlham Abbasov məndən 360 min manat istədi və dedi ki, 350 min manat işin həll olunması üçün həmin dövlət qurumuna veriləcək, 10 min manat isə onun özünə qalacaq. Obyekti satmaq barədə sonra razılaşmışıq. Obyekt satılacaqdı, mənim də pulum qaytarılacaqdı. Obyektim satıldıqdan və müəyyən xərclər çıxıldıqdan sonra mənə 150 000 manat nağd pul qaldı. Pulu İlhama vermişəm, çünki ona inanmışam. Deyib ki, yaxşı tanışları var, bu işi görəcəklər. İlhama verdiyim 360 min manatı Rusiyada işləyib, obyektimi sataraq qazanmışam. Mən həmin vaxt Rusiyada olduğum üçün oğullarım pulu İlhama veriblər. Özüm beş aydan sonra Azərbaycana qayıtdım".

***

Digər zərərçəkən M.R. isə borcu səbəbindən İslam Yusifovla tanış olduğunu bildirib:

"Borcuma görə bağ evimi satmaq qərarına gəldim. Tanışlara xəbər saldım. Ceyhun adlı qohumum dedi ki, İslam adlı bir nəfər kömək edə bilər. Görüşdük, İslam mənə dedi ki, "Sənə kömək edəcəyəm, amma bir şərtim var: neçəyə, kimə satacağım sənə aidiyyəti yoxdur, heç nə soruşmayacaqsan". Bu şərt məni qane etmədi, razılaşmadım. Durumum ağırlaşdığından məcbur qalıb təzədən İslama zəng edib şərtlərini qəbul etdiyimi dedim. Avqustun 16-da 51 saylı notariatda görüşdük. İslam 170 000 manata baş tutan satışdan 100 000 manatı mənə verdi, qalan 180 000 manatla bağlı borc müqaviləsi bağladıq ki, altı ay ərzində mənə borcunu ödəsin. Çox gözlədim, amma borcunu ödəmədi, zənglərimə cavab vermədi. Sonra Yusifovun həbs edildiyini eşitdim".

Növbəti proses oktyabrın 28-nə təyin olunub.

Qeyd edək ki, aparılan istintaqla İslam Yusifovla İlham Abbasovun dələduzluq əməllərini əlbir törətdikləri müəyyən edilib.

İttihama görə, İslam Yusifov həbsdə olarkən Afət Hüseynovanın 13 il azadlıqdan məhrum edilmiş oğlu Kamran Nəcəfovun azadlığa buraxılacağı vədi ilə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə, ümumilikdə 70 min ABŞ dollarını ələ keçirib.

Bundan başqa, Elm və Təhsil Nazirliyinin orta məktəb tikintisi ilə bağlı elan etdiyi tenderdə qalib gələcəyi vədi ilə tanışı Gündüz Soltanovdan 308 min ABŞ dolları alıb.

İstintaq sənədlərinə görə, İslam Yusifov və dostu İlham Abbasov birlikdə zərərçəkmiş Rafael Həsənovun oğlu Həsən Həsənovu Prezident Administrasiyasının Hüquq şöbəsinə işə düzəldəcəklərinə dair yalan vəd verərək ondan 360 min manat alıblar.

İttihama görə, İslam Yusifov Kamran Əsgərova onun iki avtomobilini və torpaq sahəsini satacağı barədə yalan vəd verərək 275 min manatını ələ keçirib.

Daha sonra digər zərərçəkmiş Hüseyn Qurbanova Dubaydan "iPhone" mobil telefonları gətirəcəyini deyib və ondan aldığı 20 min manatı şəxsi ehtiyaclarına xərcləyib.

Bundan əlavə, o, Rəşad Qasımova məxsus qeyri-yaşayış sahəsini satacağı barədə yalan vəd verərək 55 min manatını, Rafət Məmmədova məxsus evi satacağı adı ilə aldadaraq 75 min manatını ələ keçirib.

O, ümumilikdə 1 milyon 200 min manatdan artıq dələduzluq etməkdə ittiham olunur.

İlham Abbasov öz epizodu üzrə dəymiş 362 min manat ziyandan 102 min manatını ödəyib.

İslam Yusifov barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub.

İslam Yusifov barəsində həbs qətimkan tədbiri, İlham Abbasov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, "Texnikabank" ASC-nin Bakı filialının rəhbəri olmuş Zal Yusifov 2010-cu ildə 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində, oğlu İslam Yusifov isə eyni iş üzrə dələduzluq epizodunda iştirakçı kimi təqsirli biliniblər.

Zal Yusifov həmin vaxt 15 il, oğlu İslam Yusifov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların milyonlarla manatlıq əmlakı müsadirə edilib. Beş il sonra İslam Yusifov, illər sonra isə atası Zal Yusifov azadlığa buraxılıb./oxu.az