Elçibəyin “Köroğlu”sunu kim öldürdü: Kaşif Kozinoğlu, “Kurtlar Vadisi” və MÜHÜM DOSYELƏR

Kaşif Kozinoğlunun 15 il əvvəlki ölümü ilə bağlı dosye yenidən açıldı; məzarından nümunələr götürüldü, 4 nəfər həbs edildi, məşhur serialın ssenaristləri və Rasim Ozan Kütahyalı ifadəyə çağırıldı – Türkiyəni silkələyən istintaqın Azərbaycan bağlantısı

Musavat.com xəbər verir ki, dosyedəki ən sarsıdıcı detal gerçəklə ekran əsəri arasındakı qəribə zaman uyğunluğudur: Kozinoğlunun ölümündən iki gün əvvəl yayımlanan bölümdə onun soyadını açıq-aşkar xatırladan keçmiş kəşfiyyatçı “Kazım Kaşifoğlu” döyülür və “Sənin Əzrailin mənəm, səni mən öldürəcəyəm” sözləri ilə hədələnir. Real Kaşif Kozinoğlu iki gün sonra Silivridə həyatını itirir. Təxminən bir ay sonra isə serialdakı Kaşifoğlu idman edib duşa girdikdən sonra qoluna şprislə hava vurularaq öldürülür.
Bu gün Türkiyə prokurorluğunun cavab axtardığı sual da budur: bunlar yalnız ssenari təsadüfüdür, yoxsa kimsə baş verəcək hadisəni əvvəlcədən bilirdi?
Kaşif Kozinoğlu kim idi?
1955-ci ildə Trabzonda doğulan Kozinoğlu 1976-cı ildə Kara Harp Okulunu bitirib, 1980-ci ildən Özel Harp Dairesi və sonradan Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı xəttində çalışıb. 1995-ci ildə ordudan ayrılaraq MİT-ə keçib. Türkiyə mediasındakı bioqrafik məlumatlarda onun Bosniya, Suriya, Əfqanıstan, Qafqaz və Orta Asiya istiqamətlərində çalışdığı, MİT-in Asiya bölgəsi üzrə baş müşaviri və xarici əməliyyatlar xəttində rəhbər vəzifələr tutduğu göstərilir. İctimaiyyət onu daha çox “Hayalet” ləqəbi ilə tanıyırdı; Azərbaycan missiyası barədə xatirələrdə isə “Köroğlu” adı çəkilir.

Onun adı Türkiyədə yalnız gizli əməliyyatlarla deyil, Alaattin Çakıcı dosyesi, MİT daxilindəki qarşıdurmalar və Odatv–Ergenekon istintaqları ilə də yanaşı hallanıb. Buna görə Kozinoğlunun kimliyi haqqında iki paralel portret mövcuddur: bir tərəfdə dövlətin ən çətin coğrafiyalarda istifadə etdiyi əməliyyatçı, o biri tərəfdə barəsində ağır və mübahisəli iddialar irəli sürülmüş kəşfiyyat məmuru. Hazırkı istintaq onun bütün siyasi bioqrafiyasına deyil, 12 noyabr 2011-ci ildə həbsxanada necə və niyə öldüyünə cavab axtarır.
15 il sonra məzar niyə açıldı?
Silivri Sulh Cəza Hakimliyi 26 avqust 2026-cı ildə 2012-ci ildə verilmiş təqibə xitam qərarını ləğv edib. Dosye Silivri Respublika Baş Prokurorluğunda 2026/15142 nömrəsi ilə yenidən qeydiyyata alınıb, istintaqa məxfilik qərarı verilib və xüsusi qrup yaradılıb.
Ədliyyə naziri Akın Gürləkin açıqladığı məlumata görə, hadisə vaxtı həbsxanada çalışan 11 nəfər barəsində ilkin hüquqi prosedur başladılıb: onlardan 10-u saxlanılıb, birinin isə FETÖ işi üzrə xaricdə qaçaq olduğu müəyyənləşdirilib. Sonrakı dalğada bir müxbir, bir operator və yeddi səhiyyə işçisi də saxlanılıb. Son məlumatlara görə, ümumilikdə 4 nəfər həbs olunub, 13 nəfər barəsində məhkəmə nəzarəti tədbiri seçilib. Bunlar hələ hökm deyil; şəxslərin təqsirli olub-olmadığını məhkəmə müəyyən edəcək.

12 sentyabrda Ümraniyedəki məzar açılıb. Üç məhkəmə-tibb mütəxəssisi, kimyaçı və otopsi texnikindən ibarət heyət sümük, torpaq və digər bioloji nümunələr götürüb. Yeni ekspertiza yalnız bu nümunələrə baxmayacaq; həbsxananın kamera görüntüləri, 112 zəng qeydləri və xəstəxana sənədləri ilə birlikdə qiymətləndiriləcək. Məqsəd iki əsas suala cavab tapmaqdır: dəqiq ölüm səbəbi nə olub və ölümə üçüncü şəxsin müdaxiləsi varmı?
Rəsmi versiya nə deyirdi?
Kaşif Kozinoğlu 10 mart 2011-ci ildə Odatv istintaqı çərçivəsində həbs edilmişdi. O, Əfqanıstandakı dövlət tapşırığından Türkiyəyə gətirilmiş, prokuror Zəkəriyyə Öz tərəfindən dindirilmiş və Silivri 1 saylı L tipli həbsxanaya göndərilmişdi. Barəsində “silahlı terror təşkilatına üzvlük” və dövlətin təhlükəsizliyinə aid sənədlərlə bağlı ağır ittihamlar irəli sürülürdü.
İlk məhkəmə iclası 22 noyabr 2011-ci ilə təyin edilmişdi. Lakin Kozinoğlu həmin tarixdən 10 gün əvvəl – 12 noyabr axşamı öldü və hazırladığı müdafiəni məhkəmədə oxuya bilmədi.

2012-ci ildəki Ədli Tibb hesabatında onun ürəyində böyümə, koronar damarlarında aterosklerotik dəyişiklik, 30–50 faiz daralma və xroniki işemiya əlamətləri göstərilmişdi. Ölümün “ürək-damar xəstəliyi nəticəsində” baş verdiyi bildirilmiş, toksikoloji müayinədə zəhərlənmə sübutu tapılmamışdı. Bədənində zorakılıq, güllə və ya kənar travma izi müəyyən edilməmişdi. Prokurorluq 10 aprel 2012-ci ildə qəsd, səhlənkarlıq və gecikmə olmadığı qənaəti ilə dosyeni bağlamışdı.
Ancaq şübhələr heç vaxt bitmədi.
29 dəqiqəlik boşluq və bir-birini tutmayan saatlar
Yeni araşdırmanın mərkəzində ölümün özü qədər, Kozinoğlunun fenalaşdığı andan xəstəxanaya çatdırılmasına qədər baş verənlər dayanır.
Kamera və hadisə qeydlərinə görə, o, həmin gün saat 16.07-dən 17.02-dək həbsxananın açıq hissəsində yeriyib. Təxminən 18.09-da otağından səndələyərək çıxıb. Təzyiqinin 205/127 olduğu, sinə ağrısından şikayət etdiyi və kamera yoldaşı Hasan Atilla Uğurdan dilaltı “Isordil 5 mg” aldığı bildirilir.
İlk yardım çağırışı 18.13.24-də verilib, lakin əməkdaşlar koğuşun qapısını 18.23.13-də açıblar. 112-yə yalnız 18.30-da xəbər verildiyi, tibbi heyətin isə təxminən 18.43-də xəstəyə çatdığı qeyd olunur. Beləliklə, ilk çağırışdan səhiyyə işçilərinin müdaxiləsinə qədər 29 dəqiqə 36 saniyə keçib.

Rəsmi qurumların vaxt cədvəlləri də üst-üstə düşmür. Ədliyyə Nazirliyinin köhnə açıqlamasına görə, ambulans 18.37-də həbsxanaya gəlib, Kozinoğlu 18.47-də maşına mindirilib və 19.15-də xəstəxanaya çatdırılıb. Səhiyyə Nazirliyinin 112 qeydlərində isə ambulansın gəlişi 18.42, xəstənin götürülməsi 18.54, xəstəxanaya çatma vaxtı 19.10 göstərilib. Silivri Dövlət Xəstəxanasının sənədində onun saat 19.10-da artıq ölü vəziyyətdə gətirildiyi, 19.30-da rəsmən “ölmüş” qəbul edildiyi yazılıb.
Dosyedə başqa bir müəmmalı detal da var: Kozinoğlu yolda niyə ikinci ambulansa keçirilib? Birinci maşın tibbi baxımdan yetərli idisə, ikinci maşına nə ehtiyac yaranmışdı? Ürək masajı nə vaxt başlanmışdı? Həmin iki ambulansda kimlər vardı? Yenidən açılan istintaqın bu sualları ayrıca araşdırdığı bildirilir.
FETÖ-dən qaçan gözətçi iddiası
İstintaqda adı keçən əsas şəxslərdən biri keçmiş həbsxana əməkdaşı Ferhat Veysi Güldür. Türkiyə mediasında yayılan istintaq məlumatlarına görə, o, hadisə zamanı Kozinoğlunun saxlandığı blokda növbətçi olub, daha sonra FETÖ ilə əlaqəli cinayət işi üzrə ölkədən qaçıb. Bəzi xəbərlərdə təcili yardım çağırışı zamanı radionun səsini artıraraq kömək səslərinin eşidilməsini çətinləşdirdiyi də iddia olunur.

Bu iddia hələ məhkəmə hökmü ilə təsdiqlənməyib. Lakin prokurorluğun onu xaricdəki FETÖ firarisi kimi göstərməsi, yardımın gecikməsi barədə kamera qeydləri və ölümün baş verdiyi blokda xüsusi növbə məsələsi dosyedəki “FETÖ izi”nin birinci qolunu təşkil edir.
İkinci qol isə Kozinoğlunun özünün həbsxanada yazdığı qeydlərdir. Məhkəməyə təqdim etməyə hazırlaşdığı əlyazmalarında o, Odatv dosyesində MİT-dən seçilmiş “günah keçisi” olduğunu bildirir, əsas dəlil kimi göstərilən rəqəmsal qovluğun ona qarşı qurulmuş plan olduğunu yazırdı. O, FETÖ məktəblərindən MİT-ə yüzlərlə kadrın keçirildiyini iddia edir, Orta Asiyadakı şəbəkə və təşkilatın dövlət qurumlarındakı mövqeləri barədə danışacağını göstərirdi.
Bunlar Kozinoğlunun öz iddialarıdır. Lakin onun məhkəmədə ifadə verməyə günlər qalmış ölməsi həmin qeydlərin siyasi çəkisini daha da artırıb.
“Kurtlar Vadisi” gerçəyi əvvəlcədənmi yazdı?
Söhbət serialdakı Sedat Savtakın canlandırdığı “Kazım Kaşifoğlu” obrazından gedir. Obraz 123–139-cu bölümlərdə görünür və keçmiş kəşfiyyatçı kimi təqdim olunur.

10 noyabr 2011-ci ildə yayımlanan 136-cı bölümdə Kaşifoğlu bir kamerada saxlanılır, Polat Alemdarın “hədiyyəsi” kimi Yaşar Ağaya təhvil verilir, döyülür və İlhan adlı obraz ona belə deyir:
“Kaşifoğlu! Əzrailin mənəm. Səni mən öldürəcəyəm!”
Real Kaşif Kozinoğlu 12 noyabrda – iki gün sonra Silivri həbsxanasında öldü.
Burada vacib düzəliş var: sosial şəbəkələrdə bəzən “serial ölüm səhnəsini Kozinoğlunun ölümündən əvvəl göstərmişdi” deyilir. Bu, xronoloji baxımdan doğru deyil. Əvvəl yayımlanan səhnə ölüm hədəsi və döyülmə səhnəsidir. Obrazın faktiki öldürüldüyü 139-cu bölüm isə 8 dekabr 2011-ci ildə, yəni real ölümdən təxminən 26 gün sonra efirə gedib.
Ancaq sonrakı səhnənin detalları istintaq üçün yenə də maraqlıdır. Kaşifoğlu idmandan sonra nəbzinin yüksək olduğunu söyləyir, duş qəbul edir, ardınca “Kara” adlı obraz onun qoluna şprislə hava vuraraq öldürür. Real hadisə barədə ilkin rəsmi məlumatda da Kozinoğlunun idmandan və duşdan sonra fenalaşdığı bildirilmişdi.
Prokurorluq indi ssenaristlərin bu bənzərliyi hansı mənbədən qurduğunu və həmin məlumatın onlara necə çatdığını aydınlaşdırmaq istəyir.
Ssenaristlər: “Təsadüfdür, real həyatla əlaqəsi yoxdur”
Silivri Baş Prokurorluğu serialın ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysanı “məlumat sahibi” qismində çağırıb. Onlar sentyabrın 14-də təxminən iki saat yarım ifadə veriblər. Yayılan ifadəyə görə, ssenaristlər hər hansı şəxs və ya qurumdan göstəriş almadıqlarını, mətnin öz təbii axarı ilə inkişaf etdiyini, bənzərliyin təsadüf olduğunu deyiblər.

Raci Şaşmaz daha geniş izahında “Kurtlar Vadisi”nin açıq mənbələrdən istifadə edərək cəmiyyətin fotoşəklini dram formasına saldığını, Kaşifoğlu obrazının kəşfiyyat daxilindəki qarşıdurmanı göstərmək üçün yaradıldığını bildirib.
O, “legal və ya qeyri-leqal heç bir güc və cinayət mərkəzi ilə əlaqəmiz olmayıb” deyərək FETÖ-nün keçmiş polis rəisi Ali Fuat Yılmazerin ssenariyə müdaxilə etməsi iddiasını da “iftira” adlandırıb və həmin şəxsi tanımadığını söyləyib.
Başqa sözlə, ssenaristlər əlaqəni inkar edir; prokurorluq isə bu inkarın kamera qeydləri, dövrün rabitə və məlumat axını, serialın hazırlıq prosesi ilə uyğun olub-olmadığını yoxlayır. Onların ifadə verməsi hələ şübhəli və ya təqsirləndirilən şəxs olduqları anlamına gəlmir.
Ən qəribəsi: Kozinoğlu özü “Kurtlar Vadisi” barədə MİT hesabatı yazmışdı
Hadisənin dolaşıq və heyrətamiz tərəfi budur: Kaşif Kozinoğlu özü 2000-ci illərin əvvəlində “Kurtlar Vadisi” adlı hesabat hazırlayaraq o vaxtkı MİT rəhbəri Şenkal Atasaguna təqdim etmişdi.

2004-cü ildə “Milliyet”də Tolga Şardan imzası ilə yayımlanan xəbərə əsasən, hesabatda serialın yaradılmasına, personajların prototiplərinə, maliyyələşməsinə və ssenariyə məlumat ötürən dairələrə dair iddialar yer alırdı.
Hesabatda serialın bəzi xətlərinin həbsdə olan Karagümrük qruplaşmasının başçısı Nuri Erginin yönləndirmələri ilə qurulduğu, “Çakır” obrazının Alaattin Çakıcıdan, “Halit” obrazının Nuri Ergindən izlər daşıdığı irəli sürülürdü. Ssenarinin dövlət–mafya–təhlükəsizlik münasibətlərinə aid məlumat mənbələri sırasında o vaxt Jandarma Kəşfiyyat İdarəsi rəisinin müavini olan Hasan Atilla Uğurun adı çəkilirdi.
Maraqlı təsadüfdür ki, Hasan Atilla Uğur illər sonra Silivridə Kozinoğlunun kamera yoldaşı oldu və fenalaşdığı gün ona dilaltı dərman verən şəxs kimi dosyeyə düşdü.

Burada iki ayrı iddianı bir-birinə qarışdırmamaq vacibdir. Kozinoğlunun köhnə hesabatında serialın ilkin dövründə mafioz və təhlükəsizlik çevrələrindən qidalandığı iddia edilirdi. “Serial 2009–2010-cu illərdə FETÖ-nün polis rəhbərlərinin nəzarətinə keçdi” versiyasını isə son günlər Rasim Ozan Kütahyalı və Nedim Şener gündəmə gətiriblər.
“Ssenariyə FETÖ sızmışdı” iddiası kimindir?
Rasim Ozan Kütahyalı açıq çıxışlarında “Kurtlar Vadisi”nin 2009–2010-cu illərdə FETÖ-yə bağlı polis rəhbərlərinin təsiri altına keçdiyini, bu xəttin başında o vaxt İstanbul polisinin kəşfiyyat rəhbərlərindən olan Ali Fuat Yılmazerin dayandığını iddia edib.

O, Kozinoğlunu xatırladan obrazın ssenaridə öldürülməsini də həmin təsirlə əlaqələndirib və hadisəyə şəxsən şahid olduğunu söyləyib.
Jurnalist Nedim Şener TVNET-in “Net Bakış” proqramında bu sözlərin adi televiziya şərhi deyil, istintaq üçün əhəmiyyətli şahid ifadəsi ola biləcəyini bildirib və Silivri prokurorluğunu Kütahyalını dinləməyə çağırıb.

Prokurorluq bundan sonra Rasim Ozan Kütahyalını “məlumat sahibi” qismində ifadəyə çağırıb. Kütahyalı sentyabrın 15-də Silivri Ədliyyəsinə gələrək Kozinoğlunun ölümü, “Kurtlar Vadisi” və “Kurtlar Vadisi Pusu” dövründə şahidi olduğunu dediyi hadisələri danışacağını açıqlayıb.
Lakin hazırkı mərhələdə FETÖ-nün serialın ssenarisinə sızması, konkret səhnələri Ali Fuat Yılmazerin sifariş etməsi və real ölüm barədə əvvəlcədən məlumat ötürülməsi məhkəmə tərəfindən təsdiqlənmiş fakt deyil. Bunlar istintaqın yoxladığı, Kütahyalı və Şenerin ictimai şəkildə irəli sürdüyü versiyalardır. Raci Şaşmaz isə bunların hamısını qətiyyətlə rədd edir.
Türkiyə televiziyaları dosyeni necə təqdim etdi?
Mövzu son günlər Türkiyə telekanallarının əsas müzakirə mövzularından birinə çevrilib. Habertürk TV sentyabrın 14-də Faruk Aksoyun təqdim etdiyi “Nedir Ne Değildir?” proqramını “Kurtlar Vadisi – təsadüfdür, yoxsa qurulmuş plan?” sualı üzərində qurub. Hüquqşünaslar və jurnalistlər serial–istintaq əlaqəsini, məzarın açılmasını və köhnə dosyedəki ziddiyyətləri müzakirə ediblər.
NTV “Kaşif Kozinoğlunun ölümü serialda göstərilmişdimi?” sualı ilə 136 və 139-cu bölümlərin xronologiyasını ekrana gətirib. CNN Türk dosyenin yenidən açılması, məzarın ekspertizası və saxlanılan şəxslər üzərində dayanıb. TRT Haber Nedim Şenerin iştirakı ilə “Kozinoğlu niyə FETÖ-nün hədəfində idi?” xəttini işləyib. A Haber və 24 TV isə həbsxana əməkdaşları, qaçaq FETÖ-çü gözətçi, 29 dəqiqəlik müdaxilə boşluğu və Kozinoğlunun əlyazmalarını önə çıxarıb.
Beləcə Türkiyə mediasında iki əsas yanaşma formalaşıb. Birinci yanaşma ölümü FETÖ-nün Odatv–Ergenekon əməliyyatlarının davamı, Kozinoğlunu isə danışmadan susdurulmuş kəşfiyyatçı kimi təqdim edir. İkinci yanaşma isə 2012-ci ilin məhkəmə-tibb rəyini xatırladır, əvvəlcədən mövcud ürək xəstəliyini və ölümün təbii səbəbdən baş verməsi ehtimalını vurğulayır.
Yeni istintaqın və məhkəmə-tibb ekspertizasının vəzifəsi siyasi mövqelərdən birini seçmək yox, bu iki versiyanı maddi sübutlarla sınamaqdır.
Azərbaycan ayağı: Elçibəyin yanında görünən “Köroğlu”
Kaşif Kozinoğlu Azərbaycan üçün uzaq bir Türkiyə kəşfiyyatçısı deyildi. Türkiyə mətbuatında illərdir təkrarlanan məlumatlara görə, 1992-ci ildə Türkiyə Silahlı Qüvvələrinin 12 nəfərlik Xüsusi Təyinatlı Qüvvələr qrupu Azərbaycana göndərilib. Qrupun rəhbəri mayor Kaşif Kozinoğlu, müavini isə kapitan Levent Göktaş olub.

Onların Azərbaycan Silahlı Qüvvələrinin peşəkar təlim sisteminin, xüsusi təyinatlı bölmələrin və Türkiyə modelinə uyğun hərbi quruculuğun ilkin mərhələsində fəaliyyət göstərdiyi bildirilir. 1994-cü ildə general Engin Alanın bu işi koordinasiya etdiyi yazılır.
Kozinoğlunun həmin illərdə mərhum prezident Əbülfəz Elçibəy və Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Kemal Yılmazla birlikdə çəkilmiş fotosu mövcuddur. Şəklin Naxçıvan istiqamətində və ya sərhəd məntəqəsində çəkildiyi deyilir. Foto onun Elçibəylə təmasda olduğunu göstərən ciddi vizual sənəddir. Türkiyə milliyyətçi çevrələrinin xatirələrində Kozinoğlunun Azərbaycandakı kod adının “Köroğlu” olduğu da geniş yayılıb.
Azərbaycan mediasında son günlər Kozinoğlunun 1993-cü ildə Elçibəyin Bakıdan Naxçıvana təhlükəsiz keçidində rol aldığı iddiası da yayımlanır. Lakin bu konkret detalı təsdiqləyən açıq, ilkin dövlət sənədi və ya birbaşa iştirakçı ifadəsi təqdim edilməyib. Buna görə həmin məlumatı təsdiqlənmiş tarixi fakt kimi deyil, araşdırılmağa ehtiyacı olan iddia kimi qəbul etmək daha doğrudur.

Təsdiqlənə bilən əsas xətt budur: Kozinoğlu 1990-cı illərin əvvəlində Azərbaycanda hərbi təlim və ordu quruculuğu prosesində olub, Elçibəylə eyni kadrda yer alıb və Türkiyədə onun Azərbaycan missiyası haqqında çoxsaylı veteran və jurnalist xatirələri mövcuddur.
Başqa sözlə, Silivridə ölən şəxsin həyatının bir hissəsi Azərbaycan dövlətinin ən ağır, ordunun isə yenidən qurulduğu illərlə bağlıdır.
Cinayət sübuta yetirilibmi?
Xeyr. Bu gün hüquqi baxımdan düzgün ifadə “Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı cinayət istintaqı yenidən başlanıb” cümləsidir. Onun öldürüldüyü, FETÖ-nün bu ölümü təşkil etdiyi və “Kurtlar Vadisi” ssenarisinin cinayətin əvvəlcədən elanı olduğu hələ sübuta yetirilməyib.

Ancaq artıq cavab tələb edən faktlar da az deyil:
Yardım çağırışından tibbi müdaxiləyə qədər 29 dəqiqə niyə itirildi?
Üç rəsmi qurumun saatları niyə bir-birini tutmur?
Xəstə niyə yolda ikinci ambulansa keçirildi?
Kozinoğlunun istədiyi “Coraspirin” və vitamin preparatı ilə bağlı nə baş verdi?
FETÖ işi üzrə firari olan gözətçi niyə məhz onun blokunda idi?
Serial müəllifləri real ölümün idman və duş detalını hadisədən az sonra necə eynilə qurdular?
“Kaşifoğlu” adı həqiqətən təsadüf idimi?
Kozinoğlunun vaxtilə serial barədə yazdığı MİT hesabatı ilə 2011-ci il ssenarisi arasında hər hansı bağ varmı?
İndi bu suallara televiziya şərhçiləri deyil, prokurorluq və ekspertiza cavab verməlidir.

Kaşif Kozinoğlunun hekayəsi bir kəşfiyyatçının ölümündən daha böyükdür. Bir ucunda Elçibəy dövrünün Azərbaycanı, ordumuzun qurulduğu ağır illər və “Köroğlu” ləqəbli türk zabiti; o biri ucunda Silivri, Odatv dosyesi, FETÖ-yə qarşı yazılmış qeydlər və milyonların izlədiyi serial dayanır.
Gerçəklə ssenari arasındakı sərhəd bu qədər incəlibsə, “təsadüf” kəlməsi artıq cavab deyil – yalnız istintaqın başlanğıc nöqtəsidir.
R. A.
Musavat.com




















